Erməni kəndinin dəlisi özlərinə qaytarılası oldu
Erməni kəndinin dəlisi özlərinə qaytarılası oldu. Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviçin bu gün ölkəsinə təhvil verilməsi nəzərdə tutulur. Bu qaytarılma barədə mətbuata Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib. Sayılov bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə həmin şəxsin bu gün Ermənistan tərəfinə verilməsi gözlənilir.
Yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamikon Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib. Bizim Müdafiə Nazirliyinin mətbuat xidməti tez-tələsik hay-küy qoparmışdı ki, bu adamı hərbçilər tutub və nə az-nə çox, «erməni kəşfiyyat-diversiya qrupunun bələdçisidir». Əlibəyli sakinləri dedilər xeyr, biz tutduq və hərbçilərə təhvil verdik. Maraqlı idi ki, bu adam təmas xəttini necə olub biz tərəfə keçmişdi və bizim əsgərlər onu görə bilməmişdilər? Bizim MN-nin bu məsələyə necə baxdığından xəbərimiz olmadı.
Nəhayət ki, bu bədbəxtin gerçəkdən dəli olduğu təsdiqlənib…