Dələduz “Lələ”nin məhkəməsi başladı
Dələduzluqda ittiham olunan İframin Abdullayevin cinayət işi üzrə məhkəmə başlayıb. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttihama görə, İframin Abdullayev Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Bir qrup vətəndaş polis idarəsinə İframin Abdullayevin onlara külli miqdarda ziyan vurması ilə bağlı şikayət ediblər. “Lələ” ləqəbi ilə tanınan İframin Abdullayevin respublikanın müxtəlif ərazilərində 7 nəfərə ümumilikdə 100 000 manat ziyan vurduğu aşkarlanıb.
İframin Abdullayev 2008-ci ildə Şəmkir sakini Vidadi Hüseynlini aldadaraq ona məxsus olan “Hunday Sonata” markalı avtomobili 26.000 dollara almaq istədiyini deyib. Sonra ona ilkin ödəniş kimi 4000 dollar verərək pulun qalanını 2 gündən sonra ödəyəcəyini bildirib. Amma İframin həmin avtomobili 19.000 dollara başqasına sataraq Vidadi Hüseynliyə qarşı dələduzluq edib və pulun qalan hissəsini qaytarmayıb.
Bundan başqa, İframin Abdullayev Ucar şəhər sakini Musa Məmmədovun da etibarından su istifadə edərək ona Bakı şəhərindən Gəncəyə 23.000 dollar dəyərində taxta gətirməyi sifariş edib və malın pulunu mənimsəyib. Saxlanılan şəxs Saatlı rayon sakini Lisman Kazımovun işlədiyi şirkətə də 2011-ci ildə 33.500 manat dəyərində plastik boru avadanlıqları sifariş verərək pulu ödəməyib.
İframin Abdullayev Gəncə, Saatlı və Bakıdan olan daha 4 nəfər şəxsə ümumilikdə 18.000 manat ziyan vurub. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə İframin Abdullayev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 2002-ci ildən bu cür əməllərlə məşğul olduğunu etiraf edən İframin Abdullayev əməllərinə görə peşmançılıq çəkdiyini deyib: “Əməlimdən peşmanam. Vətəndaşa borcum var. İstəməzdim belə olsun. Sadəcə, iş görüb ziyana düşmüşəm. Bunun üçün də borcum yaranıb. İş görən adamam, fəaliyyətimi davam etdirib hissə-hissə borcumu qaytaracam”.