Didye Burkhalter Dağlıq Qarabağ münaqişəsini Avropada ən təhlükəli münaqişələrdən biri sayır
Didye Burkhalter ABŞ-ın münaqişələrin həllində daha yaxından iştirakını vacib bilir və hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir. İsveçrə xarici siyasət idarəsinin rəhbəri Didye Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı onu da bildirib ki, bu ilin əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri kimi keçirdiyi ilk görüşlərdən biri Minsk Qrupu həmsədrləri ilə olub. O, beynəlxalq ictimaiyyətin münaqişənin həllində rolunu xüsusi qeyd edib:
“Mən onu da qeyd etmək istərdim ki, həm Qarabağda, həm də Gürcüstanda ABŞ-ın ən yüksək siyasi səviyyədə iştirakı bizim səylərimiz üçün faydalı olardı. Əminəm ki, həlli uzanan münaqişələrin dalana dirənməsini yalnız ABŞ kimi aparıcı beynəlxalq oyunçuların diqqəti və prosesə cəlb olunması ilə aradan qaldırmaq mümkündür”.
Burkhalter amerikalı həmsədr Ceyms Uorlikin fəaliyyətini yüksək qiymətləndirib. Fəaliyyətdə olan sədrin sözlərinə görə, adi silahlar üzərində nəzarət, təhlükəsizliyin və etimadın artırılması tədbirləri ATƏT məkanında sabitlik və şəffaflığın möhkəmlənməsi istiqamətində birgə səylərdə əsas rol oynayır.