Frislandda Hollandiya Azərbaycan Evi fəaliyyətə başladı
Bu günlərdə Niderland Krallığında daha bir Azərbaycan təşkilatı fəaliyyətə başladığını elan etdi. “Niderlandın şimal bölgəsində, Frisland (Friesland) əyalətində yaşayan həmyerlilərimizin bir yerə yığışa bilməsi ehtiyacından yarandı təşkilatımız” – deyə Hollandiyada Azərbaycan evi təşkilatının sədri Elxan Mirhəşimli bildirib. Daha sonra Elxan bəy özünün facebook səhifəsində təşkilatla bağlı aşağıdakıları qeyd edib: “Hörmətli dostlar, Hollandiyada muxtəlif adlarda təşkilatlarımız var və hər biri oz gücləri daxilində fəaliyyətdədir. Ancaq Hollandiyanin şimal bölgəsində, Frisland və onun ətrafında yaşayan çoxsaylı həmyerlilərimizi özünde birləşdirən bir təşkilatın olmaması diqqətimi çəkdi ve Frislandda «‘Hollandiya Azərbaycan Evi» adlı təşkilatı yaratmağa qərar verdik. Bu başdan bəyan edirəm ki, məqsədim heç də burdakı təşkilatların sayını artırmaq, kiminləsə rəqabətə girmək və s. deyil. Əksinə, bir çox məsələlərdə birlikdə olmağımızın vacibliyini düşünür və bu yöndə əlimdən gələni etməyə hazıram.
Gördüyünüz kimi təşkilatımızın loqosunda Azərbaycanın və Niderlandın bayarqları təsvir olunub. Qız qalası loqonun mərkəzində, qlobusun üzərində yer alıb və bununla Azərbaycanın dünyadakı yerinə işarə etməyə çalışmışıq. Alovu bilərəkdən qırmızı rəngdə vermişik, Türklüyün rəmzi kimi. Ulduzlar isə Avropa Birliyinin bayrağındakı ulduzların sayı qədərdir.
Loqo barədə qısa olaraq deyə biləcəklərim bu qədər. Maraqlanana geniş məlumat verə bilərəm.
İnanıram ki, Hollandiyada Azərbaycan Evi bu ölkədə yaşayan həmvətənlərimizin hamısının evinə çevrilə biləcək. Birlikdə bizlər çox şeylər edə bilərik.”
Elxan bəylə söhbətimizdə məlum oldu ki, yaxın vaxtlarda Hollandiyada Azərbaycan Evinin rəsmi açlış mərasimi olacaq. “Təşkilatın idarə heyətinin üzvləri, Rövşən Hacıyev və Səid Sədovla bir araya gələrək açılışı mümkün qədər yüksək səviyyədə keçirməyi qərara aldıq. Məqsədimiz Niderlandda yaşayan bütün həmyerlilərimizi bir araya gətirməkdir” – deyə Elxan Mirhəşimli qeyd etdi.