Muəllif:

Gənclərə tövsiyə: bax, qız qaçırmaq adəti — adam oğurluğudur

Bəzi adət-ənənələr bizim günlərdə cinayət məsuliyyəti yaratdığından, gənclərimiz bu sahədə daha çox məlumatlandırılmalıdırlar. Bu barədə Trend-ə açıqlamasında MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Deputat bildirib ki, Azərbaycanda qız qaçırmaq problemi ilə bağlı əvvəllər bir sıra diskussiyalar olub. Faktiki olaraq bu, adam oğurluğu kimi qəbul edilir və qanunvericilikdə buna görə ağır cəza sanksiyaları müəyyən edilib:

«İndiki insan alverinə qarşı mübarizə kontekstində bu məsələdə heç bir dönüş gözlənilmir və bu, baş verəsi deyil. Qız qaçırılması məsələsində bəzi hallarda gənclərimiz məlumatsız olurlar və regionlarda belə hallara daha çox yol verirlər. Daha doğrusu, bilmirlər ki, bu, nə dərəcədə ağır nəticələrə gətirib çıxara bilər. Regionlarda, çox ucqar yerlərdə gənclər həqiqətən məlumatlı deyillər ki, evlənmək məqsədilə qız qaçırmaq niyyətləri 8-9 il azadlıqdan məhrum edilmələrinə gətirib çıxara bilər».

Millət vəkilinin sözlərinə görə, bu məsələnin üzərində işləmək lazımdır ki, insanlar məlumatlı olsunlar: «Yəqin ki, bu, hüquqi maarifləndirmə ilə bağlı problemdir və bunu həll edə də bilmirik. Müasir dövrdə yəqin ki, maarifləndirmənin üsulları başqa cür olmalıdır. Burada bizim bildiyimiz ənənəvi maarifləndirmə üsulları yetərli deyil. Bu gün hamı — ictimaiyyət, televiziya, mətbuat hüquqi maarifləndirmədən danışır. Hələ ki, mən hüquqi maarifləndirməni kimin, necə və hansı üsullarla həyata keçirəcəyinə dair elə bir konkret təşəbbüs görməmişəm. Bu boşluq var, amma onun doldurulması ilə bağlı konkret təklif yoxdur. Bu, bəlkə də elə hüquq ictimaiyyətinin borcudur. Amma əgər bununla bağlı iş görmək lazımdırsa, deməli onu maliyyəsiz görmək mümkün deyil».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 391