Əvəz Zeynallıdan əvvəl
Milli Məclisin üzvü İlyas İsmayılov Prezident İlham Əliyevdən xahiş edib ki, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı 2 il yarım həbsxanada oturduqdan sonra onu azad etsin, çünki jurnalistin günahı heç məhkəmədə də sübuta yetirilməyib, cəzası həddən artıq ağır olub.
Bunu Azərbaycan Respublikanın keçmiş baş prokuroru, keçmiş Ədliyyə naziri, hüquq elmləri doktoru deyir!
Bir çox möcüzələr həyatda təkrarlana-təkrarlana adiləşir, dəyərlər tapdana-tapdana ucuzlaşır.
İlyas İsmayılov hüquqi məsələlərlə bağlı rəy bildirəndə mənbənin mötəbərliyi sual doğurmur. Onun bəyanatının siyasi qərəz mahiyyəti daşımadığına əminəm, ən azı ona görə ki, İlyas İsmayılov müxalifətçidən çox, öz fikri olan və bu fikri söyləməkdən çəkinməyən savadlı, təcrübəli mütəxəssis təsiri bağışlayır. Əvəz Zeynallı ilə hər hansı «gizli bağlılığı» olduğundan şübhələnməyə isə heç bir əsasım yoxdur.
İndi keçmiş baş prokuror və ədliyyə nazirinin müraciətinə bu cəmiyyətin, bu hökumətin göstərəcəyi münasibət mənim üçün çox maraqlıdır.
Əvəz Zeynallı və onun «Xural»ına xüsusi simpatiyam olmayıb və bunu özü də bilir. Amma Əvəz Zeynallının həbsi Azərbaycanda jurnalistlərə qarşı son 10 ilin ən böyük qanunsuzluqlarından və ədalətsizliklərdən biridir. Bu əhvalat az qala, yarıgülməli, yarıağlamalı bir lətifəyə çevrilib. Həftəlik qəzetin redaktoru «külli miqdarda rüşvət almağa», «vergidən yayınmağa görə» 9 il həbs cəzası alıb. Tezliklə məlum olub ki, ona qarşı ittiham irəli sürən və prosesin başlıca iştirakçılarından olan millət vəkili özü cinayətkarmış. «Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirirmiş», «ağır cinayəti gizlədirmiş». Və dağ boyda Milli Məclisin üzvünün bu yekəlikdə günahlarının çəkisi xırda bir nəşrin baş yazarının məsuliyyətindən üç dəfə yüngül imiş.
Təəssüf ki, Əvəz Zeynallını zindana göndərənlər öz məqsədlərini həyata keçirmək üçün təkcə «etibardan sui-istifadə edərək özgənin əmlakını külli miqdarda ələ keçirən» bir şəxsin xidmətlərindən yararlanmayıblar. Zeynallının həbsi ərəfəsində bəzilərinin «Redaktorlar birliyi» adlandırdığı müəmmalı qurumun fəallaşdığının, həbsdən sonra isə qınına çəkildiyinin təsadüf olduğuna özümü heç cür inandıra bilmirəm.
Bu gün Azərbaycanda jurnalistlərin, həddi-büluğa yenicə yetmiş bloqerlərin həbsinə, onların peşəsinə aid olmayan ittihamlarla (xuliqanlıq, uyuşdurucu alveri, vergidən yayınma) tutulub ağır cinayət törədən millət vəkillərindən, məmurlardan qat-qat böyük cəzalara məhkum edilməsinə öyrəşmiş kimiyik. İlyas İsmayılovun müraciəti gündəmə gəlməsəydi, yəqin, mən bu yazını yazmayacaqdım. Elçin Şıxlının bir neçə ay əvvəl dərc edilmiş məqaləsini də təzədən xatırlamayacaqdım. Elçin yazır ki, «jurnalistlərə atəş açıblar, onları döyüblər, öldürüblər, təhqir ediblər, onlara nifrət bəsləyiblər, onlardan informasiya gizlədiblər, amma gördükləri işin məğzini həmişə başa düşüblər. Məmurların təzyiqi ilə üzləşən, əzişdirilən və həbs olunan jurnalistlər haqda məlumatlar o qədər adiləşib ki, belə baxanda, onlara öyrəşmək vaxtıdır. Amma alınmır. Çünki indi biz elə bir tendensiyanın şahidiyik ki, onun təsiri ictimai şüurda anomal təsəvvür formalaşdırır. Həmin təsəvvürə görə, qeyri-standart, etiraz ifadə edən fikir daşıyıcısı olan şəxsə, həmçinin jurnalistə, ancaq o halda qulaq asmağa dəyər ki, bu adamın adı ziyançəkənlərin siyahısına düşsün, yaxşı olar ki, zindan həyatı da görsün. Lap Mahatma Qandi dediyi kimi:»İstənilən vicdanlı adam ömrünün azı iki ilini həbsxanada keçirməlidir»… Buna görə, içimdə narahatlıq, elə vaxtın gələcəyini gözləyirəm ki, bir jurnalist kimi, mən də zindan həyatı görmədiyim üçün ictimai rəydə özümə haqq qazandırmağa məcbur olacağam».
[email protected]