Fidan Hacıyevanın “King`s Place”də solo konserti olacaq
Əməkdar artisti Fidan Hacıyeva martın 7-də Londonda “King`s Place” incəsənət mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Hacıyeva bu barədə APA-ya danışarkən deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu və Azərbaycanın Böyük Britaniya səfirliyinin dəstəyi ilə keçiriləcək konsert “Baharın səsi” adlanacaq:
“Londonda solo konsert proqramı ilə çıxış etmək mənim çoxdankı istəyim idi. Bu təşəbbüsü Mədəniyyət və Turizm Nazirliyi və Londonda yaşayan azərbaycanlılar da dəstəklədilər. Repertuarda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin və başqa böyük bəstəkarlarımızın əsərləri ilə yanaşı, dünya musiqi nümunələri və bizim xalq mahnıları da yer alacaq. Konsertdə Azərbaycanın İngiltərədəki səfirliyinin əməkdaşları, diaspor nümayəndələri iştirak edəcəklər”.
Hacıyeva əlavə edib ki, konsert proqramında onu pianoçu Zülfiyyə Sadıqova müşayiət edəcək.