Ərzaq diversantlarının cövlan etdiyi məmləkət
Xaçmazda «at-eşşək qəbiristanlığı» ilə bağlı polisin apardığı araşdırmadan nə nəticə hasil olunduğu barədə bir xəbər yoxdur. Olmayacaq da, məncə. Çünki hələ bir neçə ay öncə Aran rayonlarında da buna bənzər halın üstü açılmışdı, lakin nəticəsi barədə ictimaiyyətə bilgi verilmədi. O əsnada bir tanışım şikayətlənirdi ki, «oğlu o tərəflərdə polisdə işləyir, zabitdir, uşağın günü-güzəranı yoxdur, at-eşşək kəsib, ətini haralarasa xırıd edənlərin öhdəsindən günlərdir-həftələrdir gələ bilmirlər…».
Bu kimi işlərin üstü açılmır, çünki çirkli olsa da, gəlirli biznes sahəsi ilə bağlı olan məsələdir, onlar isə elə-belə — istənilən vaxt diş batırılası adamlar deyillər. Pul varsa, istənilən məmurun ağzını yumdurmağa, yeni ifadə ilə desək, çənəsini qapatmağa nə var?
Fikir verdinizsə, Xaçmazda aşkarlanan bu müəmmalı qəbiristanlıqda heyvanların skeleti yerində idi, deməli, əti sümükdən ayrılıb. Niyə? Sümüyə baxıb ətin mənşəyini müəyyən etmək çətin deyil. Əti səliqə ilə sümükdən ayırıblar — kolbasa üçün tədarükü göz önündədir.
Supermarketlərdə satılan yerli kolbasaların az qala hamısının üstündə «halal» sözü yazılıb… Reklam da edilir.
Kənd əhalisinin bir praktikası var: xəstə heyvanı, maşın vuran, bıçağa çatmayan (onların ifadəsi ilə «murdar olan») heyvanın ətini dəyər-dəyməzinə «kolbasa sexinə» təhvil verərlər. Onlar da alarlar…
Bu «halal at-eşşək əti» ifadəsini ağlıma İsveçdə yaşayan bir türkün oradakı bizi güldürən biznes praktikası saldı: bu zirək adam orada müsəlman toplumu üçün «halal» kolbasa istehsal edən yerli müəssisəyə «halal donuz əti» tədarük edirmiş…
O gün meyvə-tərəvəz mağazasından nələrsə alırdım, kartofu soruşdum, gənc satıcı laqeyd şəkildə «Gürcüstan kartofudur» dedi. Maraq məni bürüdü, axı mətbuatdan təzəlikcə oxumuşdum ki, Gürcüstanın öz kartofu kifayət deyil (əslində yox kimidir), odur ki, Ermənistandan alınır, oradan gələn kartof isə yeyintidə istifadəyə yaramır, odur ki, Gürcüstan hökuməti nə qədər kartof partiyasını geri qaytarıb və bu addım iki ölkə arasında narazılıq doğurub. Bəs bu «Gürcüstan kartofu» bizdə hardandır? Bizim işbazların bu «zəhərli kartofu» sərhəddən keçirib buralarda ticarət şəbəkələrinə dağıda bildikləri üzə çıxır… İndi bu kimi işlərə nəzarət etməli olan qurumdan soruşasan: Yaxşı, əmioğlu, Gürcüstanın öz kartofu olmadığı halda «Gürcüstan kartofu» Bakının ortasında nə gəzir? Satıcıya bu barədə ehtiyatla hinkir-minkir sualı verirəm, nə cavab versə yaxşıdır: «Dayı, sərhəddən niyə buraxırlar bunu, hə?». Aha, satıcı, dükan sahibi bunu bilir, nə satdığının fərqindədir, amma alıcılara — öz millətinə rəva görür. Onların psixologiyasını oxumağa nə var: Alanın canı cəhənnəmə, təki pul gəlsin.
Bu «Gürcüstan kartofu» məsələsinə o vaxt rastlanmışdım ki, müvafiq qurumlar Gürcüstandan Azərbaycana kartof idxalının qeydə alınmadığını, bunun mahiyyətini bildiklərini, yaxalarını cırıb az qala bunun mümkünsüzlüyünü iddia edirdilər. İran kartofu — yetər ki, üzünə ötəri baxasan, nəsə ziyanlı bir şey olduğu üzündən oxunur. Bu da Ermənistandan İran yolu ilə bu tərəflərə ötürülməyib ki? Axı, iranlılar da ermənilər üçün Azərbaycan və Türkiyə bazarı arasında vasitəçilikdə gürcülər qədər böyük təcrübə və böyük pullar qazanan işbazlar kimi ixtisaslaşıblar…
Son günlər Rusiyadan gətirilən «qara kartof» yayılıb bu şəhərdə. Kartofçuluqla məşğul olan rayondan olan və kartofu pis tanımayan qonşum həyətdə əl arabasında səyyar satıcının təklif etdiyi bu kartofa təəccüblə baxır, başını bulayırdı… Bu nəsə başqa şeydir. Con Kerrinin bu günlərdə Sergey Lavrova hədiyyə etdiyi və dünyanın marağına səbəb olmuş həmin o iki dənə kartof hara, bizim bazarı dolduran bu qara «rus kartofu» hara!
Məsələ tək kartofla bitmir. Gürcüstan yolu ilə kütləvi şəkildə ətlik dana gətirilir və bizim bazarlarda xırıd edilir. Deyilənə görə, Gürcüstana bu danalar Ermənistandan keçirilir, Gürcüstan vətəndaşı olan vasitəçilər bunu bizə təklif edirlər və bu işin buralarda yaxşı bazarı var. O da deyilir ki, normal şəraitdə bu danalar bu qədər kökələ bilməz, onlar insan orqanizmi üçün təhlükəli olan yemlərlə qidalandıqları üçün tez bir zamanda bu qədər ət verə bilirlər.
Sərhədlərimizdə bu qədər sayda, şəxsi heyətləri şişmiş və şişman xidmətlər varkən, bu danalar, bu kartof ölkəyə «pırr» edib sərhədin üstündən uçaraqmı gəlmişdi?
Yaxud spirtli içkilərdən ölümlə nəticələnən zəhərlənmələri götürək. Bunlar nədən baş verir? Hələ 1995-ci ildə «Bizə içməyə nə təklif edirlər?» deyə «Ayna» və «Zerkalo» qəzetlərində dərc edilmiş bir jurnalist araşdırmasında bu məsələnin izinə düşmüş, şərab zavodlarının laboratoriyalarına baş vurmuşdum. Deməli, belə: İranda bir «Ararat» firması spirt istehsal edir. Ondan yalnız tibbi və texniki məqsədlər üçün istifadə edilsin, spirtli içki istehsalı üçün yaramasın deyə məhsul hazır olanda molla hakimiyyətinin təmsilçiləri gəlib onun tərkibinə zəhərli preparat qatırlar. İran erməniləri bu spirti Ermənistana ixrac edir, oradan bu spirt Gürcüstana keçirilir, Gürcüstandan isə şəkli dəyişdirilərək Azərbaycana keçirilir… Burada zirzəmilərdəki gizli araq sexlərində bərbəzəkli şüşələrdə, diqqət çəkici adlar altında gəlib masaların üstünə çıxır. İçən saat öldürmür, tərkibindəki bu zəhərli kimyəvi birləşmələr xassəcə kumulyativdir, yığılır-yığılır, lazımi doza toplananda məsələ bir anda bitir. Ayağını uzadırsan…
Az qala hər həftə mağazalardan vaxtı ötmüş ərzaqların aşkarlanması və ləğvi, ərzaqdan zəhərlənmələr barədə xəbərlər oxuyuruq. İnsan üçün təhlükəli olan bu ərzaqları alıcıya təklif edən satıcı bilmirmi nə satdığını? Kəndli sözü: «it kimi bilir».
Ərzaq təhlükəsizliyi bu gün dövlətlərin başlıca problemlərindən biri olduğunu bilirik. Bu məsələ barədə bizim ölkədə də çox danışılır və 2001-ci ildə dövlət proqramı da qəbul edilib. Yüksək mənsəbli məmurların xoşladıqları mövzudur. Fəqət bütün bu baş verənlər və mətbuata çıxaraq ictimailəşən faktların səthi təhlili bu nəticəyə gətirib çıxarır ki, təhlükəsizlikdə-filanda deyilik. Biz ərzaq diversantlarının cövlan etdiyi, həyatımızla oynadığı, kökümüzü baltaladığı bir köməksiz məmləkətdə yaşayırıq və bunu yaxşıca bilməli və aldığımız hər şeyə dörd gözlə baxmalıyıq.
Bu yazını yazmışdım ki, mətbuatda OXFAM-ın (Oksfem) dünya ərzaq təhlükəsizliyi barədə hesabatı və o hesabatda Azərbaycanın adının dünyanın ən yoxsul ölkələri ilə yanaşı olduğunu oxudum. «Acından ölən» Ermənistanda durum bizdəkindən yaxşı imiş… Belə-belə işlər.
Mən bizim təhlükəsizlik orqanlarını o qədər də «bilməz» bilmirəm. Hər şeyi bitdə-bitdə bilirlər. Özüm yəqinlik hasil etmişəm: iki il olar bir toyda idik, «oranın» rütbəli şəxsləri, bizim isə yaxın tanışlarımız olan bu adamlarla bir masa arxasında oturmuşduq. Əllərini sərinləşdirici içkilərin birinə də vurmadılar: hamısı saxtadır dedilər. Mən bu bər-bəzəkli şüşələrin içindəkilərin saxta olduğuna sadədilliklə şübhə etdikdə, izahat bir az da dərinləşdi: «Bax bu içki Biləcəridə filankəsin zirzəmisində bağlanır, bu içki filan yerdə filankəsin qarajında və s. İstəyirsən aparım səni sabah, özün baxıb görəsən. İçiləsi deyil». Bəs nə içək — mən özümü avam yerinə qoyub soruşdum. Gülərək: — Ən salamatı evdə arvad bişirən kompotdur — dedilər. «Xod gedən» araq da saxta çıxdı, toy sahibi olan dostumuzu çağırdıq, müsafirlərinin qarşısında çaşıb qalmışdı. Ofisiantı «özümüz üçün» — özü də «filan arağın» dalınca göndərəsi olduq.
Necə deyərlər, hər şey nəzarətdədir, amma millət yeyəcək-içəcək kimi mühüm məsələdə təhlükəsizlikdə deyil. Oxucuya bunu çatdırmaq istəyirdim.
İnsanları xəstəliyə düzən zərərli ərzaq bir yandan, Bakıda istehsal olunub bizi qırmaqla kifayətlənməyərək, qıra-qıra Zimbabveyə qədər uzanan saxta tibbi dava-dərman digər yandan. Bu millətin halı bu.
Bax belə, bizə qarşı savaşın bu üzü də var, mənim vətəndaşlarım. Bu savaşı bu millətə açanlar ermənidən daha qəddar.
Razılaşaq ki, bu, elə-belə məsələ də deyil. Çox ciddi məsələdir! Qonşu ilə savaş bitməyib, biz o düşməni yaxşı tanıyırıqsa, bitsə belə, bu kimi cəbhələrdə savaşı ara vermədən davam etdirəcəklər. Bu kimi əməllərdə az qala bir əsrlik «təcrübələri» var. Bu, aydındır. Ən qorxulusu — sapı bizdən olan və bizim içimizdə yaşayanlardır. Bizə ziyan vuranlar — bilərəkdən-bilməyərəkdən, nə fərqi varmış?
Bilə-bilə bu işlərlə məşğul olanlara, bu nacinsliyi öz millətinə rəva görənlərə nə ad verməyi oxucunun öz ixtiyarına buraxaq. Hərə bir ad verə bilər. Mənə görə isə, bunlar ərzaq xuliqanları, ərzaq diversantları, lap elə ərzaq terrorçuları da adlandırıla bilərlər. Bu təyinlərlə tövsif ediriksə, vətənə və millətə xəyanətdir və qanunun müvafiq maddələrinə əl gəzdirmək pis olmazdı. Bir cəsarətli oğul istəyirəm, bu məsələni parlamentdə qaldırsın.
[email protected]