O dünyaya məktub
Deyə bilmərəm ki, ölümün nə demək olduğunu bilirəm. Bilmirəm, çünki hələ dadmamışam. Heç kim dadmayıb. Ölümün dadını heç birimiz bilmirik. O gələndə biz «evdə olmuruq». Biz ona gedəndə isə hiss eləmirik. Amma sən ölüm nədir, bunu bilirsən. Sadəcə, ona görə yox ki, indi ölmüsən, ölüsən. Həm də ona görə ki, indi bizə baxıb gülürsən. Təkcə sən yox, mənə elə gəlir ki, bütün ölülər bizə baxıb gülür. Ürəklərindəmi, haralarındasa bizə baxıb gülürlər. Ən azı gündə beş-altı dəfə «nə gündəsiniz» deyirlər.
Əvvəlcə onu deyim ki, «siz tərəf»ə gələndən sonra buradakılara məndən nə boşboğazlıq dolu roman, povest, hekayə qalacaq, nə də tualet kağızı kimi uzanan, terminlərlə dolu yazılar. Uzaqbaşı üç-dörd cızma-qaram var ki, onlar da heç kimə maraqlı deyil. Qalanlarını isə işlədiyim saytlar «IP» deyilən merəti yığsın deyə tirajlamışıq.
«IP»ni soruşacaqsansa, at yarışı kimi bir şeydir. At yarışlarında atlar, mətbuatda isə jurnalistləri qamçılayıb qaçırdırlar. Burda da «atlara» pul qoyurlar. Amma pul sonda «at»a yox, atı qaçırdana qalır.
Beləliklə «IP» adlanan merət qalxır. Qalxdıqca da sayt sahibkarlarının reklamverənləri çoxalır. Bu məsələdə reklamverənlərin verməyi bizim üçün heç nəyi dəyişmir. Ağlına elə gəlməsin ki, reklamverənlər çoxaldıqca jurnalistlərin maaşı artır. Necə deyərlər, o işin bu işə dəxli yoxdur.
Qısacası, o tərəfdən bu tərəfə baxıb güldüklərindən çox, ağlamalı olduqların var.
Qalmışıq beş-altı bığıburma kişinin əlində əsir-yesir. Sən adını «Əkinçi» qoyduğun matahı belədən-belə, elədən-elə necə lazımdır, əkib becərirlər. Burada sözün, hər sözdeyənin öz qiyməti var. Dediyim beş-altı bığlı kişi pulunu verib söz yazdırır. Yazdırmaq üçün isə manqa başçıları seçilir. Pulu dəstələyib manqa başçılarına verirlər. Manqa başçıları daha çox kəndlərdən seçilir. Buna da səbəb kənd qızlarının tarla, kolxoz işlərində təcrübəli olmalarından irəli gəlir. Beləliklə, bığıburma kişilər qoluyoğun kənd qızları arasında pulları paylaşdırır.
Hazırda kolxozda (mediada) işlər yağ kimi gedir. Məsələn, əvvəllər işlədiyimiz müxalifət qəzetlərinin baş redaktorlarından 10 manat maaş qopara bilməyən biz kolxozçular (jurnalistlər) indi nəinki yüksək maaş, hətta pulsuz ev də alırıq. Təkcə bununla bitmir. Həyatımız rənglənib. Manqa başçıları kişi jurnalistləri xoruz davasına buraxıb. Onlar «sahibələri»ni müdafiə edir, biz də baxıb əylənirik. Daha sonra canım sənə desin, bizdə təzə söz çıxıb — «nurçu». Əvvəllər pulu çox olana «pullu», «korrupsioner» deyirdilərsə, indi «nurçu» deyirlər. Sən öz vaxtında hacılardan pul qoparıb qəzet çıxarırdın, biz də «işıqçı»lardan.
İndi adı «jurnalist», mahiyyəti kolxozçu olanlara konkret qiymət biçilib. Biçilən qiymət isə onun əvvəllər nə qədər «müxalifətçi takılmasına» bağlıdır. Altı-yeddi il əvvəl müxalifət qəzetlərində «mənfur rejim, tayfa-klan» yazmaqdan barmağı qabar atmış oğlanlar hərəsi bir plazada oturub paşa-paşa saytlarını çıxarır, arada sosial şəbəkələrdə manqa başçılarına görə qan tökürlər. Hər şeyin, hamının öz qiyməti var. Hər şey təklifdən asılıdır. Təkliflər müxtəlif və rəngarəngdir. Günümüz o gündədir ki, media nümayəndəsinə indi təklif olunan ən əxlaqlı iş məhz yataq təklifidir.
Sənin də qanını çox qaraltmayım. Olanı dedim. «Sən tərəf»ə gələndə boynumda bığlı kişi noxtası olmasın deyə dərdimi sənə açdım. O tərəfdə də qəzet çıxarırsansa, yazdıqlarımı manşet elə. Başlığı isə belə qoy: «Mətbuatın dünyasını dəyişməsindən filan qədər il keçir».