Muəllif:

Ərdoğan: Ermənistan da öz tarixi ilə üzləşməyə hazır etməlidir

1915-ci il hadisələrini siyasiləşdirən millətlər hər şeyə hazır olmalıdırlar. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında bildirib. Ərdoğan deyib: «Türkiyə Ermənistana doğru addım atdı. Ümidvarıq ki, Ermənistan da anlayışlı olacaq və tarixi ilə üzləşməyə cəsarət edəcək».

Baş nazir onu da qeyd edib ki, tarixin əsiri olan millətlər öz gələcəklərini yaza bilməzlər: «Türkiyə böyük dövlətdir və öz tarixindən əsla qorxmur. Biz dəfələrlə 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərin açılmasını tələb etdik və öz arxivlərimizi açdıq».

Xarici işlər naziri Əhməd Davudoğlu isə vurğulayıb ki, Türkiyənin başsağlığı Ermənistana yox, ermənilərə ünvanlanıb.  O, eləcə də bu tarixi addımın Ermənistan-Türkiyə münasibətlərinin gələcək inkişafına yardım edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb. Sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildirilib. Mesajda 1915-ci il hadisələrinin sadəcə ermənilər üçün deyil, eyni zamanda, ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: «Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915-ci il hadisələri hamımızın ortaq acısıdır».

Yayımlanan mesajda o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma «erməni soyqırımı»nı qeyd edir. Ermənistan və erməni lobbisi iddiaedir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma «soyqırım»ı tanıyıblar.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1168