Dəlidən doğru xəbər
Ankara
Bilmirəm, gülüm, yoxsa ağlayım. Bir tərəfdən kimliyindən asılı olmadan konkret vətəndaşın insan haqlarıyla bağlı bəşəri dəyərlərlə tanışlığı və öz haqlarını müdafiə etmək cəhdləri məni sözsüz ki, sevindirir. Başqa cür ola da bilməz. Digər tərəfdən dəhşətə gəlirəm. Öz haqlarını qorumaq üçün bəşəri dəyərlərə, beynəlxalq standartlara müraciət edən bu şəxslərin mənəviyyatsızlığının səviyyəsinin həyasızcasına nümayişinin şahidi olduğum üçün məni dəhşət bürüyür. Səbəbi çox sadədir. Anlayıram ki, uğrunda tarixdə yüz minlərin, milyonların həyatlarını quban verdiyi və bu gün də qurban verməyə hazır olduğu, məsələn Ukraynada, bu dəyərlərin həmin insanlar üçün heç bir dəyəri yoxdur. Yəni söhbət həmin dəyərlərə bir istehlakçı münasibətindən gedir.
Deyirlər ki, Gülər Əhmədova məhkəmə salonunda qəfəsdə saxlanılmasından şikayət edib. Özü də daşdan keçən arqumentlərlə öz şikayətini əsaslandırıb. Birincisi, o bütün hallarda dövlətçiliyimizin keşiyində duran bir şəxs olduğunu vurğulayıb.
İkincisi, məhkəmə salonunda qəfəsdə saxlanılmasının, beynəlxalq standartlara zidd olduğunu bayan edib. Bildirib ki, beynəlxalq standartlara görə, vəkilinin yanında oturmalıdır.
Və, nahayət, üçüncüsü, Eynulla Fətullayevin və həbsxanada onun özü kimi fırıldaqçılıqda ittiham olunan zindan qonşularının məhkəmələrini misal gətirib. Doğrudan da haqsızlıqdır, ikili standartlar nümayişidir. Nədən, indi olmasın, amma vaxtı ilə «millət və dövlət düşməni» kimi damğalanıb mühakimə olunan Fətullayev tam azad şəkildə məhkəmə salonunda öz vəkilinin yanında otursun, az qala 20 il canla-başla, gecəsini-gündüzünü, sağlamlığını belə əsirgəmədən «dövlətçiliyimizin», yəni bu iqtidarın hizmətkarı olan Gülər Əhmədova isə qəfəsdə saxlanılsın. Belə də haqsızlıq olar. Olmaz!!! Ən azından ona görə ki, cənab Fətullayevdən fərqli olaraq, xanım Əhmədova başı-daşdan daşa dəyəndən sonra, tövbə edib haqq yoluna qayıtmayıb. Lap ilk günlərdən bu iqtidarın hizmətkarı olub. İndi bir dəfə sadəlövhlüyü, özü kimilərə sərhədsiz inamı üzündən ehtiyatı əldən verib, tora düşüb. Elşad Abdullayevin bu qədər saxtakar həmkar olduğunu haradan biləydi. Hamı səhv edə bilər. Bir səhvə görə insanın bütün xidmətlərini unudub zibilliyə atmazlar. Bağışlamağı bacarmaq lazımdır.
Əslində, Gülər Əhmədovanın beynəlxalq standartlarla bağlı bütün dedikləri haqdır. Əslində günahı sübut edilməmiş, yəni hüquqi statusu baxımından məhkəmə salonunda toplaşan insanlardan heç bir fərqi olmayan bir insanın qəfəsdə saxlanılması ən azından mənəvi işkəncə kimi dəyərləndirilməlidir. Mövcud iqtidar tərəfindən hamıya örnək kimi təqdim edilməyə çalışan Azərbaycanda mədəni dünyada yalnız orta əsrlərin qalığı kimi dəyərlərdirilən bu səhnələrin, demək olar ki, hər gün şahidi oluruq.
Bu məsələdə mən hətta Gülər Əhmədova və Eynulla Fətullayev kimilərinin haqlarını həmişə müdafiə etmişəm və gələcəkdə də müdafiə etməyə hazıram. Amma Gülər Əhmədovanı dinləyəndə mənə elə gəlir ki, ya biz hamımız kütləvi qalüsinasiya qurbanlarıyıq, ya da sabiq millət vəkili bu toplumu bütünlükdə və hər bir fərdi ayrılıqda özü kimi heç bir bəşəri və əxlaqi dəyərlərə sayğısız sayır. Mən G.Əhmədovanın məhkəməsində təqdim olunan sübutların nə dərəcədə qanuni yolla əldə olunub-olunmadığı haqqında mübahisə etməyəcəyəm. Bu fərqli bir mübahisə mövzusudur. Bir detalı qeyd etmək istəyirəm ki, əgər xanım Əhmədova həmin dəlil-sübutların qanunsuz yolla əldə edildiyini sübut edə bilsə, hüquqi baxımdan doğrudan da günahsız sayılmalıdır.
Amma məsələnin mənəvi-siyasi tərəfi də var. Yəni bu o deməkdir ki, xanım Əhmədovanın cinayət məsuliyyətindən azad edilməsi, toplum qarşısında günahsız olduğunu sübuta yetirmək üçün keçərli deyil. Yəni toplumun mənəvi-siyasi bəraətini qazanmaq üçün G.Əhmədova cənab Abdullayev ilə «işgüzar əlaqələrinin» olmadığını sübuta yetirməlidir. Əks təqdirdə o toplumdan mənəvi-siyasi bəraət hökmünü ala bilməyəcəkdir.
Əslində üzdə olan insanlar üçün bir çox hallarda toplumsal mənəvi-siyasi bəraət hüquqi, bəraətdən daha vacibdir. Çünki, normal cəmiyyətlərdə belə insanların toplumsal bəraət qazandıqları halda, hüquqi cəzalarını çəkdikdən sonra cəmiyyətdəki mövqelərini bərpa etmək iddiası haqları var. Amma toplumsal bəraət qazanmamış insanlar belə bir iddiaları olsa belə, bunun gerçəkləşməsi mümkün deyil. Yenə də deyirəm ki, söhbət Azərbaycandan deyil, normal cəmiyyətlərə malik ölkələrdən gedir.
Toplumsal bəraəti isə iki yolla qazanmaq olar: ya ittiham olunduğun suçu işlətmədiyini sübut etməlisən, ya da cəmiyyət (inanclı insanlar isə həm də Allah qarşısında tövbə edib), toplum tərəfindən bağışlanmana nail olmağa çalışmalısan. G.Əhmədova bunlardan heç birini etmir. Birincisini bacarmır, ikincisini isə ya özünə sığışdırmır, ya da məqsədinə çatacağına inanmır.
Yalnız bunu deyir: «Videomateriallarda gördükləriniz qalüsinasiyadan başqa bir şey deyildir». Belə bir davranış tərzi yalnız iki halda mümkündür: birincisi, xanım Əhmədova toplumun deyil, ağalarının, yəni siyasi iqtidarın bəraətini qazanmağın dərdindədir, ikincisi, toplumu da özü qədər mənəviyyatsız sayır. Düşünürəm ki, bu halda hər iki səbəb keçərlidir. Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəmədəki son çıxışlarının məzmunu ilə tanış oldum. O da insan haqlarından, demokratiyadan, iqtidarı devirəcək toplumsal inqilabdan dəm vurur. Qarşımızdakı insanın kimliyini, daha doğrusu siyasi bioqrafiyasını unutsaq, dediklərinin bir çoxu ilə razılaşmaq olar. Amma söhbət Əli İnsanovdan gedir. Cənab İnsanov tövbə etmədən belə toplumsal bəraəti qazandığını düşünür. Və ən dəhşətlisi odur ki, müəyyən dərəcə də haqlıdır.
Ə.İnsanov yalnız vaxtilə indiki iqtidarı dəstəklədiyi üçün peşiman olduğunu deyir. Amma bu peşimançılığın, bu dəstəyin ən azından toplum qarşısında mənəvi-siyasi suç olduğunun etirafından doğduğunu düşünmürəm. Sadəcə olaraq, keçmiş «millət ağsaqqalı» düşünür ki, 2003-cü ildə indiki siyasi iqtidarı dəstəkləməsəydi, son 9 ili həbsdə keçirməzdi. Bütün, həm də toplum deyil, yalnız özü qarşısındakı günahının bundan ibarət olduğunu düşünür. Əks təqdirdə çoxdan toplum qarşısında tövbə etmişdi. Düşünürəm ki, xanım Əhmədova haqlıdır. Heç kimin bir toplum kimi, bizim bəraətimizə ehtiyacı yoxdur. Çünki, toplumsal mənəviyyat öz meyarlarına görə toplum tərəfindən mənəviyyatsızlıqda ittiham olunanlardan o qədər də fərqlənmir. Əks təqdirdə cənab İnsanov artıq toplumsal bəraət aldığını düşünməzdi. Ona belə düşünməyə imkan verən bizlərik, yəni toplumdur.
Ona görə də AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Qreş Azərbaycanda toplumsal təpkini heç saya da almırlar. «Turan» xəbər verir ki, Avropa Şurasının Bakı ofisi 23 yanvar saat 18.00 təyin edilmiş AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Qreşin Azərbaycana işgüzar səfərləri ilə bağlı mətbuat konfransını ləğv edib. Mətbuat konfransınının ləğvinin səbəbi açıqlanmayıb. Müstəqil və müxalif KİV həmməruzəçilərin səfərinin gedişində yaranan məsələlələrlə bağlı cavab almaq imkanından məhrum ediliblər. Bu ərəfədə, siyasi məhbuslar probleminə həsr edilmiş mətbuat konfransında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Aqramunt və Qreşi Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham edib və istefa verməyə çağırıb.
Leyla Yunus hesab edir ki, hər iki həmməruzəçi onların monitorinqi dövründə siyasi məhbusların artmasında günahkardır. O, jurnalistlərdən xahiş edib ki, həmməruzəçilərdən Azərbaycan hakimiyyətindən öz xidmətləri və loyallıqlarına görə hansı məbləği aldıqlarını soruşsunlar. Bundan əvvəlsə müxalifət partiyalarının rəhbərləri həmməruzəçilərlə görüşdən sonra bəyan etmişdilər ki, bundan sonra onları boykot edəcəklər.
2013-cü ilin yanvarında Aqramunt iki dəfə AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslar barədə məruzəsinə qarşı çıxıb, bununla rəsmi Bakının məhbəsləri yeni siyasi məhbuslarla doldurmağına yaşıl işıq yandırıb. Leyla Yunusa görə, Azərbaycanda 135 vicdan məhbusu və siyasi məhbus var.
Pedro Aqramunt və Cozef Qreşin də Azərbaycanda toplumsal bəraətə ehtiyacı yoxdur. Çünki öz haqqını tələb edən, onu qoruya bilən toplumun mövcudluğunu görmürlər. Onlar Ukraynada özlərini belə apara bilməzdilər…
[email protected]