Valideyn həbsi qanunsuz sayır, DİN təkzib edir: oğlunuz oğurluq edib!..
Şəmkir rayon sakini Ələddin Hüseynov rayon hüquq-mühafizə orqanlarının özbaşınalığı ilə bağlı çərşənbə günü RATİ-də mətbuat konfransı keçirib.
Ə.Hüseynov oğlu Sərxan Hüseynovun həbsini əsassız sayıb. Bu həbsdə qudası Fərhad Kazımovun Şəmkir rayon polis şöbəsində işləyən oğlu Kamran Kazımovun marağı olduğunu iddia edib. Bununla bağlı Ə.Hüseynov ölkənin hüquq-müahfizə orqanlarına müraciət etsə də, heç kim tərəfindən qəbul edilməyib.
Hadisənin mahiyyətinə toxunan Ə.Hüseynov deyib ki, oğlu qudasının çobanı kimi xidmət göstərib, xidmət əvəzi olaraq F.Kazımov hər ay S.Hüseynova bir qoyun verəcəyini vəd edib. Keçən il dekabrn sonunda baş verən pul oğurluğu ilə bağlı həbsə alındığını deyib. Bu cinayətə görə 4-5 nəfər, o cümlədən oğlu S.Hüseynov saxlanıb. İstintaq aparılıb, cinayəti sübuta yetmədiyi üçün buraxılıb.
Amma bu il aprelin 21-də yenidən həmin məsələ qaldırılıb, oğlu İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsilə 7 sutka həbs cəzası alıb. Aprelin 28-də buraxılmalı olan oğlu hələ də azad edilməyib. Ə.Hüseynov məhkəmə qərarından şiakyət vermək üçün qərarı əldə etmək istəsə də, qərarı ala bilməyib. Bu səbəb üzündən Ə.Hüseynov oğlu barədə məhəkəmə qərarı olmadığını iddia edir, oğlunun qanunsuz olaraq həbsdə saxlanıldığını bəyan edir.
Oğlu ilə aprelin 24-də görüşdüklərini deyən ata bildirib ki, onlar görüşdə ikən polis evlərində axtarış aparıb, evdən 1500 manat pul tapıb. Onun sözlərinə görə, itən pulun miqdarı belə bəlli deyil. Rayon polis rəhbərliyi oğurlandığını iddia etdiyi pulun məbləğinin gah 10 min manat, gah da 20 min manat olduğunu bildirir. F.Kazımovun oğlu isə itən 20 min manat tapıldığı halda polislərə 5 min manat “hədiyyə” verəcəyini bildirib. “Ortada sübut olacaq heç nə yoxdur, hələ də anlaya bilmirik ki, adını qohum qoyan şəxs bu oyunu başımıza niyə gətririr”, deyə Ə.Hüseynov nəzərə çatdırıb. Ə.Hüseynov qudasının yanına ağsaqqallar göndərərək övladının buraxılmasını xahiş etsə də, qudası buna kobud cavab verib, bütün xahişləri rədd edib.
Ə.Hüseynov hüquq-mühafizə orqanlarını ailənin müraciətlərinə sayğısız yanaşmaqda ittiham edib. S.Hüseynovun anası isə oğlunun həbsini qanunsuz sayaraq, buna görə YAP sıralarından istefa verdiyini və Azərbaycan vətəndaşlığından imtina edəcəyini söyləyib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu ailənin övladının həbsini əsassız saydığı barədə mətbuatda yayılan məsələyə, yəni Ələddin Hüseynovun oğlu Sərxan Hüseynovun həbsinin əsassız olması, bu həbsdə qudası Fərhad Kazımovun Şəmkir RPŞ-də işləyən oğlu Kamran Kazımovun maraqlı olması, məsələ ilə bağlı hüquq-müahfizə orqanlarına müraciət olunsa da, heç kim tərəfindən qəbul edilmədiyi barədə səsləndirdiyi və digər bu tipli iddiaların qərəzli olduğunu və həqiqətdən uzaq olduğunu deyir.
Nazirliyin mətbuat xidmətindən Turana verilən məlumata görə Şəmkir rayonunun Qılıncbəyli kənd sakini Fərhad Kazımov RPŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, ötən il dekabrın 26-da günorta vaxtı ona məxsus fermadakı seyfin qapısı sındırılmaqla oradan 20 min manat məbləğində pul oğurlanıb.
Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq bölməsində CM-nin 177.2.4 maddəsi ilə cinayət işi başlanılıb.
Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilən istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri ilə oğurluğu zərərçəkənin qohumu, həmin fermada çoban işləyən Təzəkənd kənd sakini Sərxan Hüseynovun törətməsi müəyyən edilib.
Oğurlanmış pulun miqdarının belə məlum olmadığı, evindən 1500 manat pul tapılması barədə Ələddin Hüseynovun iddialarının əksinə olaraq, istintaq orqanı tərəfindən S.Hüseynovun evinə baxış keçirilmiş, bu zaman sonuncu şəxs tərəfindən gizlədilmiş, Fərhad Kazımova məxsus təqribən 12 min manat məbləğində vəsait aşkar edilərək götürülüb.Sərxan Hüseynov ifadəsində cinayəti törətdiyini, oğurluq pulun qalan hissəsini isə xərclədiyini etiraf edib. O, artıq polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Atanın məsələ ilə hüquq-müahfizə orqanlarına müraciət etsə də, heç kim tərəfindən qəbul edilmədiyi barədə söylədikləri də qeyri-obyektivdir. Ələddin Hüseynov Şəmkir RPŞ-nin rəisi, polis polkovniki Şükür Mehdiyev və digər vəzifəli şəxslər tərəfindən qəbul olunmuş, ona məsələ ilə bağlı ətraflı məlumat verilmiş, cinayət işinin obyektiv və ədalətli şəkildə araşdırılacağı nəzərinə çatdırılıb.