Çernobıl təqaüdü təsis edildi
Çernobıl təqaüdü təsis edilib. Ölkə prezidentinin fərmanına əsasən, aprelin 1-dən etibarən 1986-cı il 26 aprel Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş 14 min 620 nəfər 60 manat əlavə ödəniş alacaq. Onlar hamısı şüa xəstəliyindən əziyyət çəkən 1-ci qrup əlildir. Sənəd ümumi xəstəlik, hərbi xidmət zamanı xəstəlik, istehsalat xəsarəti və peşə xəstəliyi, habelə AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı hərbi hissələrdə iştirakla bağlı I qrup əlillik üzrə sosial yardım nəzərdə tutur.
Əvvəllər bu kateqoriyadan olan vətəndaşlar 67 manat sosial yardım alırdı, bundan sonra onlar 137 manat alacaqlar ki, bu da dövlət büdcəsinə ildə 10,5 mln. manata başa gələcək. Xatırladaq ki, bir neçə gün əvvəl 11 min 821 nəfər müharibə əlilinə verilən təqaüdlər artırılıb.
Aprelin 1-dən etibarən 1-ci qrup müharibə əlilləri 150 manat, II qrup əlillər 130 manat, III qrup əlillər 100 manat alacaq. Dövlət büdcəsindən illik xərc 6,2 mln. manat təşkil edəcək.