Emin Mahmudov bu dəfə «Gürcü hekayələri» təqdim etdi
Tbilisidə fəaliyyət göstərən “Qafqaz Evi” Mədəniyyət Əlaqələri Mərkəzinin maliyyə dəstəyi ilə “Gürcü antologiyası” çərçivəsində Emin Mahmudovun «Gürcü hekayələri» təqdim edilib. Topluda gürcü nəsrinin 14 klassik və ən çox tanınan təmsilçilərinin Azərbaycan və azərbaycanlılar haqqında olan hekayə və povestlərindən ibarət irihəcmli antologiyası orijinaldan Azərbaycan dilinə tərcümə olunub.
Bunları dilimizə qocaman jurnalist Emin Mahmudov tərcümə edib. “Gürcü hekayələri” adlanan bu kitaba İlya Çavçavadze, Vaja Pşavela, Yakov Qoqebaşvili, Mixail Cavaxişvili, Konstantin Qamsaxurdia, Georgi Leonidze, Nuqzar Şataidze, Rezo Çeişvili, Naira Qelaşvili, Beso Xvedelidze, Quram Doçanaşvili, Quram Rçeulişvili və Teona Dolencaşvilinin hekayə, novella və povestləri daxil edilib.
Bu hekayələrdə gürcü xalqının məişəti, adət-ənənələri, mədəniyyət və ədəbiyyatı, ən başlıcası isə dost və qardaş azərbaycanlılara münasibətdən bəhs edilib. 363 səhifədən ibarət yeni kitab “Qafqaz Evi” Mədəniyyət Əlaqələri Mərkəzinin direktoru, gürcü yazıçısı Naira Qelaşvilinin tövsiyəsi ilə tərcümə olunub. Qeyd edək ki, bu kitab tərcüməçi Emin Mahmudovun gürcü dilindən dilimizə tərcümə etdiyi beşinci kitabıdır, deyə APAnın xəbərinə deyilir.