Ədalət Tahirzadə: “Xarici arxivlərdə Rəsulzadə ilə bağlı minlərlə material var”
Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə “Obyektiv” televiziyasına (www.Obyektiv.tv) müsahibəsində Məhəmməd Əmin Rəsulzadə ilə bağlı aparılan tədqiatlar, əsərlərinin dərci, arxiv materiallarından danışıb. Tahizadə bildirib ki, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin 10 cildliyini çapa hazırlayıb. İndiyədək külliyatın 5 cildi çap olunub.
Tədqiatçı alim deyib ki, M.Ə.Rəsulzadənin “İran türkləri”, “Qafqaz türkləri”, “Əsrimizin səyavuşu” , “Çağdaş Azərbaycan ədəbiyyatı”. “Çağdaş Azərbaycan tarixi” və başqa əsərləri də ayrıca kitablar şəklində çap olunub.
Azərbaycanın YUNESKO-da uzun müddət nümayəndəsi olmuş Ramiz Abutalıbov Fransadan M.Ə.Rəsulzadə, azərbaycanlıların mühacirət həyatı ilə bağlı minlərlə sənəd əldə edib. R.Abutalıbov Moskvada rus dilində M.Ə.Rəsulzadənin mühacirət həyatı dövründə yazdığı əsərləri, məktubları dərc etdirib.
Türkiyədə Egey Univesitetinin professoru Yavuz Akpinar Rəsulzadənin Türkiyədə yazdığı əsərləri və məktublarını nəşrə hazırlayıb.
Ə.Tahirzadə xarici ölkələrin arxivlərində Azərbaycan Respublikası ilə bağlı çoxsaylı materialların olduğunu deyib. “Bu materialların işlənməsi və ölkəyə gətirilməsi üçün işlər aparılmalıdır. Bu arxiv materialalrı Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixidir”, — o qeyd edib.
Tədqiqatçı hesab edir ki, 1918-ci ildə qurulmuş respublikanın adı bu gün düzgün yazılmır. “Mən 1918-1920-ci illərdə çoxsaylı dövlət sənədlərini tədqiq etmişəm. İstər rəsmi sənədlərdə, blanklarda, möhürlərdə bu gün səsləndirilən Azərbaycan Demokratik Respublikası və ya Azərbaycan Xalq Cümhuriyyəti sözləri yazılmayıb. Bütün sənədlərdə dövlətin adı Azərbaycan Respublikasıdır ”, — o vurğulayıb (Turan).