Əsl məhəbbətin gücü qarşısında ölüm geri çəkilir…
«Xəstə idim, ölümü gözləyirdim. Hər gün ölüb dirilir, o ağrılara təkrar-təkrar dözməli olurdum.
Bəzən mənə elə gəlirdi ki, bu ağrılar mənim həyatda olmağımın yeganə sübutudur.
Ümidsizlik uçurumuna yuvarlanmışdım, çabalayır, ordan çıxmağa çalışırdım, insan sevgisinin zorla közərən atəşi məni çəkib aparırdı, amma haraya — bilmirdim…
Var gücümlə mübarizə aparır, təkrar-təkrar məğlubiyyətə düçar olur, ümidsizliyə qapılırdım, ancaq yenə də güclünün rəhminə təslim olmurdum.
Çünki məndən güclü yalnız bir şey vardı — o da ölümdü.»
Bu monoloq–xitab istedadlı qazax yazıçısı və ədəbiyyatşünası Nemət Kelimbetovun «Ümidimi itirmək istəmirəm» povest-monoloqunun başlanğıcından götürülüb.Əsərin müəllifi povest-monoloqda ruhi və cismani əzablarla dolu olan həyatındakı ağrı-acılı fraqmentləri qələmə alıb. Nemat Kelimbetov bu əsəri onu ölümün caynağından alıb, həyata qaytaran fədakar və sədaqətli türk qadını — həyat yoldaşı Kuanışa ithaf edib.
Əsərdə qəflətən qəzavü-qədərin gətirdiyi xəstəlikdən bədəni iflic olan,cəmi bir ilə yaxın ömrü qalan 35 yaşlı bir cavanın həyat tarixçəsindən bəhs olunur. Bütün məhrumiyyət və uğursuzluqlara rəğmən o yaşamaq istəyir,yaşamaq uğrunda mücadilə aparır. Aradan illər keçəndən sonra sağlam həyat tərzinə qayıda bilir.Buna o güclü həyat eşqi,möhkəm xarakteri və həyat yoldaşının ona olan sonsuz sevgisi sayəsində nail olur.
Əsərin qəhrəmanlarının həyatda prototipləri var. Biri yazıçının özü , digəri onun həyat yoldaşı. Əsəri avtobioqrafik də adlandırmaq olar,sənədli də. Nədən sənədli? Çünki orada müəllifin özünün həyata, gələçəyə tükənməz inamı ilə bağlı yaşadığı gerçək,həqiqi hisslər əks olunur.
Bundan sonra mən necə yaşayacağam? Ercan özünə etirafını bu sualla başlayır. Gözlərimiz önündə bu qazax ziyalısının 35 ildəki həyatı ötüb keçir. Kənddə keçirdiyi qayğısız uşaqlıq çağları, duzlu-şirinli tələbəlik illəri xoşbəxt evlilik həyatı, Gövhər, iki balaca oğlu. O illərdə necə bəxtəvər, qayğısız idi. Sevib seçdiyi Gövhər ona görə institutu atmışdı, onun bir sözünü heç zaman iki eləməmişdi. Amma o Gövhərə uzaq səfərlər, növbənöv hədiyyələr, firavan həyat və bu kimi söz verdiyi vədləri yerinə yetirməmişdi. Ona heç düz-əməlli nişan üzüyü də almamışdı. Amma Gövhər bunu heç zaman nə xatırlatmış, nə də üstünü vurmuşdu.
O həyatında heç kimə borclu qalmamışdı. Tək Gövhərdən savayı. Bundan sonra həyatını ona həsr edəcək, ona verdiyi vədləri yerinə yetirəcək.O, həm də iki oğlunu böyütməli, himayə edib ayağa qaldırmalı,onlara arxa olmalı idi.Özünün dediyi kimi onun ölməyə ixtiyarı yox idi.
Bu 10 ildə insanın tab gəitrə bilməyəcəyi ağrı, acılar çəkmişdi.
Əslində həyatın ona çəkdirdiyi bütün bu iztirab və sarsıntılardan sonra, o sərtləşib,vahiməyə düşüb sınmalıydı,eləcə də həyatdan əl üzüb özünə qapana da bilərdi. Amma belə olmadı. O həyatdakı bütün ümidsizliklərə baxmayaraq öz gücünə inandı,özünə güvəndi. Həyatını yaşamağa və həyat sevincini duymağa davam etdi. Hər şeyə rəğmən özündə yeni qüvvə tapdı,həyatına yenidən davam etdi.
Ölüm yatağında olanda belə yenə Gövhəri düşünürdü. — ” Birdən bəxtim gətirməsə, xəstəxanadan sağ çıxmasam, onda necə? Doğrudanmı, onda mən sənin gözündə əbədi olaraq soyuq,hissiyatsız, eqoist, bir adam olaraq qalacam?
Mən bu vəziyyətlə barışmaq istəmirəm.”
Povest-monoloq insan və onun həyat fəlsəfəsi konsepsiyası üzərində qurulub. Xeyirlə şərin mübarizəsi ilə bağlı əsərdə maraqlı bir epizodla rastlaşırıq.
Bəkir adlı bir xudpəsənd qohumu Ercana “ürəyi yananlıq” edib demişdi ki, “başına gələn bu bəla sənin sonun deməkdir. Belə situasiyalarda gərək çəsarətli olasan. Bu yaxınlarda bir oğlan səninkinə bənzər, sənin kimi çox ağır vəziyyətə düşmüşdü. Amma o, bu vəziyyətdən ən düzgün çıxış yolunu tapdı, özünü asdı.
Bu cəsarətli hərəkəti ilə bütün problemləri dərhal həll etdi. İnsan bəzən öz məğlubiyyətini dərk edə bilmir, qəzaya uğradığını hiss eləmir.”
Bu dedikləri azmış kimi Ercanın düçar olduğu xəstəlik ucbatından düşdüyü ağır vəziyyətdən istifadə edir.Və onu birdəfəlik sarsıtmaq, həyat eşqini söndürmək üçün bu tamahkar və rəzil insan sözünə belə yekun vurur. ” — Aydındır,sənin buna cəsarətin çatmaz. Ay yazıq, sən artıq heç kimə lazım deyilsən! Bir özün fikirləş, sənin burda canlı meyit kimi uzanıb qalmağının kimə xeyri var?!…
Ercansa bilirdi ki, danışmağa başlayıb, onunla mübahisəyə girişsə, bu murdar adama daha iyrənc çətinliklərə əl atmaq üçün yeni bəhanələr vermiş olacaq. Elə buna görə də onu qovmamış, özlüyündə belə düşünmüşdü: ”Sən sadəcə zahirən sağlam, möhkəm görünürsən. Daxilən çoxdan çürümüsən. Çoxdan ölüsən! Mən yataq xəstəsi olsam da, ruhən çox güclüyəm. Dünyada baş verənlərə sevinirəm. İnsanın xoşbəxtliyinin nə olduğunu yaxşı bilirəm. Ürəyim yerindədir.Əl-ayağım işləməsə də, canlı insanam. Mən bu dünyanı sənin kimi canlı ölüdən yaxşı görür, yaxşı duyuram!”
Povest boyu yazıçı insan, onun taleyi, mövcudluq, həyat haqqında həqiqəti üzə çıxarmaq istəyir.
Müharibədən iki çəliklə geri dönən atası yorulmaq bilmədən kətmənlə bağ-bostanda çalışırdı. Altı uşaq olsalar da, valideyinləri sonralar Leninqrad blokadasından evakuasiya və Qafqazdan deportə olunmuş on uşağa da sahib durub onları qanadları altına almışdılar. Bu qədər uşağı yedirmək, geyindirmək və sağlam böyütmək üçün ata- ananın gecə -gündüzü yox idi. Üstəlik də iki otaqlı evə güclə yerləşə bilirdilər. Ercan ağır müharibə illərinin uşağı idi. Həyatın çətin üzünü hələ kiçik yaşlarından görmüşdü. Amma heç zaman indi olduğu kimi çıxılmaz duruma düşməmişdi.
Əsərdə Ercan dayısından söhbət açır. Müharibədə ayaqlarını itirən və primitiv əlil arabası ilə hərəkət edən dayısı kənd əhlinin tələbini ödəyən həsir zənbillər və s. düzəldirdi.Pula ehtiyacı olduğu halda onları satmır, bağışlayırdı. Kənddə onun böyük hörməti vardı. Dayısı bir dəfə onu bərk təəcübləndirir. Bir gün yaz ayının ortalarında Laləli deyilən və kənddən xeyli aralıdakı çöldə yaşıl otlaqların arasında güclə sezilən bir nəfəri görür. Diqqətlə baxıb onu tanıyır. Qan-tər içində yaz çiçəklərini toplayan adam onun dayısı idi. Geri dönəndə bərabər dayısıgilə gəlirlər. Evə qayıdanda gülləri suya qoyurlar. Dayısı vanna otağına keçib yuyunur,üzünü qırxır. Üstəlik qəşəng bir köynək geyib geri qayıdır.Ercan onun harasa gedəcəyi ilə maraqlananda o heç nə demir. Beləcə bərabər otururlar. Dayısının yoldaşı işdən qayıdanda hər şeyi başa düşür. Sən demə həyat yoldaşının o gün doğum günü imiş…O gülləri dərib yığmağı kiməsə tapşıra bilərdi. Amma qan-tərə batıb əziyyətlə yığdığı çiçəkləri, özü toplamışdı. Bunun ayrı mənası vardı…
Əsərdə romantik bir səhnə ilə qarşılaşırıq.Povestin qəhrəmanı Ercan səhər erkəndən günəşin çıxmasını seyr edir.Təbiətin bəxş etdiyi o ecazkar gözəllikdən vəcdə gəlir, duyğularını Gövhərlə bölüşür; “ Gövhər! Biz səhərin açılmağına, günəşin doğmağına sevinirikmi? Əgər sevinmiriksə onda özümüzü ən gözəl anlardan məhrum etmiş oluruq. Səma üzərində qızıl şəfəqlərin necə doğduğuna tamaşa edərkən alınan həzz heç nə ilə müqayisə edilə bilməz. Mən bunu ilk dəfə o gecə dərk etdim. Gündəlik qayğılar başımızı o qədər qatır ki, həyatda var olan bir çox ecazkar, gözəl şeyləri gözdən qaçırırıq.”
Ətrafımızdakı adi bir şeylərdən, təbiət gözəlliklərindən duyğulanıb zövq almaq, onu ilham mənbəyinə çevirmək hər insana nəsib olmur. Gözəlliyi görmək,duymaq,ondan həzz almaq qabiliyəti görünür hamı da eyni olmur.Və bu həzzi günboyu yaşatmaq, onu enerji mənbəyinə çevirmək az adamın payına düşür.
İnsanlar sahib olduqları nə varsa,onu itirəndən sonra dəyərini anlayırlar. Bunu gec dərk edirik, sonunda bu çox kədərli olur. Ercan da müdrikcəsinə belə düşünür” ölüm ərəfəsində həyatın necə vaz keçilməz olduğunu anlayarkən duyduğun kədər qədər acı şey yoxdur.Bu barədə düşünəndə içim sıxılır, ürəyim ağrı-acı ilə dolur. Bütün bunlara baxmayaraq həyatın nə olduğunu anlamaq üçün xoşbəxtəm, bunu gec də olsa başa düşdüm.
Ercan şekspirsayağı “olum və ölüm” dilemması konusunda “ Ölmək çətin deyil,yaşamaq çətindir” söyləyib monoloqunu belə davam etdirir.
-Həyatdan qaçanların özləri özlərinə ən ağır cəzanı verməyiblərmi?
Bu əsərin qəhrəmanının prototipi yazıçının özüdür və o həyatda hər şeydən öncə özünü qurub-yaratmağa çalışan bir nasirdir. Müəllifin hər bir cümləsində onun həyat haqqında düşüncəsi dayanır, mətn boyunca qabarıqlaşır. Əsərə bir az hissi-emosional, həm də dərindən baxdıqda idrakla duyğunun vəhdətini hiss edirsən.
Ercanın gəldyi qənaətə görə, bəzən insan özünün kim olduğunu bilmir. Ercan etiraf edir ki,özünün kim olduğunu yalnız “ Sabah əməliyyat olunacaqsan”sözlərini eşidəndən sonra anlayıb… “Özünü yaxşı tanımaq üçün ciddi sınaqlardan keçmək lazımdır. Dəmirin nə keyfiyyətdə olduğunu yalnız onu oddan,sınaqdan keçirdikdən sonra bilirlər.”
Ercan üzünü oxucuya tutub belə bir sual verir. Fantaziyasız yaşamaq olarmı? Bu sualı özü çox dolğun cavablandırır.” Məhz arzularımız bizi böyük əməllərə,böyük işlər görməyə ruhlandırır,bizi irəliyə aparır. İnsan ta qədimdən göydəki ulduzlara çan atmasaydı, uzaq planetlərə ayaq basmağı arzulamasaydı, belə səyahətlər haqqında maraqlı əsərlər yaratmasaydı bu gün raketlər, kosmik gəmilər uçardımı?…
Arzu insanın qanadıdır. Bəs nə üçün biz böyüyəndən sonra daha xəyala dalmaq istəmirik. Əksinə, fantaziyalara qapılan insanları lağa qoyur, onları avam, sarsaq hesab edirik…Axı, mədəniyyətin əldə etdiyi nailiyyətlər əslində insan fantaziyasının məhsuludur.”
Doğrudan da yaşadığımız informasiya əsrində biz arzularımızın əlindən tutub xəyallara dalmağa vaxt tapmırıq. Arzuları gerçəkləşdirmək üçünsə səmavi pilləkənlərə qədəm qoyurmuş kimi hər an ona daha da yaxınlaşmaq yollarını yadırğamışıq.
Ercan kəşfləri ilə bütün dünyanı heyrətə gətirən Henrix Şlimandan belə bir örnək gətirir. Səkkiz yaşlı Henri anasına söz verib, and içir ki, — ana,mən hökmən qədim Troyanı axtarıb tapacam! O vaxt onun bu sözünə heç kəs ciddi yanaşmayıb, ancaq bu uşaq böyüyüb arzusunu və sözünü gerçəkləşdirib.
Müəllifi bu əsəri yazmağa vadar edən nə idi görəsən? (Bu povest-monoloq yazıçının ilk bədii qələm təcrübəsidir — P.M.) Ercan xəstəxanada həyatın dəhşətli burulğanına düşüb, uzun müddət yataqda hərəkətsiz qalanda çox adamlarla tanış olur. O da özünü o cür yatağa məhkum hiss edirdi. Özü bu haqda yazacaqdı; ”Bir gün anladım ki, mən bu insanlar haqda yazmalıyam. Onların hədsiz cəsarətlərini, sarsılmaz iradələrini açıb göstərməliyəm.
Bəli hökmən yazmaq lazımdır!”
Təbii ki, müəllifin özü də haqqında yazacağı bu insanlardan biri idi.
Müəllifin o zaman yenicə başladığı yazıçılıqla bağlı yazdığı fikirlər çox maraqlıdı. Kim anadan dərhal yazıçı, daha doğrusu usta doğulub. Nemat Kelimbetova görə heç kim anadan dərhal yazıçı,daha doğrusu usta doğulmayıb; ”Ustalıq –çoxlarına nəsib olmayan dərkedilməz bir sirdir.Əgər dilimizin lüğət tərkibində “yazıçı” sözü olmasaydı,onun əvəzinə “söz ustası”, “dil zərgəri” ifadələrini işlədərdik.
Kitabı oxuduqca müəllifin fəlsəfi fikirlərinə, aforizmsayağı deyimlərinə heyran qalmamaq, həm də onunla razılaşmamaq olmur.
“Bir manat oğurlayana oğru deyirik,onu rüsvay edirik, cəzalandırırıq. Düz də eləyirik! Oğurluq eləmək olmaz! Ancaq vaxtımızı oğurlayanları oğru hesab etmirik, buna görə onlara gözün üstə qaşın var” da demirik. Amma dərindən fikirləşəndə oğurlanmış pulu da, əşyanı da geri almaq, yaxud əvəzini ödəmək mümkündür. Ancaq oğurlanmış vaxtı heç cür geri ala bilməzsən. Havayı yerə demirlər ki, itirdiyin bir günün yerini bir ilə doldura bilməzsən.”
Nemət Kelimbetov özünəməxsus təhkiyəsi ilə dünyanın, yaşamın fəlsəfi dərkinə, çözümünə yönəlmiş çox oxunaqlı bir həyat tarixçəsini yazıb. Sonucda da həyat həqiqətlərini –yaşadıqlarını ibrət ola biləcək, düşündürəcək şəkildə çatdırır.
Bu baxımdan da kitabda aforizm xarakteri daşıyan fikirlər,çümlələr çoxdur.Kitabın ayrı-ayrı hissələrində sevgi, nifrət, səxavətlilik, təvazökarlıq, hiyləgərlik,inam, həyatın qanunları kimi xüsusiyyətlər barədə dərin fəlsəfi düşüncələrə rast gəlmək olar. Onlarda bəzilərini örnək kimi vermək yəqin yerinə düşərdi.
— İnam — böyük qüvvədir.
— Yalnız öz gücünə inanan insan arzusuna nail ola,bu yolda ən yüksək zirvələri fəth edə bilər.
— Kim bu dünyada özünə güvənən, özünə inanan insandan güclü ola bilər.
— Əgər mən özümə inanmasaydım, həyata bu qədər bağlı olardımmı?
— İnsan ürəkdən bağlanmadığı bir şeyi həqiqətən sevə bilməz.
— Bir insanı, onun yaşadığı dünyadan ayrı sevmək olmaz.
— Bir damcı suda bütün dünya okeanı əks olunur.
— İnsan öz iradəsini idarə etməli, vicdanın səsinə qulaq asmalıdır
— Adi, gündəlik hadisələrin inam hissiyyatını korşaltmasına imkan vermək olmaz. Onları daim yeniləmək lazımdır, yoxsa dünyanı bir rəngdə görməyə vərdiş edər, heç nəyə heyran qala,təəccüblənə bilmərik.
— Heyran qalmalı, təəccüblənməli bir şey yoxdursa, yaşamağa dəyərmi?
Nemat Kelimbetov bu povest-monoloqda oxucusuna ünvanlamaq istədiyi mesajı çatdırmağa çalışır. Mesaj isə belədir: İnsan öz təxəyyülünü materiyaya çevirə bilər. Yəni insan istəsə əlçatmaz görünən hər şeyə çata bilər. Bu sənədli povestin sonunda biz möcüzə ilə qarşılaşırıq. Nemat Kelimbetov özünün yaşadığı həyat hekayətində göstərdi ki,mümkün olmayan heç nə yoxdu.
“Ümidimi itirmək istəmirəm” povest-monoloqu dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Azərbaycan dilinə isə 2013-cü ildə tanınmış tərcüməçi Tehran Vəliyev çevirmişdir.
İlk bədii əsərini Nemət Kelimbetov 1981-ci ildə qələmə alıb. Onun ”Mən kasıb deyiləm, amma kədərliyəm”, “Həyat nəhri”,”Oğluma məktub”, “İxtiyarlar”, “Heç vaxt təslim olma” və digər əsərləri var. Bundan başqa o tərcüməçilik fəaliyyəti ilə də məşğul olur. Qazax dilinə 10-dan artıq əsər çevirib. Ukraynalı yazıçı Vasili Kozaçenkonun İldırım”, özbək yazıçıları Səid Əhmədin ”Horizont”, Primqul Qadirovun “Ulduzlu gecələr” bu sıradandır.
» Oğluma məktublar » essesi yalnız oğluna deyil, mənsub olduğu xalqın bütün oğularına ünvanlanıb.
Qəlbi riqqətə gətirən bu essedə Nemət Kelımbetov başda ana-ata olmaqla hər insan övladının tarixi kökü mənasında işlənən ” yeddi arxa dönəni” , kişilik şərəfi və ləyaqəti, nəsillərin salnaməsi, onun davamlılığı və ailə bağlarının önəmliyindən bəhs edir.
Onun söhbət-dialoq şəklində yazılmış “Qısqanclıq” adlı kitabında qısqanclıq, paxıllıq kimi mənfi keyfiyyətlərdən bəhs olunur. Başqasının yaşayışına, var-dövlətinə və s. qısqanclıqla yanaşmaq yaxşı hal sayılmır, çünki ömür o qədər gödəkdir və onu belə pis keyfiyyətlərə sərf etməyə dəyməz.
“İxtiyarlar” esssində Kelimbetov yaşın dəqiq fəlsəfi təyinatını verir. Qoca, ixtiyar, ağsaqqal arasında fərq yalnız yaşlamı ölçülür? Hər bir yaşlı adam ağsaqqal adlandırıla bilərmi? Essede bu məsələ qoyulur.
2010-cu ilin oktyabrında ölümündən bir müddət əvvəl onun yaradıcılığına dünya ictimaiyyəti tərəfindən dəyər veridi . Nemət Kelımbetov Franz Kafka adına Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görüldü.
Nemət Kelimbetovun adı Qazaxıstanın elm adamlarının içində də iftixarla çəkilir . O əski türk yazılı ədəbiyyatını öz ölkəsində ilk dəfə araşdıran alimlərdəndir. Onun əski türk ədəbi abidələrinə aid onlarla monoqrafiyası var.”Əski türk poeziyası ənənələrinin Qazax ədəbiyyatında izləri”, “Qazax ədəbiyyatının qaynaqları”, “Qədim dünya ədəbiyyatı” , “Qədim ədəbiyyat abidələri” və b. bu sıradandır. Nemat Kelimbetov Qazax ədəbiyyatının köklərinin saka və hunların zamanından başlamasını elmi əsaslarla göstərə bilib..Bunula o Qazax ədəbiyyatının b. e.ə. YIII əsrdə deyil,ondan da min il əvvəl yarandığını sübuta yetirib. Məhz elə bu yetənəkliyinə görə türk sərkərdəsinin adını daşıyan “Gültəkin” ödülünə layiq görülüb.