Dilimizə qayğı lafı
Hara çevirsən, yenə dilimizin indiki vəziyyəti ilə bağlı mövzudan yan keçmək olmur. Televiziya və radiolardakı dil biabırçılığı, çevrəmizdə dilə sayğısız münasibət daim adamın beynini məşğul edir. Niyə bu gündəyik, nədən bu yerə gəlib çıxdıq sualları adamın içini didir. Dünən (fevralın 21-i) Beynəlxalq Ana dili günündə bu mövzu mənim üçün daha aktuallaşdı.
***
Dil haqqında çox hikmətlər deyilib, hamısında da dilin insanın, millətin varlığı, onun mənəvi aləmi ilə sıx bağlı olması ayrıca vurğulanıb. Adi bir insan da, böyük bir millət də dilin sayəsində var olur, yaşayır. Buna görə «dil xalqın ruhudur. Xalqın ruhu ölərsə, dili də ölər» (V.Humboldt). Dil yaşayırsa, xalq da yaşayır və özünün mövcudluğunu, yaratdığı mənəvi sərvətlərini məhz bu dildə ifadə edərək dünyaya çatdırır. Deməli, bir xalqın ana dili, həm də onun milli varlığının və mənəvi aləminin ifadəsidir. Xalqın mənəvi qüdrəti onun dilinin də gücü və qüdrətidir.
Neçə illərdir ki, Bakıda, İstanbulda və Ankarada Türk dili olimpiadalarında iştirak edərkən bu hikmətlər daim beynimdə dolaşır. Bu olimpiadaların adamı məst edən gerçək havasını duyan kimi bir başqa ovqat yaranır. Onda dərk edirsən ki, bu ovqatı heç bir hikmət ifadə etmək gücündə deyil, burada bütün müdrik düşüncələr, sanki hiss və duyğulardan qanad taxaraq insanı özünün də ilk baxışdan anlamadığı bir qavrayış mərtəbəsinə qaldırır. Bu ali mərtəbədə çox gizli qatlar açılır və sən özünlə mənsub olduğun dil və həm də bu dilin daşıyıcısı olan toplum arasında sözlə ifadəolunmaz ilahi bir yaxınlıq duyursan.
Əzəmətli salonların zəhmli aurasından çəkinməyən çiçək kimi zərif və məsum uşaqların dilindən qopan ifadəli şeir parçalarını, mükalimələri, lirik mahnıları dinləyərkən minlərlə insan kimi sən də kövrəlir, özünü göyün yeddinci qatında hiss edir, dilin sehri, cazibəsi, gücü və ülviyyəti haqqında düşünürsən. Nə gizlədim, türk dilini bütün dünyaya yayan, sanki ona bir özəl status qazandıran bu olimpiadalardan sonra hər dəfə düşünürdüm ki, ilahi, nə olaydı Azərbaycan dili ilə də bağlı belə bir yarışma keçiriləydi. Nə yaxşı ki, Azərbaycan təhsilinə misilsiz töhfələr vermiş «Çağ öyrətim» ötən ildən dilimizə layiq olduğu ehtiramı göstərərək bu sahədə də yarışmalara start verib. Deyəsən, bu il fərqli yanaşma olacaq, Azərbaycan və türk dillərində şeir və mahnılar birgə səslənəcək. Olsun, yağı balla qatanda ləzzəti bir az da artır.
Yağ-bal öz yerində, amma doğrudanmı ana dilimizə belə dadlı sevgi göstərilir. Malisəf! Bu gün kimi dindirsən, Azərbaycan dilinin gözəlliyi, zərifliyi, qədimliyi, işləkliyi haqqında çox bəlağətli sözlər danışacaq, dilə qayğının, dili sevməyin önəmini deyəcək. Amma bildirəndə ki, gəlin dilimizin problemlərini həll etmək üçün flan işi görək, onda çevrəndə heç kimi tapmayacaqsan. Deməli, sözdə dilə sevgi keçərli deyil, istənilən sevginin sübutu əməldir, işdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dili olimpiadasının keçirilməsi bu dilə, həmin dilin daşıyıcısı olan millətə, xalqa və dövlətə səmimi bir sevginin ifadəsidir. Təbii ki, həm də dillə bağlı sıxıntıları göz önünə gətirir.
Dilin sıxıntıları isə az deyil və əksəriyyəti də dilə biganəlikdən, laqeydlikdən, ona sevgi qıtlığından qaynaqlanır. Mən dilçilik elmimizin bəsitlik məngənəsində vurnuxduğunu, hələ də dilə yalnız söz səviyyəsində yanaşmasını bir yana qoyuram. Bəs praktikada, gerçəkdə nə baş verir? Niyə dilə sevgini duymuruq? Bəzən orta və ali məktəblərdə Azərbaycan dilinin aparıcı mövqeyinə olan soyuq münasibəti anlamaq olmur, mühazirə yazan, imtahan verən ali məktəb tələbəsinin dil qaydalarını bilməməsi adamı məyus edir. Ekran-efirdə Azərbaycan dilini bilməyənlərin, dilə sayğısız yanaşanların çoxalması da ürəkaçan mənzərə yaratmır. Kamera qarşısında dil qaydalarını tez-tez pozurlar, bəzən tamamilə başqa dillərin intonasiyası ilə danışırlar. Dil normaları tapdalandıqca, dilin zərifliyinə, incəliyinə kölgə düşür.
Şəhərin mərkəzi küçələrində, adamların gur olduğu gəzinti yerlərində yan-yörənizdən keçən adamların, hətta sizə tanış olanların belə danışığına diqqət yetirmisinizmi? Əda ilə rusca danışanların hələ də adam arasında özlərini bu dildə ifadə etmələrini kübarlıq sayması görəsən hansı düşüncənin məhsuludur? Ölkəmiz 20 ildən çoxdur ki, müstəqildir, amma hələ də iki azərbaycanlı bir-birilə rusca danışır. Özünə dəyər verən başqa xalqlar belə şeylərə simasızlıq kimi, bizsə «mədəniyyət» göstəricisi kimi baxırıq.
Dil canlı orqanizmdir, sevgini də, laqeydliyi də tez duyur. Əminəm ki, dil olimpiadasının qızmar ab-havası, bu tədbirin təşkili üçün əziyyət çəkən dəyərli insanların səmimi sevgisi dilimizin ruhuna hopacaq. Dilimiz daim möhtac olduğu bu sevgini mütləq duyacaq və böyüklü-kiçikli biz hamımız bu sevginin sayəsində ürəkləri riqqətə gətirən gerçək bir dil bayramının sevincini yaşayacağıq.
***
Amerika yazıçısı E.Doktorounun «Yaradılış himni» məqaləsindən bu sözlər yaddaşımda ilişib qalıb: kimsə fizika və ya kimyadan baş çıxarmaya bilər, çünki bu sahələri nisbətən az adam bilir, amma hamı dillə bağlıdır, çünki hamı danışır». Danışanda adam kimi, dili incitmədən danışaq, olarmı?
[email protected]