Dövlət bayraqlarından konfet şəklində heykəllər…
Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraş Lorens Cenkellin fərdi sərgisinin açılış mərasimi keçiriləcək. Sərgidə müxtəlif ölkələrin bayraqlarının qeyri-adi formada — konfet şəklində heykəlləri nümayiş olunacaq. Müəllifin Bakıda açılan ilk fərdi sərgisində ümumilikdə 26 əsər təqdim ediləcək. Ziyarətçilər Almaniya, ABŞ, Argentina, Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı, Koreya, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland, Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa Birliyinin bayraqlarını fərqli formada görə biləcəklər. Sərgidə Azərbaycan bayrağının da heykəli nümayiş olunacaq.
Qeyd edək ki, müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda “Böyük iyirmilik” ölkələrinin (G20) sammitində təşkil olunub. Həmin tarixdə Lorens Cenkell zirvə toplantısı üçün “Böyük iyirmiliyə” üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlayıb.
Lorens Cenkell 1965-ci ildə doğulub. Hazırda Fransanın Alp-Maritim bölgəsindəki Valloris şəhərciyində yaşayır və fəaliyyət göstərir. Sənətin sirlərinə müstəqil şəkildə yiyələnən müəllifin müxtəlif vasitələrlə eksperimentləri, yaradıcılıq axtarışları uğurla nəticələnib. Pleksiqlasdan istifadə etməklə “bükmə” texnikasına yiyələnmə Lorens Cenkellə hazırda dünyada məşhur olan konfet formasında heykəlləri yaratmağa imkan verib. Əsasən pleksiqlasla işləyən heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da əsərləri var.
Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri, bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Lorens Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənib.
Bakıda təşkil olunan sərgi oktyabrın 31-dək davam edəcək.