Əhməd Davudoğlu: “Krım türklərinin və Ukraynanın yanındayıq”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu nazirlikdə Krım Türkləri Dərnəklərinin təmsilçilərilə görüş keçirib. Davudoğlu təmsilçilərə “Türkiyə baş nazirinin, prezidentin, nazir olaraq mənim Krımda və ya dünyanın hər hansı yerində soydaşlarımızla bağlı hər hansı məsələyə biganə qala biləcəyimizi ağlınızın ucundan belə keçirməyin” söyləyib. Nazir Türkiyənin Krım türklərinə sahib çıxacağını və taleyin ümidinə buraxmayacağını nəzərə çatdırıb. Ə.Davudoğlu eyni zamanda Ukraynanın birliyini, ərazi bütövlüyünü də dəstəklədiklərini vurğulayıb. Nazir “Böhran masası”nın qurulduğunu və Ukrayna hadisələrinin Türkiyə siyasətinin diqqət mərkəzində olduğunu xüsusi qeyd edib. Davudoğlu Türkiyənin bütün imkanları ilə Ukraynanın, o cümlədən Krım türklərinin yanında olduğunu nəzərə çatdırıb.
Krım türkləri dərnəkləri başçılarından İzmir Krım Dərnək rəhbəri Erdin Boray Krım türklərinin tarix boyunca 3 dəfə yurd-yuvalarından qovulmalarına diqqət çəkib. İndi Rusiya ilə üz-üzə qaldıqlarını söyləyib. Krım türklərinin demokratik üsullarla mübarizələrini davam etdirmələrinin vacibliyi qeyd edilib. “Biz Krım türkləri uğrunda mübarizə aparırıq və Krım Milli Məclisinin yanındayıq, həm də liderimiz Abdulcəmil Krımoğlunun yanında olmağa davam edəcəyik”, — Boray bəyan edib (Turan).