Elxan Şahinoğlu: İndi Krım işğal olundu, bəs sabah nə olacaq?
Ukrayna ərazisi uğrunda mübarizə aparmır — Rusiyanın cənuba doğru təhlükəsi Azərbaycanı da gözləyə bilər. Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə düşünür. Turan-a müsahibəsində Ukrayna böhranının yaradacağı yeni münasibətlərdən danışarkən ötən əsrin 30-cu illərində faşist Almaniyasının lideri Adolf Hitlein almanların hüquqlarını qorumaq adı altında Sudetə hücumu ilə Rusiya lideri Vladimir Putinin Krımı ilhaqı arasında paralellər aparır.
Şahinoğlu hesab edir ki, regionda gərginlik artmaqda davam edəcək. “Çünki Rusiya Krımı ilhaq edib və geri çəkilən deyil. Bunu hamı anlayır”.
Onun fikrincə, Ukrayna Krım uğrunda nəinki savaşdı, mübarizə də aparmır. “Bəzən düşünürük ki, qərb Rusiyanı çox ciddi cəzalandıracaq. Amma Ukrayna öz ərazisi uğrunda mübarizə aparmırsa, təbii ki, heç kim Krımı Rusiyadan alıb Ukraynaya qaytarmayacaq. Bir sözlə Rusiyanın gücünə qarşı güc qoyulmazsa o, irəliləməkdə davam edəcək”.
Politoloq deyib ki, 20-ci əsrin 30-cu illərində Hitler də harada alman var, müdafiə edək devizi ilə hərəkət edib. “Bu isə dünya müharibəsi ilə nəticələndi. Çünki qərb dövlətləri Hitlerə qarşı yumşaq siyasət yürüdürdü. Faktiki eyni hadisələr indi də baş verir. Rusiya Gürcüstan ərazilərini işğal edəndə əvvəlcə birlik nümayiş etdirildi və sonra Rusiyanın hərəkətləri unuduldu. Qərb Putinlə əməkdaşlığa başladı. İndi Krım işğal olundu, bəs sabah nə olacaq”, deyə o sual edib.
Şahinoğlu qərbin Rusiyaya qarşı sanksiyalarını ciddi hesab etmir. “Daha ciddi sanksiyalar olmazsa, Putin hərəkətlərini davam etdirəcək. Çünki Rusiyanın bu hərəkətləri qabaqcadan düşünülüb. Putin Krımı ilhaq edəndə bilirdi ki, ona qarşı sərt reaksiyalar olacaq, “Böyük səkkizlik”dən də çıxarılacaq, sanksiyalar olacaq, inam itəcək. O, bütün bunları bilərək Krımı işğal etdi”.
Politoloqun fikrincə, iqtisadi və maliyyə sanksiyaları Rusiyaya ciddi təsir edəcək. “Qərb Rusiya qaz və neftindən imtina etsə Rusiya çox ciddi ziyanla üzləşə bilər. Amma Rusiya iqtisadiyyatı da dünya iqtisadiyyatı ilə çulğalaşıb. Həmçinin bu sanksiyalar Rusiyanın Krımdan çıxmasına gətirib çıxarmayacaq”.
Rusiyanın Krımı, Abxaziya və Cənubi Osetiyanı işğalı cavabsız qaldığından hazırda Putindən dostları da çəkinməyə başlayıb. “Dünənədək dost olduğu Ukraynanın ərazisi işğal edilirsə, heç kim Belarusun, Qazaxıstanın, Moldovanın ərazilərinin işğal edilməyəcəyinə qarantiya ola bilməz. Eyni təhlükə Cənubi Qafqaz və Azərbaycan üçün də var”, deyə Şahinoğlu qeyd edib.
Vaxtı ilə Jirinovski deyəndə ki, Krım Rusiyaya birləşdirilsin heç kim inanmazdı. İndi də Dağlıq Qarabağla bağlı belə şayiələr yayılmaqdadır. “Bu səbəbdən də Cənubi Qafqaz ölkələri, o cümlədən də Azərbaycan ehtiyatlanmağa başlayıb. Rusiyanın hərəkətləri məntiqə söykənmir. Ona görə də düşünmək olar ki, Rusiyanın cənuba doğru diplomatik və hərbi hücum təhlükəsi Azərbaycanı da gözləyə bilər. Bu mənada Azərbaycanın Türkiyə ilə birgə hərəkət etməyə ehtiyacı var”, deyə politoloq bildirib.