Muəllif:

Erməni kəndinin dəlisi

Hər kəndin bir dəlisi olur. Əlibəylidən baxanda sınırın o tayında görünən erməni kəndlərinin də dəlisi olmamış deyil. Dəlilərin bir işi də quyuya daş atmaq, ağıllıların işi isə o daşı o quyudan çıxarmaq üçün çatışmayan ağıllarını işlətməkdir. Bu Mamikon Tiqran oğlu — bir türk məsəlində deyilən həmin o quyuya daş atan dəlidir ki, var. Erməni kəndinin bu dəlisinin quyuya atdığı daşı bu qədər hay-küydən sonra min ağıllının nə yolla çıxaracağını etiraf edim ki, mən — ağıllı sayılan bir adam — hələ ki bilmirəm. Mərc gələrəm ki, nə onlarda, nə də bizdə belə bir ağıllı tapılsın. Bu dəli bir neçə gün öncə quyuya atdığı bir daşla həlli çətin olan bir riyazi məsələni ortalığa atmış oldu. Hamı bu məsələnin necə həll olunacağına maraq edir. Necə həll edəsən ki, sifətini qoruyasan. Bu dəlinin əhvalatı böyüyüb hər iki ölkənin prezidentləri səviyyəsinə qalxıb…
Sözün açığı, onun şəklini görəndə məni gülmək tutmuşdu. Üz-gözündən bu 77 yaşında bir dəfə də gülmədiyi aydınca oxunan bu Tanrı bəndəsi görəsən bundan sonraya qalan ömründə bircə dəfə də olsun güləcəkmi? Erməni olanda noolar? İçində gəzdirdiyi ağrılar, yaşadığı iztirablar üzündən-gözündən oxunurdu adamın.
Qışın bu qarlı-boranlı günündə üzüm yığmaq üçün əlində vedrə «bağlara» gedirmiş, gəlib çıxıb qonşu Əlibəyli kəndinin ortasına (Yaxşı ki, gəlib Tovuzun, Gəncənin, Bakının ortasına çıxmayıb). Təəccüblə onu əhatəyə almış insanların üzünə baxaraq nə baş verdiyini anlamağa çalışırdı. Bir ağıllı-başlı danışa bilmədiyini sonrakı günlərdə görəndə hər şey bəlli oldu…
Yox, ona gülmürdük, ağlı yerində olmayan xəstə adamı gülüş obyektinə çevirmək bütün xalqlarda tərbiyədən kənar işdir. Onun özünü idarə edə bilməyən psixi xəstə adam olduğuna şübhə yeri qalmayanda, bizimkilərin qopardığı hay-küyə gülməmək mümkün deyildi və bütün toplumun istehzası bizim ağıllılara, çiyni ulduzlu poqonlulara — kəşfiyyatçını dəlidən fərqləndirə bilməyənlərə yönəlmişdi. Beləliklə, başlanğıcda qoparılan o hay-küy yadımızdadırsa, Müdafiə Nazirliyimizin informasiya ilə işləyən (çağdaş zəmanədə savaşın ən önəmli ünsürü) mətbuat xidməti əvvəl onu «mülki şəxs», ardınca «kəşfiyyat-diversiya qrupunun üzvü» (bu işdə «üzv» təyini nə demək imiş, anlaya bilmədik, bəlkə üzvlük haqqı verirmiş?), sonra «kəşfiyyat-diversiya qrupunun bələdçisi» (yerişini yeriyə bilmirdi) kimi qələmə verdi. Halbuki əvvəl xəbər çıxmışdı ki, onu Əlibəylidə «kənd sakinləri tutub hərbçilərə təhvil veriblər» (bu, doğruya yaxın idi, çünki fotosessiyada Mamikon qələbəlik camaatın arasında döyükürdü), az sonra «hərbçilərin tutduğu» versiyası çıxdı, deyəsən, Tovuzda bahalı maşınlarda şıq geyimdə dolaşan hərbi rəislər vahiməyə düşmüşdülər — millət və nazir bizdən soruşmazmı ki, o, necə olub rahatca keçib bu tərəfə, hə?.. Publikaya isə məgər maraqlı deyilmi ki, bu qəhrəman kənd 25 ildir güllə altındadır, o səmtdə nə qədər hərbçi qışlayır və onlar məgər yatıblarmış ki, Mamikon gəlib Əlibəylinin ortasına çıxıb?
Ya da hərbi rəislər, informasiya kənkanları həsəddən, paxıllıqdan od tutmuşdular: onlar burda varkən necə olur «yerli sakinlər» belə yağlı, bütün ölkədə hay-küy doğuracaq, Azərbaycanı, Ermənistanı, Minsk Qrupunu bir-birinə vuracaq bir tikənin şöhrətinə sahib olsunlar? Bu, nətəər olur, əə? Və «silahlı və yaralı» versiyası bu əsnada vurğulanmağa başladı: hansı çapda silah imiş — cibindən tank, top, raket, «kələş» çıxıb? Harasından yaralanıb bu «kəşfiyyatçı-bələdçi»? — bircə bunu qeyd etmək yadlarından çıxmışdı. O səmtdə mövqelər bir-birinə bu qədər yaxınkən, özünü kəşfiyyatçı sayanlar üçün «bələdçiyə» nə ehtiyac varmış — bunu da anlaya bilmədik. Amma «kəşfiyyatçı-bələdçi» psixikası pozulmuş bütün xəstələr kimi bir az çətin yeriyirdi, zarafat deyil, 77 yaşı var, ya da deyəsən, tutulanda kimdənsə arada bir-iki təpik yeyibmiş…
Məzhəkə bununla bitmədi və bitməyəcək. Təbii ki, bütöv «kəşfiyyat-diversiya qrupu»nun sərhədi keçmək cəhdi də ortalığa atıldı. Bizim qoçaqlar onları «geri oturdublar». Yenə anlamadıq. Axı onlar sərhədi keçmək istərkən səngərlərindən açıqlığa çıxmış olmalı idilər. Bəs nə əcəb dünya şöhrətli «İstiqlal», «Yalquzaq», bunlar da hələ əldə yoxsa, sovetdən qalma nimdaş snayper, «kələş» əl altında deyildi? Yoxsa yağlayıb anbarda saxlayırsınız? (Nə bilmək olur?) Niyə əsgərin əlində deyilmiş ki, «cavab atəşi ilə düşmən susdurulanda» bir-iki leş ortada qalaydı?
Bir başqa sual: yaxşı, bunu siz görüb tutmuşdunuzsa, bu dəlinin bizim kənd camaatı arasında, həyətdə-bacada nə işi vardı? «Qoşunların təmas xəttində» tutmuşdunuzsa, elə oradan birbaşa aparardınız hara lazımdır oraya da.
Bu «dəli» özü önəmli deyil. Bizim əl-ayağımızı yerdən üzən o idi ki, sərhədin, onun bir addımlığında olan kəndin bərbad şəkildə qorunduğu üzə çıxmışdı…
Xatırlayan varsa, bir Mövladi Uduqov vardı, son illərdə başı ötmür, hələ I Çeçen savaşında İçkeriyanın informasiya işinə baxırdı. Onun haqqında deyirdilər ki, təkbaşına bir ordunun işini görüb. Bizimkilər o arada Tərtər sektorunda yenə düşmənin «kəşfiyyat-diversiya qrupunun cəhdindən» və «geri oturdulmasından» söz açmışdılar, gah «qrup» təyini işlədir, gah da «erməni bölmələri» ifadəsi — biz də — sovet vaxtının ciddi əsgərliyini görmüş adamlar çaşıb qalmışdıq, bilmirdik gülək, yoxsa ağlayaq. Saya baxanda «kəşfiyyat qrupu» hara, «bölmələr» təyini hara? Bu qədər döyüş getmişdisə, niyə qarşı tərəfdən itki yox idi? Bu nə müəmmalı «qarşıdurma» idi? Axı əgər düşmən üstünə gəlirsə, müdafiə olunursan… (ola bilər auditoriya ilə informasiya zarafatı ediblər, nə biləsən?)
Özləri bilər, amma hərbi biliyi «sıfır» qiymətə layiq «media»mız bu xəbərləri tirajlamaqdaydı. Hələ də israrla bu aşkar dəliyə «kəşfiyyatçı-bələdçi» deyənlər də var… Sosial şəbəkələr mənə görə tam haqlı olaraq bu hadisəni şəbədəyə qoyurdular.
Nə isə, hadisənin şahidi olan kənd adamlarından müsahibələrdən tutmuş, kəşfiyyat-diversiya qrupunun taktik hazırlığına qədər çox yeri qurtdaladılar və MN informasiyaçıları uduzdular.
Bir vətənpərvər qələm sahibi hirslənmişdi ki, MN MN-dir, yalan yazmış olsa da, bizim borcumuz ona inanmaqdır!.. Bu yazı hələ də gözədəyər yerlərdə qarşıya çıxır. Biz də bu fikirdəyik. Savaş savaşdır, dezo da öz yerində. Amma bu dezo inandırıcı şəkildə quraşdırılmalıdır. Tirajlamağa biz hazır.
Nə isə. Yenə erməni kəndinin dəlisinin yanına qayıdaq. Sonsuz maraq içində, böyük səbirsizliklə bu «kəşfiyyatçı-bələdçi» versiyasının sonunu gözləyəcəyik. Deyəsən, dəlini öz kəndlərinə qaytarmalı olacaqlar — bu barədə fikirlər dolaşır. Bax belə. Dəli kimin nəyinə gərəkdir?
Çox heyf bu casus «ssenarisi» alınmadı, İrəvanda tutulan Xaçik Martirosyanın «ssenarisi» daha ağlabatan quraşdırılmışdı. Keçmiş polis, səfirlikdə rezidentlə görüş, pul, hərbi sirr və s…
Deyəsən müdafiə naziri bizim fəhmsizlərə bərk hirslənib, cəbhə bölgəsində hamısını bir yerə yığıb «dərslərini» verdiyindən xəbər tutduq. Əgər erməni tərəf «cəbhə xəttində vəziyyəti erməni əsgəri diqtə edir» deyirsə, müdafiə nazirini anlamaq olar.
Nə isə. Bizim öz dəlilərimiz özümüzə bəsdir. O dəli isə yəqin ki, qaytarılacaq öz kəndinə. Hələ ki sual vermək hüququmuz qalır və üzümüzü turşudub bizimkilərə: bəlkə bizi, hamını bilməz hesab edirsiniz? Müdafiə Nazirliyi kimi mühüm bir strukturda, bu təsadüfi adamlar haradan yığışıblar, onlara ulduzu nəyə görə veriblər? — kimi sualları verməkdən özümüzü güclə saxlayırıq. Amma bir xahişimiz olacaq — əgər Mamikon Tiqran oğlu bu dərəcədə hiss olunmadan biz tərəfə keçə bilibsə, ona bizim Müdafiə Nazirliyindən bir medal düşür. Düşmən olanda noolar? Bu psixologiyası pozulmuş adamın fəhminə nə söz?
Nəsə bu yazıda yaman çox sual işarəsi yer aldı. Daha biri ilə bu yazını bitirək: hə, yadıma düşdü, kimdir dəli? Yadıma sala bilmədim, hansısa bir pyesdə belə bir sual var. Qəhrəman üzünü auditoriyaya tutub bu sualı verir..
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 256