Ekoloji problemlər QHT-lərin gözü ilə
Hər kəsə məlumdur ki, son illərdə dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramışdır. Bu səbəbdən də ekologiyanın qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir. Son illərdə Azərbyacanda ekoloji problemləri önə çəkilərək bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı, «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair» Milli Proqram və digər dövlət proqramları qəbul edilərək həyata keçirilib. 2010-cu il ölkə başçısı tərəfindən ekologiya ili elan olunmuş və bu istqamətdə bir sır layihələr və tədbirlər icra olunmuşdur.Qeyd edək ki, bu gün də ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində müvafiq dövlət proqramları çərçivəsində ardıcıl tədbirlər görülür. Təbii ki, ölkəmizdə ekoloji problemlərin həllində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları da zəruridir.
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı deyir ki, QHT sektorunun bu sahədə həyata keçirdiyi layihələr ekoloji problemlərin həlli məsələsində çatışmazlıqları aradan qaldırmaq üçün az rol oynamır. Mərkəz sədri «Ayna»ya müsahibəsində vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolundan, problemlərin həllində iştirakın vacibliyindən söhbət açdı.
— Ekoloji problemlərin həlli məsələsində QHT-Dövlət əməkdaşlığı necə səviyyədədir?
-Fikrimcə, əməkdaşlığı qənaətbəxş hesab etmək olar. Dövlətin ekologiya sahəsində siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllində cəmiyyətin daha geniş iştirakını təmin etmək, eləcə də, nazirliyin öz vəzifə və funksiyaları çərçivəsində həyata keçirdiyi tədbirlər barədə əhalinin məlumatlılığının daha da artırılması məqsədilə müntəzəm olaraq nazirlik əməkdaşlarının, mütəxəssislərinin QHT-lərlə görüşləri, birgə tədbirləri keçirilir, fikir mübadiləsi aparılır. Müxtəlif ekoloji problemlərin həlli, bu sahədə qabaqcıl təcrübənin tətbiqi, yeni təkliflərin verilməsi ilə əlaqədar keçirilən müzakirələrdə, ölkəmizdə ətraf mühit sahəsində fəaliyyət göstərən QHT-lərin rəyləri də öyrənilir və təqdirəlayiq bilindiyi halda istifadə edilir. Müntəzəm olaraq KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunmaqla yanaşı, Nazirlik çərçivəsində keçirilən bütün tədbirlərdə ictimaiyyətin nümayəndələri iştirak edir və hər hansı bir ekoloji və ətraf mühitlə bağlı məsələ ilə əlaqədar yaradılan komissiyalarda onlar təmsil olunurlar.
Nazirliklə daimi işgüzar əlaqə saxlayan 30-dan artıq QHT, o cümlədən «Ekosfera» Sosial Ekoloji Mərkəzi, Heyvanların mühafizəsi cəmiyyəti, «Ornitologiya» cəmiyyəti, Beynəlxalq Ekoenergetika Akademiyası, «Ekores», Sosial Araşdırmalar Mərkəzi, «Ekoyl», «Yaşıllar» cəmiyyəti, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi, Ekoloji Problemlərin araşdırılması Mərkəzi, «Ekoleks» Hüquq Mərkəzi, İnsan və Ətraf Mühit, «Ekoqraf», Azərbaycan Respublikası Ekoloji İnnovasiya Mərkəzi, «Rüzgar» Ekoloji İctimai Birliyi, Davamlı inkişaf cəmiyyəti, «Ekosos», Energetika və ekologiya, Sosial Ekoloji Treninq Mərkəzi və bir sıra digər ekoloji QHT-lər, nazirliyin bütün tədbirlərinə cəlb edilir, onların təklif və sorğuları əsasında görüşlər təşkil olunur. Eyni zamanda, Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq ekoloji konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün işçi qrupları yaradılmışdır və bu qrupların tərkibinə də müvafiq QHT-nin nümayəndələri daxil edilmişdir.
— Son illərdə milli donor inistutlarının yaradılması QHT sektorunda çanlanma yarada bildimi?
— Əlbəttə, başqa sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli istiqamətində də QHT-lərin tədbirləri daha da sürətlənmiş və bir çanlanma yaranmışdır. Bu sahədə milli donor inistutlarının maliyyə dəstəyi ilə icra olumuş və icra olunmaqda olan QHT layihələrinə nəzər salmaqla bu canlanmanı müşahidə edə bilərik. «Dünya Gəncləri Alyansı» İctimai Birliyi tərəfindən icra edilən «Mənim şəhərim, mənim evim» ekoloji layihəsi Prezident yanında Gənclər Fondu tərəfindən dəstəklənmişdir. Layihə Bakı şəhər əhalisinin küçə və yollara, parklara məişət tullantılarının atılmasının qarşısı alınması üçün maarifləndirmə işini həyata keçirilib. Üzərində «Mənim şəhərim, mənim evim» və ya «Şəhərimizi təmiz saxlayaq» şüarları yazılmış avtomobil istifadəçiləri üçün daim istifadə etdikləri ətirli asılqanları, xanımlar üçün əl güzgüləri, kişilər üçün brelokların paylanması , dənizkənarı bulvarda və digər mərkəzi parklarda satılan, kütləvi istehlak olunan tumlar və plastik su qablarının üzərinə eyni şüarların yazıldığı stikerlərin yapışdırılmışdır.
Digər bir layihə isə 2012-ci ilin sentyabrından etibarən «Hüquqşünas Qadınlar Assosiasiyası» İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə «Gənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsi» adlı layihə olub. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində treninqlərin keçirilmiş və ekologiya hüququna dair məlumat kitabçası nəşr edilmişdir. Eyni zamnda, layihə çərçivəsində Bakı şəhərində «Əhalinin ekoloji hüquqları və onun müdafiəsi mexanizmləri» adlı bir günlük treninq keçirilmişdir. Treninqdə əhalinin ekoloji hüquqları barədə iştirakçılara ətraflı məlumat verilmiş, ekoloji hüquqların müdafiə mexanizmləri barədə və iştirakçılarla interaktiv məşğələ keçirilib.
Digər bir layihə isə ötən ildə Lənkəran şəhərində «Vətəndaş Cəmiyyəti Debat» İctimai Birliyi, ATƏT-in Bakı ofisi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA beynəlxalq kampaniyası, «Təmiz Şəhər» ASC tərəfindən «Green Corps Youth İnitiative» / «Yaşıl Korpus. Gənclər Təşəbbüsü» layihəsi həyata keçirilib. Layihə Lənkəran rayonunda keçirilib, iyun-dekabr aylarını əhatə edib və 2 hissədən ibarət olub. Layihənin birinci hissəsində «Green Corps Summer School» keçirilib.
İkinci hissəsində isə gənclər tərəfindən təqdim edilmiş aksiyaların icrası baş verib. Layihə bilik, bacarıqların artırılması və şəbəkələndirmə, maarifləndirmə, öyrənilmiş dərslərin planlaşdırılması tipində olmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Yaddaş» Maarifçi Gənclər İctimai Birliyi «Ətraf mühit və təhlükəsizlik: Ekoloji maarifləndirmə proqramı» adlı layihəni icra edir.Layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır. Ötən dövrdə, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Potensial» Sumqayıt Mütəxəssisləri Birliyi tərəfindən «Sumqayıt şəhəri və ətraf qəsəbələrdə sanitariya və ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkili», Ekoloji Maarifçilk və Monitorinq İctimai Birliyi tərəfindən «Azərbaycanda cari ekoloji çağrışlarla bağlı debatların keçirilməsi», «Biosfer» İctimai Birliyi tərəfindən «Ekoloji tədrisin keyfiyyətinin artırılmasına yardım» kimi layihələr də həyata keçirilmişdir.
— Aparılan araşdırma və müşahidələrə, bir sıra ekspert və QHT rəhbərlərinin fikirlərini ümumiləşdirsək, ekologiya sahəsində layihə həyata keçirən QHT-lərin qarşısında duran əsas vəzifələri necə qruplaşdırmaq olar?
— Əlbəttə, əsas məqsəd ölkə vətəndaşlarının diqqətini daim ekoloji problemlərin həllinə yönləndirməkdir. Fəal vətəndaşları ekoloji problemlərin həlli üzrə könüllülük hərəkatına qoşmaqdır. Sözsüz ki, vətəndaşların ekoloji problemlərə aid birgə layihələrin icrasına kömək etməsidir çox əhəmiyyətlidir. Bundan başqa, əhaliyə QHT-lər tərəfindən Azərbaycanda külək, Günəş enerjisindən, biokütlədən istifadənin səmərəliliyi haqqında məlumatlar aşılanmalı və bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir. Yaşıllıqların salınması istiqamətində böyük işlər görülməsinə baxmayaraq onların bu prosesi həyata keçirmək mexanizminə düzgün riayət edilmir. Məhz bu istiqamətdə ekoloji təşkilatlar monitoriqlər aparmalı, mütəmadi olaraq aidiyyatı qurumlarla əməkdaşlıq etməlidir.
Bu gün QHT sektoru çimərliklərin durumu ilə bağlı monitorinq aparıb problemləri qabartmaqla həllinə yardımçı olması çox vacibdir. Satılan qidaların keyfiyyəti ilə bağlı, onların sertifikatının tələb olunması üçün hüquqi biliklərin artırılması, maarifləndirmə istiqamətində fəaliyyətlərin təşkil olunması da az əhəmiyyət kəsb etmir. Ekoloji cinayətkarlıqla əlaqəli Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi daim QHT-lərin gündəmində olmalı və s.
Sonda qeyd edim ki, ekoloji problemlər ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür. Azərbaycanın dövlət strukturlarının və QHT-lərin fəal iştirak etdiyi digər regional ekoloji təşkilatlardan biri Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanın daxil olduğu Cənubi Qafqaz Regional Ekoloji Mərkəzidir. Mərkəzin yaradılmasında əsas məqsəd Cənubi Qafqazda ekoloji məsələlərin həllində və davamlı inkişafın təmin edilməsində hökumətlərarası (QHT-lərarası) əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsindən ibarətdir.