Donetsk vilayətində antiterror əməliyyatları başlanıb: ölçülü-biçili…
Maydan hərəkatının fəallarından formalaşdırılmış Milli Qvardiyanın ilk batalyonu şərqə göndərilib. Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Donetsk vilayətində antiterror əməliyyatının başlandığını açıqlayıb. Turçinov Ali Radanın iclasında aprelin 15-nə keçən gecə Donetsk vilayətinin şimalında antiterror əməliyyatına start verildiyini söyləyib:
“Əməliyyat mərhələli, məsuliyyətlə və ölçülüb-biçilmiş şəkildə həyata keçiriləcək. Məqsəd Ukrayna vətəndaşlarını müdafiə etməkdir”.
Turçinov şərq vilayətlərində milis orqanlarının yenilənməsi prosesinin getdiyini də söyləyib. O, Kiyevdə Ali Radanın binası qarşısında piket keçirənləri milisə, Milli Qvardiyaya və orduya yazılmağı tövsiyə edib.
Aprelin 14-də Turçinov “Terror təhlükəsinin qarşısının alınması və Ukraynanın ərazi bütövlüyünün qorunması üçün təxirəsalınmaz tədbirlər haqqında” Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının icraya yönəldilməsi barədə fərman imzalayıb. Bu qərara əsasən antiterror əməliyyatına Ukrayna Silahlı Qüvvələri də qoşulacaq. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy Maydan hərəkatının fəallarından formalaşdırılmış Milli Qvardiyanın ilk batalyonunun şərqə göndərildiyini açıqlayıb.
İlkin məlumatlara görə, Donetsk vilayətinin Kramatorsk şəhərinin milis idarəsini ələ keçirmiş naməlum şəxslər artıq binanı tərk ediblər.