Futbolçuların əmək haqlarına limit qoyulacaq
“Klublarda futbolçuların əmək haqlarına limit qoyulacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib. AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran assosiasiya rəhbəri bildirib ki, formalaşmamış futbolçulara bu qədər pul vermək olmaz: “Bizdə çoxlu pul verdiklərindən, xaricə getmək istəmirlər. Rəqabət yoxdursa, niyə gedib Almaniyada oynamalıdır? Kim altdan-altdan pul versə, onları cəzalandıracağıq”.
AFFA prezidenti öz işindən razı olmadığını da ifadə edib: “Öz işimdən razı deyiləm, harada işləmişəmsə, belə olub. Futbolda da belədir. Adekvat nəticələr əldə etməmişik. Futbola yaradılan şəraitlə əldə olunan nəticələr uyğun gəlmir”.
Abdullayev tikilməkdə olan Bakı Olimpiya stadionu ilə bağlı planlarını da açıqlayıb: “Həm 2016-cı il Avropa çempionatının oyunlarını, həm də 2020-ci il Avropa çempionatının oyunlarını Bakı Olimpiya stadionunda keçirməyi düşünürük. Amma hələlik 2015-ci il Avropa Oyunları üçün nəzərdə tutulub. UEFA komissiyası gəldikdən sonra hansı oyunumuzu bu stadionda keçirəcəyimizə qərar verəcəyik”.
Rövnəq Abdullayev düşünür ki, Avropa çempionatına vəsiqə qazanmaq şansımız var. Brifinqdə assosiasiya rəhbəri millimizin AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq imkanının olduğunu söyləyib: “Çətin qrupa düşmüşük. Qrupdan çıxmaq şansımızı 50-nin 50-yə dəyərləndirirəm”.
Abdullayev xarici çempionatlarda top qovan gənc oyunçuların milli komandalarımıza cəlb edilməsinə də münasibət bildirib: “Əgər Almaniya və Türkiyədə çıxış edən gənc oyunçular Azərbaycan millisinin formasını geyinmək istəyirlərsə, niyə də olmasın? Almaniya çempionatının 2-ci divizionunda çıxış edən futbolçuların səviyyəsi bizim birincilikdə oynayanlardan üstündür”.