Əlibəyli sakinləri kəndlərinin müdafiəsinə qatılmaq üçün müraciət ediblər
Müdafiə naziri Zakir Həsənov fevralın 7-də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Səfərdə naziri Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər.
MN rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində olub, sakinlərlə görüşərək, onların qayğıları və problemləri ilə maraqlanıb. Kənd sakinləri öz vəziyyətləri barədə danışaraq, kəndlərin müdafiəsində iştirak və könüllü olaraq döyüşlərə qatılmaq üçün müdafiə nazirinə müraciət ediblər. Nazir. Həsənov döyüşlərdə iştirak etmiş Əlibəyli kənd sakinlərindən birinə xatirə olaraq öz saatını bağışlayıb.
Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə medal və qiymətli hədiyyələr təqdim edilib.
Həsənov cəbhə bölgəsindəki zirehli texnikanın döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə də tanış olub. Nazir müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib, deyə MN-dən bildirilir.