Dövlət ittihamçısı Tofiq Yaqubluya 7 il, İlqar Məmmədova isə 8 il cəza istəyir
Şəki Ağır Cinayətlər Məhkəməsində prokuror ötən il yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı tutulan şəxslərə iş istəyib. Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun 7 il, REAL Hərəkatının sədri İlqar Məmmədovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses günün ikinci yarısında davam etdiriləcək.
İttihamnaməyə görə, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədova qarşı CM 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ötən il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.