Muəllif:

Gəncədə DET-AL Alüminium zavodları işə başlayıb

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində DET-AL Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış olub.Bu sənaye kompleksinin təməli 2008-ci ilin martında Prezident İlham Əliyev tərəfindən qoyulub və ötən ilin əvvəlində kompleksin birinci fazası istifadəyə verilmişdir.

Prezident İlham Əliyev ölkədə alüminium sənayesinin inkişafına və DET-AL Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının tikinti və quraşdırma mərhələsi, texnoloji və istehsal prosesləri, məhsulların növü və təyinatı haqqında hazırlanan stendlərə və bu prosesi əks etdirən videoçarxa baxmışdır. Bu kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulmuşdur. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır.

Prezidentı metaltökmə və fasiləsiz yayma zavodunu işə salmış, zavodun fəaliyyəti ilə bağlı stendlərə və maketə baxmış, istehsal prosesini izləmiş və hazır məhsullarla tanış olmuşdur.

Zavodlarda yerüstü sahələrlə yanaşı, texnologiyanın xüsusi tələblərini və texniki təhlükəsizlik qaydalarını əsas tutan, 8-11 metr dərinliyində yerləşən, 8500 kvadratmetr yeraltı istehsal və texniki sahələr də mövcuddur. Yeni tikilən zavodların infrastruktur təminatı sahəsində də bir sıra işlər görülmüşdür. Burada 4 kilometr uzunluğunda yeraltı beton kanallar vasitəsilə yüksək gərginlikli kabel xətləri çəkilmiş, müasir tələblərə cavab verən idarəetmə, məişət və digər köməkçi sahələr tikilmişdir.
İllik 50 min ton gücə malik metaltökmə və fasiləsiz yayma zavodunda 8 əritmə sobası və 4 metalyayma aqreqatı quraşdırılmışdır. Elektroliz vannalarından götürülən maye alüminium metaltökmə və fasiləsiz yayma zavoduna daşınaraq ildə 50 min ton 6-10 millimetr qalınlığında alüminiumdan fasiləsiz tökmə rulonlar və alüminium vərəqələr istehsal ediləcəkdir.

Zavod soyuq yayma və boyama sahələrindən ibarətdir. Yeni istifadəyə veriləcək alüminium yarımfabrikat istehsalı zavodunda üç seriyada müxtəlif markalı yarımfabrikat məhsullar istehsal ediləcəkdir. Həmin məmulatlardan avtomobil, kimya, qida sənayesi, inşaat, elektrik, kommunikasiya və digər sahələrdə geniş istifadə olunacaqdır. Artıq istehsal ediləcək məhsulların ixracı ilə bağlı Türkiyə, İtaliya, Polşa, Misir, Rusiya və Ukrayna kimi ölkələrin şirkətləri ilə danışıqlar aparılır.

Vurğulandı ki, gələcəkdə kompleksdə mövcud alüminium yarımfabrikatlarından son məhsulların istehsalı ilə bağlı işlər görüləcəkdir. Zavodların fəaliyyəti nəticəsində 300-ə yaxın yeni iş yeri açılmışdır. Bütövlükdə «DET-AL Alüminium» Kompleksində 1400 nəfər işlə təmin edilmişdir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1047