Muəllif:

Əhədi kəsilmiş atları güllələyirlər, deyilmi?

Aydın Məmmədovla ilk müsahibəmdən ən çox yadımda qalmış ifadələrdən biridir. Həmin müsahibə maraqlı, öz dövrü üçün həddən artıq cəsarətli görünən fikirlərlə dolu idi. 1988-ci ilin iyun ayında «Molodyoj Azerbaydjana» qəzetində çap edildikdən sonra yazı cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. O zaman mətbu sözün hələ qədir-qiyməti, təsiri vardı. Aydın Məmmədova da elə bu lazım idi. İctimai-siyasi proseslərlə bağlı düşüncələrinin həm dövlət adamları, həm də xalq hərəkatının liderləri tərəfindən ciddiyə alınmadığından, bəzən istehza hədəfinə çevrildiyindən əziyyət çəkirdi. Qəzetin baş redaktoru Nəcəf Nəcəfov məqaləni uzun müddət çap etmədi: məqamını gözləyirdi. Aydın Məmmədov isə həftədə bir dəfə redaksiyaya baş çəkir, məndən dəqiq söz ala bilməyəndə hədələyirdi:
— Arif, o yazı getməsə, özümü asacağam, məktub qoyacağam ki, günahı sizdədir.
Mətbuat üçün sonuncu söhbətimiz faciəvi avtomobil qəzasından bir neçə gün əvvəl oldu. 1991-ci ilin aprel ayının ortalarında. Onda Aydın Məmmədov parlamentin komissiya sədri idi, populyarlığına görə ölkədə nə Mütəllibovdan, nə də Xalq Cəbhəsindən geri qalırdı. Üç il əvvəlki sözlərini xatırlatdım.
— Eh, — dedi, — xalq istəyir ki, sevdiyi şəxslər həmişə gözünün qabağında olsunlar: tribunada, ya dar ağacında — fərqi yoxdur.
Dəfnindən sonra isə mən Aydın Məmmədovun heç vaxt, heç yerdə, hətta son müsahibəsində də demədiyi sözlərini eşitdim. Təklikdə maqnitofon lentinə yazıb xəlvətdə saxladığı monoloquna qulaq asdım və onu kağıza köçürdüm.
2014-cü il yanvar ayının 16-da Aydın Məmmədovun 70 yaşı tamam olacaqdı. Son 23 ildə Azərbaycan onu qətiyyətli və mübariz ictimai-siyasi xadim, böyük alim, görkəmli türkoloq kimi tanıyıb. Amma ilk 47 ildə həmin Aydın Məmmədovun içində Olumla Ölüm nöqtəsi arasında həyatın mənası haqqında düşünən, özü və milləti üçün ədalət, həqiqət axtaran, adamları insanlığa çağıran bir Aydın Məmmədov da yaşayıb axı.
O illər kimin yadındadırsa, qoy Aydın Məmmədovun bizlərə mesajını oxuyub, ötən keşməkeşli, narahat günləri xatırlasın. Kimin yadına gəlmirsə və gələ də bilməzsə, qoy desin: Aydın Məmmədovun suallarını bu gün özümüz üçün təkrarlamağa azmı əsasımız var? «…Elə hey yadıma bir Amerika filmi düşür. O filmin adı belədir:»Əhədi kəsilmiş atları güllələyirlər, deyilmi?» Görənlərin yaxşı yadındadır: bu filmdə müəyyən pul məbləği, prizdən ötrü müxtəlif təbəqələrə məxsus, həyatda bütün arzu və ümidlərini itirmiş, bəlkə də, gündəlik yeməyə belə imkanı olmayan adamlar — qadınlar, yaşlılar, cavanlar səhərdən-axşama kimi dayanmadan rəqs edirlər. Get-gedə onların sıraları seyrəkləşir, güçsüzlər aradan çıxır, axıra təkcə bir cüt qalır, əhədi kəsilmiş bir cüt. Və filmin axırında belə bəlli olur ki, həmin elan olunmuş prizin özü də müəyyən mənada illüziya imiş. Bu filmə mən dəfələrlə baxmışam və bu film çoxdan nümayiş etdirilsə də, keçən uzun vaxt ərzində dəfələrlə onun üzərinə qayıtmışam. Son vaxtlar isə o, demək olar ki, hər gün, hər səhər, hər axşam yadıma düşür. Və mənə belə gəlir ki, biz illüziyadan, xəyaldan başqa bir şey olmayan hansısa bir uduş uğrunda səhərdən-axşama kimi rəqs edən o zavallılara bənzəyirik.
Bizə nə vəd olunub? Biz nə istəyirik? Bizə vəd olunan şeyin mahiyyətini, qiymətini, dəyərini özümüz üçün düzgünmü müəyyənləşdirmişik? Və yaxud dəli kimi hayqıra-hayqıra, qışqıra-qışqıra, bir-birimizi itələyə-itələyə, dümsüklüyə-dümsüklüyə gah yavaş, gah yorğa, gah da nəfəsi kəsilə-kəsilə, sürünə-sürünə işığına getmiş olduğumuz o arzu deyilən bir şeyin özü bizim üçün tam aydınlığı ilə bəllidirmi? Mahiyyətini bilirikmi? Bilirikmi ki, bu, bizim, doğrudan da, həyatımız boyu arzuladığımız, gözlədiyimiz o böyük arzudur, yoxsa bu da milyon-milyon arzularımız kimi bir yol dolanbacında, bir dalanda qismətimizə çıxandan sonra dişimizə vurub ayaqlarımızın altına tullayacağımız və üstündən adlayıb keçəcəyimiz arzulardan biridir? Yüz minlərlə suallarımız var. Və bu sualları elə bil dünya bir dərd kimi, bir sər kimi, bir yağışı kimi, qarı kimi atıb bizim üstümüzə. Biz də bu sualları çuvallarımıza yığır, qucaq-qucaq, anbar-anbar toplayırıq. Və Allahın bir insaflı bəndəsi də yoxdur deyə ki, ay İnsan, bu qədər sualları dağ anbarı yığmısan üst-üstə, bəs onların hansı birinin cavabını tapmısan? Və yaxud cavabını tapmağa iqtidarın, ağlın və gücün var?
Dünyanın materialist dərkinin təbliğindən aldığımız dərslərimizi, inanclarımızı və ümidlərimizi günlərin bir günü yolun ortasında qoyduq, nə idealistə çevrilə bildik, nə materialist təlimindən uzaqlaşa bildik. Həmin yolun ortasında allahsızlığımız da davam edir, yeni peyda olmuş münəccimlərə, o münəccimlərin yüz min cadugərliyinə, qabiliyyətinə inamımız da. Nə dünəndəki kimi dünənik, nə sabahdakına adlayıb keçə bilirik, yolumuzun ortasında daş kimi qıvrılıb qalmışıq, arxadan gələn itələyir, irəlidə gedən isə dabanı ilə vurub yenə fırladır bizi yolun ortasına. Beləcə quruyub qalırıq, qaldıqca da sualların qalağı artır, cavabını tapa bilmirik, başımıza döyüb Allahımızdan ümid istəyirik. Ulu Tanrı da, deyəsən, güçsüzlüyümüzü və qüdrətsizliyimizi görüb bizim başımızın üstündəki göy nahiyyəsindən çıxıb gedib hansısa bir yerə, ağıllı başları, səmimi ürəkləri, öz qiymətini bilənləri idarə eləmək, onların arzularını yerinə yetirmək üçün…
İçimizdəki bu tufanla, bu tüğyanla evimizdən çıxıb işə gəlir, işimizdə özümüzə qərar tuta bilmirik. İşimizdən də işin axırı başılovlu, dünyanın bütün dərdləri ilə həmkarlarımızın ürəyimizə vurmuş olduğu xəncər yarası ilə, dil yarası ilə, intriqa yarası ilə, mübahisəsi ilə, davası ilə içimiz-çölümüz dolu, belimiz bükülmüş halda qayıdırıq evimizə, evimizin qapısını açıb içəri keçirik, bir mənzilin qayğısı sual olub sualların dalına düzülür: Paltar aldınmı? Çörək gətirdinmi? Bazara getdinmi? Həkimdən dərman tapdınmı? Rayona zəng etdinmi? Və ilaxır. Bir təhər bu sualların hər birindən yaxa qurtarıb, birinə «hə», birinə «yox» cavabı verib, bir səbət, bir zənbil sualın əlindən əsəbiləşib kəlləmizə vura-vura süfrəmizə qoyulan alayarımçıq, yarısoyuq-yarıisti çörəyimizi yeyib, yerimizə uzanıb dünyanın bütün yükü beynimizdə qəribə bir yuxuya gedirik. İlahi, yuxuda da hiss edirik ki, bu dünyada insan üçün ən böyük rahatlıq və nemət olan yuxu kimi bir şeyin də dadı qaçıb, yuxumuz elə bil ki, narkoz altında yatan xəstənin uyumasıdır, özündən getməsidir. Bir insan yuxusu da yata bilmirik, İlahi. Bir insan yuxusu da gözlərimizi elə bil ki, qamarlayıb özünün ağuşuna ala bilmir. Beləcə özündən getmiş, yarıbihuş halda qarmaqarışıq yuxularla sabah adlanan üzüntülü bir dünya qapısını açır, ayağa durur, tələm-tələsik yenə də dünyanın mənzilboyu suallarını çiynimizə alıb, qapımızdan çıxıb, şəhər adlı böyük bir qalmaqalın, qələbəliyin içindən keçib dünənki iş yerimizə, dünənki intriqaların, sözlərin, söhbətlərin yuvasına qayıdırıq. Başımız o qədər qatılır ki, içimiz o qədər göynəyir ki, burulğanlar o qədər bizi sağdan-sola, soldan-sağa, yuxarıdan-aşağı, aşağıdan-yuxarı fırlayır ki, bir an da, bir dəqiqə də olsun düşünə bilmirik ki, eyvah, axı bu hədər gedən anlarımız, dəqiqələrimiz, saatlarımız üst-üstə yığılıb Allahın bizə vermiş olduğu qısaca bir ömrü təşkil edir. Axı bu ömür OLUMla başlasa da, onun ÖLÜM adlı bir nöqtəsi var. Və bu qalmaqalla, bu qeylü-qalla biz əslində hər gün, hər saat, hər dəqiqədə olum nöqtəsindən ölüm nöqtəsinə sarı yaxınlaşırıq. Ölümdən sonra isə hələlik bizim üçün bəlli heç nə yoxdur. Bəlkə də nə isə var, amma bildiyimiz odur ki, ölümdən o yana nə olacağı bizim üçün qapqaranlıqdır. Bizsə saniyələrlə, dəqiqələrlə, günlərlə, aylarla, illərlə əlüstü vidalaşa-vidalaşa, əhədi kəsilmiş atlar kimi sürünə-sürünə, qalxa-qalxa, yıxıla-yıxıla, dura-dura OLUM adlı çıxış nöqtəsindən ÖLÜM adlı bir nöqtəyə hey yaxınlaşırıq. Amma bunu nə ağlımız dərk edir, nə ürəyimiz hiss edir. Bircə hansısa nöqtələrin birində nəfəsimiz kəsilib əlimiz sancılı ürəyimizin üstünə qeyri-ixtiyari toxunanda canımızdan bir qorxu keçir: «Nə verəsən?» «Nə verəsən?» Bir şair demişkən, nə verəsən, kəsib yolumuzu o bədheybət varlıq deyəcək: «Salaməleyküm, gəlmişəm, çatmışam, sən də artıq mənzil başındasan…».
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 339