Düşmən kəndli qadını ayağından yaralayıb
Yanvarın 23-də saat 21.45-dən başlayaraq 00.00 radələrinədək Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən əsasən yandırıcı trasser güllələrdən intensiv atəşə tutulub. Atəşkəsin pozulması nəticəsində kənddəki evlərdən birində yaşayan 1 uşaq anası 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Əhməd qızı ayaq nahiyəsindən yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tovuz rayonu İH-nin Əlibəyli kəndi üzrə nümayəndəsi Valeh Rzayevin APA-ya verdiyi məlumata görə, yandırıcı trasser güllələrdən açılan atəş nəticəsində qeyd olunan evdə yanğın başlayıb, lakin tez bir zamanda söndürülüb.
Əlibəyli — bu qəhrəman kənd Tovuz rayonunun düşmənlə təmas xəttinə ən yaxın yerdədir. Kəndin Ermənistanın Berd rayonunun 4 yaşayış massivi ilə 17 km sərhədi var.
Əlibəyli kəndi son bir neçə gündür axşam saatlarında düşmənin intensiv atəşinə məruz qalır.