Gecələr əli dəyənəkli gənclər peyda olur
Ukrayna səfirliyimiz ölkənin şərq vilayətlərində yaşayan azərbaycanlılara müraciət edib. Səfirliyin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, hazırda ən çox gərginlik və qarşıdurmanın yaşandığı vilayətlər Donetsk və Xarkov vilayətləridir. Hər iki vilayətdə yaşayan əksər azərbaycanlılarla görüş keçirdiklərini deyən A. Osmanov qeyd edib ki, səfirlik azərbaycanlıları mümkün qədər küçələrə çıxmamağa, iğtişaşlardan uzaq durmağa çağırıb: “Bizdə olan məlumata görə, bu əyalətlərdə yerli gənclərdən ibarət dəyənəkli və silahlı qruplar əmələ gəlib və bunlar tez-tez insanlara hücumlar edir, qətllər törədirlər. Ona görə də xüsusilə axşam saat 20-dən sonra azərbaycanlılara evlərindən küçələrə çıxmamaq məsləhət görülüb”.
Osmanov hələlik azərbaycanlılara qarşı təzyiqlər və yaxud hücumların müşahidə olunmadığını bildirir.