Diaspor rəhbəri Krımda «dava-dalaşın» yə üstə olduğunu izah edib
Ukraynada vəziyyət həddən artıq gərgindir, Krımda isəəhali ərzaq ehtiyatı toplayır. Bu xəbəri APA TV-yə Ukrayna Azərbaycanlıları Konqresinin Krım regional təşkilatının rəhbəri Rahim Hümbətov deyib. Onun sözlərinə görə, rus qoşunlarının döyüş hazırlığına gətirilməsi barədə yayılan xəbərlər insanları daha da təşvişə salıb:
«Bildiyiniz kimi parlamentin üstünə rus bayrağı taxılıb. Camaatı yavaş-yavaş təşviş bürüyür. Mağazalarda növbədir. Camaat ərzaq alır, ehtiyatlanır ki, vəziyyət daha da gərginləşə bilər».
Azərbaycanın diaspor təşkilatının rəhbəri mərkəzi hakimiyyətin Krımdakı vəziyyətə təsir etmək iqtidarında olmadığını bildirib: «Bütün Krım əhalisi 2 düşərgəyə parçalanıb. Bir hissəsi istəyir ki, Krım Rusiyanın tərkibinə daxil olsun. Digər hissəsi istəyir ki, Ukraynanın ərazi bütövlüyü təmin olunsun və Krım Ukraynanın tərkibində qalsın. Bütün dava-dalaş bunun üstündədir».
Rahim Hümbətov Krımda yaşayan azərbaycanlılara mümkün qədər çölə çıxmamalarını və iğtişaş baş verən yerlərdən kənar gəzmələrini xahiş edib.