Əmlakla bağlı arayışların verilmə proseduru asanlaşdı
Martın 3-dən etibarən əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə etmək mümkün olacaq. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar, daşınmaz əmlak sahibləri və hüquqi şəxslərin nəzərinə çatdırır ki, dövlət başçısının fərmanı ilə bu il martın 3-dən etibarən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər.
Eyni zamanda, daşınmaz əmlak obyektinə sərəncam vermə barədə notariat qaydasında təsdiqlənmiş müqavilənin daşınmaz əmlakın dövlət reyestrini aparan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına göndərilməsi elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində həyata keçiriləcək.
Qeyd olunanları nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların nəzərinə çatdırır ki, martın 3-dən etibarən, yuxarıda göstərilən daşınmaz əmlakla bağlı xidmətlərdən istifadə üçün Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyinin qarşılıqlı qaydada təşkil etdiyi həmin xidmətlərin göstərilməsi üçün Bakı şəhəri, həmçinin digər şəhər və rayonlarda yerləşən notariat kontorlarına birbaşa müraciət etməlidir.
Bu xidmət dövlət reyestrindən qeydiyyatdan keçərək çıxarış əldə edən əmlak sahiblərinə aid edilir.

