Dənizçi polkovnik həbs olundu: rüşvət maddəsi
Hərbi-Dəniz qüvvələrinin ehtiyatda olan polkovniki, 56 yaşlı Qasım Quliyev CM 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasım Quliyev uzun müddət HDQ Naviqasiya və kartoqrafiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
APA bir müddət önc Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayıb. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanovun komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.
Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb. Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.