Muəllif:

Ərdoğan Tehranda: Əlaqələr ənənəvi qonşuluq münasibətlərindən kənara çıxır

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın birinci vitse-prezidenti İshaq Cahangirinin dəvəti əsasında İranda rəsmi səfərə gəlmişdir. Baş naziri  Mehrabad beynəlxalq hava limanında xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan qarşılayıb. Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Nihat Zeybəkçi, iqtisadi inkişaf naziri Cövdət Yılmaz, mədəniyyət və turizm naziri Ömər Çelik, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, habelə digər rəsmi şəxslər, iş adamları və mətbuat mənsubları müşayiət edirlər.

Baş nazir bu gün Səədabad Sarayında İran prezidentinin birinci müavini tərəfindən rəsmi şəkildə qarşılanacaq. Bundan əlavə, Ərdoğanın həmin gün İran prezidenti Həsən Ruhani, ali dini lider Əli Xamneyi və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də görüşü gözlənilir. Eyni zamanda səfər proqramında iki illik fasilədən sonra İran-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti toplantısında iştirak etmək var. Ərdoğanın İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq İşlər İnstitutunda müəllim və tələbələr qarşısında çıxışı da nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələr başda olmaqla, regional və qlobal məsələlərin əsas müzakirə mövzusu olacağı bildirilir.

Bu, Türkiyə baş nazirinin Həsən Ruhaninin hakimiyyət başına gəlməsindən sonra İrana ilk səfəridir. Bəzi məlumatlara əsasən, görüşlərdə İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılacağı, iki ölkə arasında güzəştli ticarət razılaşmasının imzalanacağı, İranla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağı bildirilir. Eyni zamanda görüşlərdə Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, enerji və ticarət sahəsində əməkdaşlıq, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilmiş əməliyyatla bağlı da fikir mübadiləsi aparılacağı qeyd olunub.

Ərdoğan dünən yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib ki, İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılacaq və bu mexanizm də, heç şübhəsiz, iki ölkə arasındakı əlaqələrə müsbət təsir göstərəcək.

Baş nazirin sözlərinə görə, İranda yeni hökumət iş başına gəldikdən sonra hər iki ölkənin xarici işlər nazirləri qarşılıqlı səfərlər həyata keçiriblər: “Biz iranlı həmkarlarımızla beynəlxalq konfranslar çərçivəsində də bir araya gəlmişik. İki ölkə arasındakı təmasların sıxlığı, səviyyəsi və məzmunu Türkiyə-İran əlaqələrinin ənənəvi qonşuluq münasibətlərindən kənara çıxmasının bir göstəricisidir. Bu səfər vasitəsilə mövcud əlaqələrimizi daha da irəli bir mərhələyə daşıyacaq bir addımı atırıq. İran rəsmiləri ilə sanksiyalar səbəbindən iki ölkə arasında yaranmış çətinlikləri götürəcəyik”. 

Ərdoğan İran prezidenti Həsən Ruhaninin də qısa zamanda Türkiyəyə səfər edəcəyini deyib. 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160