Muəllif:

Dil birliyi türk xalqlarının tərəqqisi olacaq

Əli bəy Hüseynzadə həyatı boyu türkçülüyə xidmət etmiş və türkçülüyü ideologiya səviyyəsinə qaldırmış böyük bir şəxsiyyət olmuşdur.Türk xalqları və onların dili onu yaşamı boyu düşündürən bir problem kimi diqqəti çəkir. Müxtəlif mətbuat orqanlarında türk xalqlarının problemlərini, xüsusilə də dil məsələlərini işıqlandıran yazıları buna ən mükəmməl örnəkdir. Əli bəyin «Kaspi» qəzetində azərbaycanlıların haqlarını tələb və müdafiə edən yazıları, «Türk» qəzetinə göndərdiyi, Y.Akçuranın «Üç tərzi siyasət» məqaləsinə yazdığı cavab xarakterli «Məktubi-məxsus» («Turani» imzası ilə), «Həyat» qəzeti və «Füyuzat» jurnalında türk mövzusundakı yazıları və Azərbaycandan getdikdən sonra iştirak etdiyi mətbuat orqanlarındakı məqalələri onun bu sahədə əsas məqsədini göstərən nümunələrdir.

«Mən milliyyətpərvər bir insanam, türkəm» deyən Əli bəy Hüseynzadə mənsub olduğu millətin dilinə çox böyük həssaslıqla yanaşırdı. Türk xalqlarının dilinə təcavüz, türk dilləri arasında ayrılıqların yaranıb inkişaf etməsi və bunun gündən-günə artması səbəbiylə türklərin bir-birini anlamaması, ona görə də bir-birini yetərincə tanımaması məsələləri böyük filosofu dərindən düşündürən problemlər idi. XX yüzilin əvvəlində bu məsələlər Azərbaycan ziyalılarının fikrini məşğul edir və onlar həmin problemlərdən xilas olmaq yollarını arayırdılar.

«Öz ehtiyaclarını» danışmağa ixtiyarı qalmayan türklərin ən böyük faciəsini və ən böyük gələcəyini dildə görən ziyalılardan biri və birincilərindən olan Əli bəy, bu baxımdan, baş rola sahib idi. Türklərin dil «faciələri» müqabilində Əli bəy bir işıqlı yol, gerçəyə çevriləcək, gələcəyə aparacaq bir nicat görür, güvənc yeri olan bir faktla qürur duyurdu. Bu, türk dilinin çox mühüm və spesifik bir əlaməti — özünüqoruma qabiliyyəti idi və Əli bəy bu dəyəri çox yüksək qiymətləndirir, bu xüsusiyyəti türk dilinin əbədiliyini, yaşamını müəyyənləşdirən bir özəllik hesab edirdi.

O, ibtidai təhsilini acı-acı xatırlayaraq yazırdı: «Bir uşağın bu surətlə öz ana dili ta ibtidadan ihmal olunub ona zorla əcnəbi dilləri təhsil etdirilsə, nə nəticə hasil olur? Şu nəticə hasil olur ki, o uşaq iki-üç bəylik imkana müqabil bir dildə yazıb oxumaq, bu dildə yazılan kitabları oxuyub anlamaq istərkən heç bir dildə nə yazmağı, nə də oxumağı bilməz! Asanlıqla ögrənə biləcəyi öz ana türkcəsini ihmal edildiyi üçün türkcə bilməz! Çətinliklə ögrəndiyi farisi və ərəbi natamam qaldığı üçün farisi və ərəbi bilməz!»

Əli bəy dili, üslubu və dilçilik görüşləri ilə Azərbaycan ədəbi dilinin mürəkkəb bir mərhələsi, ağır bir yaxın keçmişini əks etdirir. O yazırdı ki,  «Azərbaycan xalqının şərəfli keçmişi təkcə tarix kitablarına yazılmayıb, o həm də dilin «yaddaşına» səpələnib qalmışdır». Bu mənada, Əli bəyin başçılıq etdiyi «Füyuzat» jurnalı həmin yaddaşın maraqlı və mübahisəli bir nümunəsidir. Əli bəy jurnalın səhifələrində türk dillərinin quruluşu, keçmişi, bu günü, gələcəyi, xarakterik xüsusiyyətləri, dünya mədəniyyətində yeri, etnogenezi və s. məsələləri işıqlandırmışdır.

Əli bəy türk xalqlarının dilini ümumi türk dilinin şivələri hesab edirdi. Bu fikrinə görə, onu öz doğma dilinə ögey münasibət göstərməkdə təqsirləndirənlər olmuşdur. Lakin bu, Əli bəyin türk xalqlarını bir millət halında birləşdirmək ideyalarından irəli gəlirdi. Əli bəyin Azərbaycanda «Həyat» və «Füyuzat»da fəaliyyəti, Türkiyədə «Türk yurdu» jurnalında, «Türk ocağı» dərnəyində, «Xalqa doğru», «Məlumat», «Yeni məcmuə» kimi mətbuat orqanlarında iştirakı, «Turan» heyətinin tərkibində Qərbi Avropa ölkələrində çıxışları, Budapeştdə alman dilində nəşr olunan «Rusiya müsəlmanlarının tələbləri» kitabında Rusiyanın tərkibindəki altı müsəlman ölkəsinin müstəqilliyini iddia etməsi, Berlində «Türk qövmləri konqresi»ndə irəli sürdüyü fikirlər və s. türklər və onların dili ilə bağlı problemlərin həllinə yönəlmişdi. Millətinin dil problemləri onun türkçülük ideyalarının əsas səbəblərindən biri idi.

 Türk xalqlarının dilini ümumi türk dilinin şivələri hesab edirdi

Əli bəy Hüseynzadənin dilçilik elmi sahəsindəki fəaliyyətində üç əsas məqsəd diqqəti cəlb edir:

1. Eyni ölkənin müxtəlif bölgələrindəki türk şivələri arasındakı fərqlərin aradan qaldırılması;

2. Istanbul türkcəsinin Azərbaycanda yayılması;

3. Türk millətinə məxsus olan ayrı-ayrı türk xalqlarının dilləri arasındakı fərqlərin aradan qaldırılması və nəticədə vahid ümumtürk dilinin yaradılması.

Birinci məsələni Əli bəy Hüseynzadə hələ «Həyat» qəzetində ciddi şəkildə qoymuşdur. Müxtəlif bölgələrdən qəzetə göndərilən yazıların hamısı türk dilində idi, lakin biri Bakı ləhcəsində, biri Qarabağ ləhcəsində, digəri Qazan ləhcəsində və s. yazıldığından onların arasındakı ayrılıqlar dərhal üzə çıxır, bu fakt türk dilinin gələcəyi üçün təhlükə hesab edilir və bu təhlükənin vaxtında dəf edilməsinin yolları göstərilirdi.

Birinci məsələ dil sahəsində ilk böyük problem kimi qarşıda dururdu. Azərbaycanda Qarabağ, Gəncə, Şirvan və s. şivələri, Osmanlı, Iran sərhədinə yaxın olanların, Rusiyada yaşayan türklərin öz şivələri mövcud idi. Bu şivələrin bir araya gəlməməsi vahid dilin inkişafına mane olurdu: «Bakı şivəsi iləmi yazaq? Yazarsaq qorxuram ki, qeyri türklər içində, türkcəyi yaxşı bilən türklər içində rüsvay oluruz!..» Dilimizin təmizlik və tərəqqisi üçün çıxış yolu axtaran Əli bəy ayrı-ayrı şivələrin hər birinin nöqsanlı olduğunu göstərirdi. Bu şivələr içində leksik baxımdan kasıb olanları da var idi: «Bəzi şivələrdə əfkari-aliyə və hikəmiyyəyi ifadəyə, məsaili-siyasiyyə, ya ictimaiyyəyi, mətalibi-iqtisadiyyəyi bəyana artıq söz qalmamışdır».

Yerli şivələr içərisindəki qüsurlu cəhətlərdən biri də dilin morfoloji və sintaktik qayda-qanunlarının unudulması, ədəbi dil normalarının pozulması idi. Əli bəy şivə nöqsanları içində yersiz olaraq rus sözlərinin işlədilməsini də qeyd edirdi və göstərirdi ki, əgər onlara üstünlük verilsə, türk hərfləri ilə rusca yazmağa gətirib çıxara bilər. Ayrı-ayrı şivələrin inkişafı, onlarda özünü göstərən qüsurlu cəhətlərin Azərbaycan dilinin parçalanmasına, tənəzzülünə səbəb olaraq fəsadlı nəticələr verəcəyini Əli bəy əvvəlcədən görür və dilin gələcəyi naminə şivələri birləşdirməyi onların aid olduğu əsas dilin tərəqqisini təmin edən amil kimi qiymətləndirirdi.

Dil məsələləri ilə bağlı sonrakı iki məqsəd bir-biri ilə əlaqəlidir və biri digərini tamamlayır. Istanbul türkcəsinə yüksək münasibət göstərən Əli bəy bütün Azərbaycanda belə münasibət formalaşdırmağa çalışırdı. O, Osmanlı (Türkiyə) dilini «dərin fikirlər», «ən nazik, ən rəqiq hissləri ifadəyə» qadir olan yüksək dil kimi qəbul edir və onun hər hansı bir Avropa dili ilə rəqabət edə biləcəyini göstərirdi. Türk dilinə məxsus olan qayda-qanunlar «daha bəsit», «daha asan» və «daha mükəmməl» olduğundan onu inkişaf etdirməyin ən düzgün yol olduğunu Əli bəy faktlarla əsaslandırırdı.

Əli bəy bütün Turan dillərini (türk, monqol, buryat, kalmık, tunquz, mancur, even, koreya və yapon dilləri) bir-birinə yaxınlaşdırıb onları ümumiləşdirən beş əsas əlamət göstərir:

1. Söz kökünün şəkilçi qəbul etdikdə dəyişməməsi.

2. Sözlərin qrammatik dəyişməsi və yeni söz düzəlməsi zamanı şəkilçilərin kökdən sonra gəlməsi. Söz kökündən əvvələ keçən şəkilçilərə turan dillərindən yalnız macar dilində rast gəlmək olur ki, o da Əli bəyin fikrincə, nadir hadisələrdəndir.

3. Kök və şəkilçilərin ahəng qanununa tabe olması.

4. Ədat və əvəzliklər artırılması vasitəsilə felin təsriflənən formalarının yaranması keyfiyyəti.

5. Turan dillərini vahid şəkildə birləşdirən sintaktik qaydalar.

Əli bəy bu əlaməti turan dilləri üçün ümumi bir keyfiyyət kimi qiymətləndirmişdir.

Əli bəy Hüseynzadə türk dillərinin tədqiqində iki əsas yol göstərmişdir:

1.Türk ləhcə və şivələrindən hansının daha çox türkcə olduğunu aydınlaşdırmaq.

2.Çağdaş türklərdən hər birinin xalis türkcədən uzaqlaşıb –uzaqlaşmadığını və əgər uzaqlaşıbsa, bunun nə dərəcədə olduğunu müəyyənləşdirmək. Bu isə ən qədim və xalis türklərin kim olduğunun kəşfi ilə mümkündür. Bu kəşf isə dilçilik, tarix və coğrafiya elmi ilə əldə oluna bilər. Həmin məsələdə türk ləhcələrinə digər Turan dillərinin də təsiri unudulmamalıdır. Türk dillərinin əvvəlki vəziyyətindən fərqlənməsində Əli bəy din və məzhəbləri əsas səbəblərdən biri hesab etmişdir.

Əli bəy bütöv şəxsiyyət olaraq yarımçıqlığı qəbul etməyib, xüsusilə də dil məsələlərində mükəmməlliyin tərəfdarı, ana dilindən və müsəlmanlıqdan ayrılmayan, türk oğlu türk olub.

Onun «Türkləşmək, Islamlaşmaq, Müasirləşmək» prinsipinin birinci komponenti ilə bağlı vəzifələrin həyata keçməsi dildən başlayırdı. Dil birliyi türk xalqlarının tərəqqisi yolunda ən mühüm bir yol idi.

Bütün türk dillərinin vahid halda birləşdirilməsi aktual bir problem olaraq irəli sürülürdü.

Əli bəy bütün türklərin ortaq bir dildən istifadəsini nəzəri baxımdan əsaslandırır və türk dilinin islah olunması məsələsini qətiyyətlə irəli sürürdü.

 Türkləşmək, Islamlaşmaq və Müasirləşmək

Hələ XX yüzilin əvvəlində «Həyat» və «Füyuzat» kimi mətbuat orqanları ümumtürk dilinin mümkünlüyünü göstərmiş, lakin ziyalılar arasında fikir birliyinin olmaması, məsələnin əsil mahiyyətinin dərk edilməməsi, Rusiya havalı beyinlərin onu qəbul edə bilməməsi və s. səbəblərdən bu yüksək ideya praktik şəkildə istənilən səviyyədə uğur qazana bilməmişdir. Bu ideyanın qələbəsini göstərən onlarla faktlar var, lakin bu, ortaq türk dili məsələsinin tam və qəti həlli demək deyildir. Ona görə də həmin məsələ təkrar olaraq I Türkoloji qurultayda proqram məsələsi kimi qarşıya qoyulmuş və onunla bağlı münasibətləri qurultayın fəxri rəyasət heyətinin altı nəfər üzvündən biri- Əli bəy Hüseynzadə öz gündəliyində qeyd edərək bir sıra tədqiqatlara mövzu vermişdir.

Türkçülüyün böyük ideoloqu, bütün türk dünyasında ilk dəfə «Türkləşmək, Islamlaşmaq və Müasirləşmək» ideyasının, Azərbaycanda «Füyuzat» ədəbi məktəbinin əsasını qoyan, vətənində çox iş görsə də, az və ya yanlış tanıdılan ensiklopedik sima – Əli bəy Hüseynzadə 1926-cı ildə I Türkoloji qurultayın iştirakçısı olmuşdur. Qurultaya aid tam bir dəftər yazan Əli bəyin həmin sənədləri Türkiyədə Hilmi Ziyanın kitabxanasında saxlanılır.

I Türkoloji qurultay türk xalqlarının dil və mədəniyyət tarixinə mühüm bir hadisə kimi daixl olmuşdur. Qurultayda müxtəlif ölkələrin və türk yurdunun türkoloqları iştirak etmiş və türk dilinə aid bir sıra problemlərin təhlili əsasında onların həlli yolları göstərilmişdir.

Bütün bu qeyd olunan faktlar, Əli bəyin türk xalqlarının dili ilə bağlı irəli sürdüyü problemlər və onların həllinə çalışmaq prosesindəki əzmkarlıq fəaliyyəti onun əsl türk və dərin türkoloq olduğunu göstərir. Mənəvi baxımdan, Əli bəy, doğrudan da, dosdoğru türk, qafqazlı müsəlman və insan kimi yaşadı və türk xalqlarının bütün problemləri, o cümlədən dil problemləri ilə yaşadı. Əli bəyin həyatında türklərin problemləri ilə yaşamadığı dövr yoxdur.

Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy Hüseynzadə və Türk Dünyası” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1316