«Cəsarət hələ lazım olacaq»
İstanbul
Türkiyə yeni dönəmə girib. İqtidar həm daxildə, həm də xaricdə tək qalıb. Dost və müttəfiqlərinin sıraları seyrəlib. AK partiya Amerika ilə ən problemli zamanını yaşayır. Gezi parkından sonra münasibətlər qopma nöqtəsinə gəlmişdi. Ankara Gezinin arxasında inadla və əlində dəlil olmadan Amerikanın durduğunu iddia edirdi. Hərçənd ki, Amerikanın buna ehtiyacı yox idi. Gezi xalqın hökumətə etirazı və bu etirazın açığa çıxmasından başqa bir şey deyildi. Hökumət ifrat şiddəti ilə bu xalq üsyanını basdırdı. Dünya avtoritar rejim dedi, Amerika isə sakitcə uzaqlaşdı.
Avropa ilə münasibətlər daha bərbad haldadır. Avropa Parlamentinin builki Türkiyə hesabatı son illərin ən ağır hesabatıdır. Qərb Ankaranın prioritetlərindən vaz keçdiyini düşünür. R.T. Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün V. Putinə minnətçi düşüb. «Cumhuriyet» qəzetindən Orhan Bursalı Ərdoğanın yerinin elə Rusiya və Çinin yanında olduğunu yazır, özünü avtoritar liderlər arasında daha yaxşı hiss edəcəyini iddia edir.
Keçən ilin sonundan baş nazirin başı daxildəki problemlərə qarışıb. Korrupsiya və rüşvət əməliyyatları, nazir övladlarının həbsi, 4 nazirin istefası, İranla qaranlıq para trafiki hər şeyi ikinci plana atdı. İqtisadiyyat, inflyasiya, işsizlik kimi problemlər unuduldu. Hətta ən çox önəm verilən Suriya da yaddan çıxdı, dənizin o tayındakı Ukrayna da. Rusiya Krımı ilhaq edəndə əslən Krım tatarı olan xariciyyə naziri A.Davutoğlu AKP-nin Konyadakı mitinqində idi. Ankaranın manevr imkanları tükəndiyini göstərir bütün bunlar.
Vəziyyət partlama nöqtəsinə yaxınlaşıb. Xalq iki qütbə bölünüb — «bizimkilər» və digərləri. Dünənə qədər «bizimkilər»dən olan Fətullah Gülən camaatı ilə körpülər yandırıldı. Dost və müttəfiq olan Gülən camaatı artıq düşməndir. Hökumət rəhbəri hər şeyin altında «camaatın əlini» axtarır. Hər gün internetə ötürülən yeni-yeni səs qeydləri isə hökumətin iddialarını təsdiqləmir. Xalq hər axşam bilgisayarların qarşısına keçib siyasi «reality show»ları dinləyir, bu «siyasi trillerin» nə ilə nəticələnəcəyini gözləyir.
Ergenekon davasından həbsdə yatan çox sayda general və zabit sərbəst buraxıldılar. Bununla da siyasi kuluarlarda «AK partiya — Ordu» ittifaqından bəhs edilməyə başlandı. Əsgərlər isə «izdivaca» ehtiyatla yanaşırlar. Zəiflədilmiş Türk Ordusu öncə 8 ildir onlara vurulan «Ergenekonçu» damğasının silinməsini və gühahkarların aşkarlanmasını tələb edir. Generallar «Ergenekon»da xarici qüvvənin rolundan hələ ki sakitcə danışır, geniş miqyaslı təhqiqatın aparılmasını gözləyirlər.
R.T.Ərdoğan seçki ərəfəsində Fətullah Hocanı «Yeni Ergenekonçu» adlandıraraq, ona qarşı cəbhə açdı. Köhnə Ergenekon məhkəmə salonlarında idi, Yeni Ergenekon isə mitinq meydanlarındadır. Seçkilərdən sonra Ərdoğan bütün «silahlarını» camaata tərəf yönəldib onları siləcəyini deyir. Amma əlində onlara qarşı ən kiçik dəlil belə yoxdur….
Avqustda prezident, payızda isə parlament seçkiləri keçirilməlidir. Zənnimcə, Ərdoğan daha çox zəifləmədən hər iki seçkini bir vaxtda keçirməyə çalışacaq, hətta seçki tarixini bəlkə daha da əvvələ çəkəcək. Amma hələ ki 30 mart var önündə. Bütün proqnozlar AKP-nin seçkilərdən yenə birinci partiya çıxacağını göstərir. Belə olsa da, Ərdoğan özünü əsla qalib kimi hiss edə bilməyəcək. Türkiyə Gezi dirənişinin başladığı 27 may tarixindən bəri çox dəyişib. AKP-yə səs verməyən seçicilər 10 ay əvvəlki sakit, taleyi ilə barışmış insanlar deyillər. Onlar başqa bir Türkiyə üçün artıq top-yekun mübarizəyə — demokratik mübarizəyə başlayıblar…
Ərdoğan 2023-ə qədər iqtidarda qalmağı planlayırdı. Bu ilin avqust ayında prezident seçilib, 2018-də isə ikinci dəfə prezident olmağı arzu edirdi. Lakin ortadakı bu qədər iddia, kirli oyunlar bütün planları yerlə bir etdi — «Sən saydığını say, gör fələk nə sayır». Xalq gərgindir, əndişəlidir, əsəbidir, amma ümidsiz deyil. «Cəsarət bizə hələ lazım olacaq» — Çörçillindir bu sözlər. Bu günlər türklərin çoxu eynilə Çörçill kimi düşünür…
[email protected]