Muəllif:

Elektronlaşa bilməyən vətəndaşdır, yoxsa hökumət strukturları?

Hökumət elektronlaşmaq istəyir. Elektron hökumət portalı yaradılıb. Elektron hökumət barədə rəsmi məlumata qısa bir nəzər salaq. «Elektron hökumət» — dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Burada dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır. «E-hökumət» — müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətləri göstərməyə şərait yaradır.
«Elektron hökumət»in üstünlükləri bunlardır: vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, etibarlı, şəffaf və rahat.
Elektron hökumət portalında qeydiyyatlı və qeydiyyatsız xidmətlər bölümü var. Qeydiyyatsız xidmətlər bölməsində sorğu məlumat bürolarının xidmətləridir. Məsələn, qeydiyyatsız xidmətlər bölməsində Səhiyyə Nazirliyi dərman vasitələri, milli peyvənd təqvimi, tibb müəssisələri barədə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin telefon nömrəsi, poçt indeksinə görə küçələrin axtarışı, rabitə və kommunal xidmət haqlarının internetlə ödənilməsi kimi xidmətlər təklif edir. Portalda 12 dövlət qurumu qeydiyyatsız xidmətlər göstərir. Qeydiyyatsız xidmətlər bölməsində RYTN 6, SN 4, ƏN 5, VN 5, ƏƏSMN 1, DİN 1, DGK 1, DSK 4, DSMF 1, TQDK 9, Azərenerji 1, Azərsu 2 elektron xidmət təklif edir.
Portalın xidmətlərindən tam istifadə üçün qeydiyyatdan keçmək şərtdir. Portala 4 vasitə ilə daxil olmaq mümkündür. RİTN tərəfindən verilmiş elektron imza kartı ilə, elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə, smartfonla, smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə, daxil olmaq mümkündür.
Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə portala daxil olmaq üçün elə həmin portalda qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun, dövlət sosial sığorta şəhadətnaməsinin, sürücülük vəsiqəsinin, şəhər, mobil telefon nömrəsi elektron blanka daxil olmalıdır. Şəxsiyyət vəsiqəsi istisna olmaqla, əlbəttə, digər tələb olunanlar vətəndaşda olmaya bilər. Bu zaman istənilən poçt şöbəsindən istifadəçi adı və şifrə alaraq portala daxil olmaq mümkündür. Bəzən yuxarıda sadalanan bütün göstəricilər mövcud olsa da, qeydiyyat baş tutmur. Səbəbini Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov açıqlayır.
Öyrəndik ki, portal dövlət orqanlarının bazalarına qoşulub. Mobil operatorlara gəldikdə, son 2 ilə hər 3 operatorun bazası NK qərarına əsasən elektron hökumətə təqdim edilib. Amma problem ondadır ki, şirkətlərin bazası çox pərakəndə şəklində toplanılıb. Vaxtilə, hətta pasportla yanaşı sürücülük vəsiqəsi ilə də nömrə satıldığı halları olub. Və yaxud bazada bir adamın adına yüzlərlə nömrə mövcuddur. Aydındır ki, bu faktiki mümkünsüzdür. Araşdırmadan sonra bəlli olub ki, demə, vaxtilə dilerlər öz adlarına aldıqları nömrələri satan zaman onu satdıqları şəxsin adına bazaya yerləşdirməyiblər. Və ya məlumat qarmaqarışıq yerləşdirilib. Bu azmış kimi bir neçə il əvvəl satılan nömrələrin pinkodu belə mövcud deyilmiş. Belə olduqda baza sistemli olmadığı üçün onu portalın bazasına interqasiyada çətinliklər var.
İndi mobil operatorlar bu məlumatlarıi unifikasiyası ilə məşğuldur. İndi nömrə alanda şəxsiyyət vəsiqəsinin təqdim edilməsi şərtdir və hər bir nömrənin pinkodu mövcüddur. Çünki Azərbaycan hökuməti tələb edir ki, informasiya təhlükəsizliyi qanunlara uyğun şəkildə təmin edilməlidir.
Dövlət orqanlarının xidmətləri nə qədər cəlbedicidir?
Portaldakı xidmətlərin keyfiyyətinə və lazımlığına nəzər salaq. Burada vətəndaşlar DSMF-nun elektron xidmətləri bölməsində məcburi dövlət sosial sığotasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlarla tanış ola bilərlər.
Azərenerji və Azərsunun təklif etdiyi elektron xidmət vasitəsilə kommunal ödənişlər etmək olar. Amma nəzərə alsaq ki, bunu başqa saytlar da təklif edir və bəzilərində bunun müqabilində yığılan bonusları hədiyyə kartları ilə dəyişmək mümkündur. Onda vətəndaşa başqa sayta üstünlük verməsinin səbəbi aydın olur.
RYTN nə az, nə çox düz 25 elektron xidmət təklif edir! Burada adında şəhər telefon nömrəsi olanlar edilən zənglərin siyahısına baxa bilərlər.
Gənclər və İdman Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin genişmiqyaslı auditoriyanı əhatə etmir. Nazirlik ancaq peşəkar idmançıları əhatə edən xidmətləri elektronlaşdırıb.
TN cəmi 3 elektron xidmət təklif etməklə kifayətlənib. Halbuki bu xidmətlərin sayı ən azı 10 ola bilərdi. Çünki vətəndaşlarla ən sıx təmasda olan nazirliklərdən biridir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmi bir elektron xidmət təklif edir: xaricdən uşaq övladlığa götürmək istəyənlərin işi asanlaşıb.
Qəribədir, ölkə daxilində övladığa götürmə ilə bağlı müraciət və sənədlərin qəbulu elektron formada yoxdur. Halbuki, bu məsələdən dəfələrlə yazan jurnalist kimi bilirəm ki, bu sahədə problemlər var. Və belə bir xidmətin olması vətəndaşın işini xeyli asanlaşdıra bilərdi. Bu sahədə şəffaflığın da qorunmasına müəyyən qədər nail olmaq mümkün idi.
Ümumiyyətlə, komitənin bir xidmətlə kifayətlənməsi müsbət hal deyildi. Ən azından zorakılığa məruz qalmışlar üçün də elektron müraciət xidməti təşkil etmək olardı. ƏN-də nikah qeydiyyatı üçün elekton müraciətin qəbul olunması təqdirəlayiqdir. DSK-nın rəsmi saytına istinadən, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb. Deməli, bu xidmət vətəndaşlara çox gərəkli olacaq.
TQDK ən yaxşı elektron xidmətlər göstərən dövlət strukturudur desək yanılmarıq. Vətəndaşları maraqlandıra biləcək elektron xidmətlərin az qala hamısı bu portalda yer alır. Komissiya 12 elektron xidmət təklif edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də vətəndaşlara lazımi xidmətləri elektron formada təklif edib.
DİN iki xidmət təklif etməklə kifayətlənib:PİN-ə görə fərdi məlumatların axtarışı. Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar. ƏƏSMN-nin təqdim etdiyi xidmətlər diqqəti cəlb edir. Xidmətlərdən istifadə edərək istehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək mümkündür.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Nəqliyyat, Müdafiə Sənayesi, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin, DGK, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, xidmətləri sahibkarlara, hüquqi şəxslərə yönəlib.
Elektron hökumətdə portalında müxtəlif xidmətlər təklif edən dövlət strukturlarının sayı bununla yekunlaşmır. NK-nın qərarına əsasən, portalda təsdiq edilmiş xidmətlərin sayı 417-dir. Bunlardan portala inteqrasiya olunananlar 146, dövlət saytlarında olan xidmətlər 407 və portalda olan xidmətlərin sayı 236-dır. Bu xidmətlər dövlət orqanlarının saytında da təqdim olunsa da, portalın üstünlüyü var. Belə ki, burada vətəndaşın baxdığı məlumatlar, etdiyi müraciətlər arxivləşdirilir. Əgər hansısa nazirlik ona müraciət edilmədiyini iddia edərsə və bu, 100 faiz halda mümkündür. www.e-gov.az portalı vasitəsilə asanlıqla bunu sübuta yetirmək mümkündür.
Dövlət strukturları arasında koordinasiya zəifdir
İlk baxışdan göründüyü kimi, əksər mərkəzi icra hakimiyyəti orqanlarının xidmətləri portala inteqrasiya edilib. Lakin mövcud problemlər sayəsində nə hökumət, nə vətəndaşlar tam elektronlaşa bilmir. Birincisi, xidmət təminatçıları elə xidmətlər təqdim etməlidirlər ki, vətəndaşa maraqlı olsun. Məsələn, saytda elə xidmətlər var ki, ildə ondan 100 nəfər istifadə edir. Lakin bəzi dövlər qurumlarının xidmətlərindən ildə 50 mindən çox vətəndaş yararlanır. ASAN-da elektron xidmətlərin təşviqi üzrə ictimai şuranın koordinatoru Osman Gündüz deyir ki, hansı dövlət qurumu vətəndaşdan yaşayış yerindən arayış istəyəcəksə, niyə elektron hökumət qurulub?! O hesab edir ki, elektron hökumət mövcuddursa, vətəndaş niyə dövlət qurumları arasında sənəd, arayış, kağız daşımalıdır ki?! Vətəndaş haqqında məlumat adiyyəti dövlət qurumlarının hamısında var. Ancaq dövlət strukturları arasında koordinasiya zəifdir. Doğurdan da vətəndaşı kommunal ödənişləri ödəməsi haqqında məlumatlar bütün dövlər orqanlarında var. Eyni hökumətin müxtəlif qurumları bir-birinin bazasından bu məlumatları asanlıqla əldə edə bilərlər.
İkincisi, vətəndaş fəal olmalıdır. Ekspert Osman Gündüz və MHM rəhbəri Nail Mərdanov da deyir ki, elektron xidmətlərdən fəal istifadənin ləngiməsi vətəndaşın özü ilə bağlıdır. Ən azından vətəndaş informasiya mədəniyyətinə yiyələnməlidir. Bu vətəndaş cəmiyyətinin inkişafı üçün yeni mərhələ olmalıdır.
Elektron hökumətlə ümidli gələcək
Öyrəndik ki, MHM dövlət, özəl kommersiya təşkilatlarında vətəndaş haqqında olan məlumatları toplayıb. Bura banklar, sığorta şirkətləri, hətta mağazalar da daxildir. Baza tam formalaşandan sonra elektron hökumətin portalına yerləşdiriləcək. Ən maraqlısı odur ki, vətəndaşın özünün bu məlumata çıxışı olacaq. Məsələn, o biləcək ki, 2006-cı ildə evinə kreditlə tozsoran alıb, hansı bankdan kredit götürüb, ödəmə tarixcəsi necədir, hansı dövlət və özəl qurumlarda onun haqqında hansı tip məlumatlar saxlanılır. Bu qurumlar həmin məlumat bazalarını portala verməyi qanun tələb edir. Qısası bu portal vətəndaşın arxivi olacaq. Fikrimcə, portal məhz, bu mükəmməl formatda təqdim olunduqda hər bir vətəndaş üçün əvəzedilməz bir sistemə çevriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 638