Ərdoğan: “Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz”
Rəcəb Tayyip Ərdoğan bu gün deyib ki, Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz. Anadolu Agentliyinin məlumatına görə, baş nazir qeyd edib ki, Qarabağ münaqişəsi Ankara üçün “prioritetlərdən biridir”. “Bu məsələ həll olunmadan biz Ermənistanla münasibətlərin normallaşması işinə “hə” deyə bilmərik. Çünki ortada böyük ədalətsizlik var və Qarabağ münaqişəsi həll olunmalıdır”, — deyə baçş nazir vurğulayıb.
Ötən gün Ərdoğan 1915-ci il hadisələri ilə bağlı ermənilərə verdiyi başsağlığı isə Ermənistanda birmənalı qarşılanmayıb. Ərdoğanın fikirlərinə məhəl qoyulmayıb və ya rədd edilib. Erməni siyasətçilər belə düşünürlər ki, Ankara “soyqırım” faktını etiraf etməkdən yayınır, ermənilərsə başsağlığı yox, etiraf gözləyirlər.
ABŞ Dövlət Departamenti və Avropa Birliyi isə Ərdoğanın bəyanatını yüksək qiymətləndiriblər.