Muəllif:

Fransanın sosial və həmrəy iqtisadiyyatı

Hazırda Fransa Parlamentində müzakirə olunan və xalq təsərrüfatının mühüm sahəsini ön plana çəkən sosial və həmrəy iqtisadiyyat layihəsi ənənəvi iqtisadi sxemlərə siğmayan bir sıra suallara cavab verir.

Sosial və həmrəy iqtisadiyyat saysız-hesabsız strukturlardan ibarətdir, buraya ictimai təşkilatlar, qarşılıqlı yardım assosiasiyaları, kooperativlər, fondlar, inteqrasiya strukturları və s. daxildir. Bu rəngarəngliklə yanaşı bu qurumların birgə inzibati və ümumi idarəetmə, sosial dəyərlər, həmrəylik və əməkdaşlıq naminə gəlirlərin azaldılması, müəssisənin sosial paylarının satışa çıxarılmasına qadağa kimi özünə məxsus fəaliyyət mexanizmi var.

XIX əsrdə meydana gəlmiş sosial və həmrəy iqtisadiyyat ötən əsrin 60-cı illərinədək sosial-assosiativ çərçivə daxilində qalıb. 70-ci illərdə müəyyən dəyişikliyə məruz qalaraq fəaliyyət dairəsi genişlənib. Bu andan etibarən onun qarşısına qoyduğu vəzifələr siyahısına qeyri-bərabərliyə qarşı mübarizə, ətraf mühitin qorunması, imkansızların müdafiəsi, ümummilli inkişaf proqramından kənarda qalmış ərazilərin problemlərinə diqqət yetirmək kimi digər vəzifələr də daxil olub.

Uzun illər boyu sosial və həmrəy iqtisadiyyat tanınılmayıb, diqqət mərkəzindən kənarda qalıb və ona iqtisadiyyatın səxavətli sadəlövh qolu kimi baxılıb. Bu gün isə bu köhnəlmiş ideyaya başqa bir bucaq altında nəzər salınır. Səbəbi – iqtisadiyyatın bu növünün geniş vüsət alması, onu diqqət mərkəzindən kənarda saxlamağın qeyri-mümkün olmasından irəli gəlir. Xəyallar artıq reallığa çevrilib, bu isə həyatda tez-tez baş vermir.

Əvvəllər belə bir ideya hökm sürürdü ki, sosial və həmrəy iqtisadiyyatın gələcəyi yoxdur, amma deyilənlərin əksinə olaraq o, get-gedə müasirləşir və inkişaf edir. Nümunə üçün Monpelyedə fəaliyyət göstərən “Repic” kooperativini göstərmək olar, burada əvvəlcə bu və ya digər layihə üzərində ilkin işlər görülür, sonra onu həyata keçirəcək rəhbər təyin olunur və layihənin həyata keçirilməsi ona həvalə edilir. Güman olunurdu ki, sosial və həmrəy iqtisadiyyatın fəaliyyət dairəsi cüzi olacaq, amma, hal-hazırda o, iri sənaye müəssisələrinə malikdir: Lil şəhərindəki Vitamin T firmasının 3 min, SOS qrupunun 10 min, Kredit Kooperativinin 2 min, Sud Archer müəssisəsinin 1.200 işçisi var. Fransada fəaliyyət göstərən 200 min sosial və həmrəy iqtisadiyyat müəssisələrində iki milyondan artıq muzdlu işçi çalışır, bu isə özəl sektorda çalışan səkkiz nəfərdən biri deməkdir. Bu sektorun fəaliyyəti Ümumi Daxili Məhsulun 10 faizini təşkil edir. Son 10 ildə burada 440 min yeni iş yeri açılıb, bu isə illik 23 faiz artım deməkdir, halbuki ənənəvi sektorda o, yalnız 7 faiz təşkil edib.

Sosial və həmrəy iqtisadiyyat bütün dünyada inkişafdadır və dünya iqtisadiyyatının Ümumi Daxili Məhsulunun 5-10 faizi onun payına düşür. Bu yaxınlarda Manilada sosial və həmrəy iqtisadiyyata dair 5-ci qitələrarası konqres keçirilib. Fransada isə dünyanın 40 ölkəsinin nümayəndələrinin iştirakı ilə Monblan görüşü təşkil olunub. İnkişaf nazirliyinin təşəbbüsü ilə təşkil olunmuş inkişaf və beynəlxalq həmrəylik forumu isə bu sektorda fəaliyyət göstərənlərlə dövlət strukturları arasında fəal dialoq yaratmağa imkan verib.

Sosial və həmrəy iqtisadiyyatın doğurduğu böyük maraq təsadüfi deyil, çünki bu sektorda yaranan ideyalar əhali arasında geniş əks-səda yaradır. Milli Elmi Araşdırmalar İnstitutunun laboratoriyalarından birinin müdiri, iqtisadçı-sosioloq Jan-Lui Laval deyir: “Bu sektor, ən aktual–sosial ədalət, qeyri-bərabərliyə qarşı mübarizə, ətraf mühitin qorunması, ehtiyatların daha dəqiq hesablanması və nəzərə alınması kimi suallara konkret cavablar verir. Artıq hamı etiraf edir ki, sosial və həmrəy iqtisadiyyat həm əhalinin, həm də yerli idarəetmə orqanlarının tələbatını yerinə yetirməyə qadirdir”.

Sual olunur, ola bilərmi ki, hazırki vəziyyət indiyədək iqtisadiyyatda hökmranlıq edən cütlüyün, yəni, dövlət və özəl sektorlarının sonu olsun? Hər halda əvvəlkinə nisbətən indi vətəndaş cəmiyyətinin ehtiyacları daha yaxından nəzərə alınır. Hazırda müzakirə olunan qanun layihəsinin məqsədi sosial iqtisadiyyatın inkişafına yardım göstərməkdir, daha dəqiq desək, onun maliyyələşdirilməsini daha da asanlaşdırmaqdır. Dövlət İnvestisiya bankı üçün bu strateji gələcəyə malik olan bir sektordur və bank ona 500 milyon avro kredit ayırmağı nəzərdə tutur.

Silvi Toma

Fransada sosial və həmrəy iqtisadiyyat rəqəmlərlə

— müəssisələrin sayı -200.000

— işçilərin sayı – 2.000.000

— Ümumi Daxili Məhsulda çəkisi — 10 faiz

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 259