Drezdenin şəhər nəqliyyatında Xocalı soyqırımı videoçarxı göstərilir
Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımı videoçarxı nümayiş etdirilir. Diasporla İş üzrə Dövlət Komitəsindən yayılan xəbərə görə, Saksoniyanın inzibati mərkəzi olan Drezdendə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişini təşkil edib. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-i və 16-da hər gün 24 saat ərzində hər 5 dəqiqədən bir 20 saniyəlik Xocalı videoçarxı göstərilib. Videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı və faciənin baş verdiyi tarix 26.02.1992 yazılır. Daha sonra „Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı faciəsinin qurbanlarını anır“, „Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8“, „Azərbaycana qarşı insanlıq suçu“ yazıları bir-birini əvəz edir. Videoçarxın nümayişi fevralın 25, 26 və 27-də də gün ərzində davam etdiriləcək.
Bu aksiya ilə yanaşı, Drezdendə Xocalı soyqırımında həlak olanların xatirəsinin anım mərasimi də təşkil olunub. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qətliam haqqında qonaqlara ətraflı məlumat verib.
Daha sonra tədbirdə Saksoniyanın Xaricilərlə İş üzrə Şurasının deputatı, həmyerlimiz Azad Məmmədov və xanımı D.Weisgerber almanca çıxış edərək Xocalı soyqırımının dünyaya tanıdılmasının və qəbul etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin hazırda işğalçı Ermənistanın başında duran Sarkisyanın bu soyqırımında bilavasitə iştirakı və törətdiyi insanlığa sığmayan cinayət əməllərini qəhrəmanlıq kimi qələmə verməyi qəti şəkildə pisləyiblər.
Xocalı qurbanlarının xatirə gecəsində Almaniyada yaşayan soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin nümayəndələri və digər xalqların təmsilçiləri də iştirak edib.