Firəngiz Şərifova həyata vida etdi
Firəngiz Şərifova 1941-ci ildə ailəsinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə 8 yaşında «Oqtay Eloğlu»nda Sevər və bir az sonra «Sevil»də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub, daha sonra Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. Firəngiz Şərifova 1960-cı il mayın 5-də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib. 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və uzun illər burada çalışıb.
Firəngiz Abbasmirzə qızı Şərifzadə milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə 24 may 1960-cı ildə Azərbaycan SSR-in əməkdar artisti, 25 dekabr 1969-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. O, Musiqili Komediya Teatrında Gülçöhrə («Arşın mal alan», Üzeyir bəy Hacıbəyli), Durna («Durna», dramaturq Süleyman Rüstəm və bəstəkar Səid Rüstəmov), Ulduz («Ulduz», dramaturq Sabit Rəhman və bəstəkar Süleyman Ələsgərov), Keto («Keto və Kote», Vladimir Dolidze), Bayadera («Bayadera», İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata («Qış nağılı», Vilyam Şekspir), Həcər («Qaçaq Nəbi», Süleyman Rüstəm), Rəfiqə Rəhimli («Alov», Mehdi Hüseyn), Ket («Gözəllik və sevgi adası» («Afrodita adası», Aleksis Parnis), Erfila («Dəlilər», Lope de Veqa), Gülgün («Od gəlini», Cəfər Cabbarlı), Gənc Tamaşaçılar Teatrında Gülzar («Tamahkar», Süleyman Sani Axundov), Kraliça («Qarlar Kraliçası», Hans Xristian Andersen), Zənci qadın Darotti («Tom dayının koması», Biçer Stou), Aqadaya Tixonovna («Evlənmə», Nikolay Qoqol), Sərvinaz («Aqil və Sərvinaz», Əyyub Abbasov), Mətanət («Çiçəkii dağ», Məmmədhüseyn Təhmasib), Julyar («İki veronalı», Vilyam Şekspir), Gülbahar («Anacan», Yusif Əzimzadə), Yasəmən («Qaraca qız», Abdulla Şaiq), Şərəfnisə («Müsyö Jordan və dərviş Məstəli şah», Mirzə Fətəli Axundzadə), Zerbinetta («Skapenin kələkləri», Jan Batist Molyer), Yaqut («Yaşar», Cəfər Cabbarlı), Ceınına («Ovod», Etil Voyniç), Fitnə, Ana Vətən, («Fitnə» və «E1 oğlu», Abdulla Şaiq), Məhsəti Gəncəvi («Rübailər aləmində», Məmmədhüseyn Təhmasib), Yetər («Hacı Qəmbər», Nəcəf bəy Vəzirov), Beatriça Rasponi («İki ağanın bir nökəri», Karlo Haldoni), Həmidə («Keçən ilin son gecəsi», Anar), Qızyetər («Komsomol poeması», İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında), Mədinə, Ağabəyim («Mənim nəğməkar bibim» və «Yazığam, sevmə məni», Əkrəm Əylisli), Təhminə («Söhrab və Rüstəm», İsgəndər Coşqun. Firdovsinin «Şahnamə» poeması əsasında), Ayşa Ana («Fudzi dağında qonaqlıq», Çingiz Aytmatov və Kaltey Məhəmmədcanov), Məşədixanım («Ağ dəvə», Elçin) kimi maraqlı rollar oynayıb.
Firəngiz Şərifova gənc yaşlarından başlayaraq «Azərbaycanfilm» kinostudiyasında istehsal olunan «Qaraca qız» (Yasəmən), «Bir ailəlik bağ evi» (Ana), «Bayquş gələndə» (Nənə), «Qərib cinlər ölkəsində (Tükəz), «Qətl günü» (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib.
Firəngiz Şərifova Eurovision-2011 mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımovun nənəsidir.
Mərhumla vida mərasimi bu gün 14:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək.