Cəngəllikdə döyüşmək cəsarəti
Hər şeyi bir kənara qoyaq — Ukrayna əsgəri niyə bu qədər pasifist, hərəkətsiz oldu. Axı silah tətbiqinə izn verilmişdi. Ruslar hərbi hissələrin üstünə tökülüşdülər, onlar ağzı açıq durub baxdılar, qaliblər təslim olanları diz üstə çökdürüb şəkillərini çəkib, sonra təpikləyib Krımdan qovdular. Gözləri baxa-baxa onların bayraqlarını endirib, öz bayraqlarını qondaraya qaldırdılar. Ukrayna əsgəri olan-qalanını töküb əli-ətəyindən uzun, bir işğalçının burnunu qanatmadan çıxıb getdi. Belə bir şey adını «hərbçi» qoyan üçün indiki zamanda ağlasığmaz idi, deyilmi? Baxın, dənizdə nəhəng hərbi gəmilər — Ukrayna Qara dəniz donanmasının qüruru olan «Slavutiç», «Olşanski», «Çerkassı» dayanıb, ruslar balaca katerlərlə onların üstünə gəldilər və tutub əllərindən aldılar. Poqonu iri ulduzlu komandanları slavyan qardaşlar tərəfindən həqarətə məruz qoyuldu. Onlar da gözlərini döyüb baxdılar.
30-dan çox irili-xırdalı gəmini qapazladılar. Rusiya bu qədər gəmi ilə Qara dəniz gölündə (!) nə edəcək — bu maraqlı sualı qoyaq bir qırağa (Türkiyə Bosforu bağlasa, üzsünlər özləri üçün bu göldə). Onu demək istəyirəm ki, bir gəmi də, bir hərbi hissə də kişi kimi müqavimət göstərmədi. Görünür, bir qaşıq qan ciddi məsələ imiş bu «hərbçilər» üçün. Taras Bulbanın törəmələri bu qədər acizləşmişdilər. Qırmızı genbalaq şalvarlı Zaporojye kazaklarının hərbi rəşadətləri barədə nağılların artıq uzaq tarixdə qaldığı bilindi. Bütün bu baş verənlərin fonunda ukraynalı o nağılları bir də dilinə dolamasın gərək. Çünki anı gələndə əziz vətəni, dövləti və milləti üçün ölüb-öldürməyə tərəddüd etdi. Bir də əldə sıyırma qılınc kazak rəqsi oynamaq üçün səhnəyə çıxmasınlar. Dostlarımız inciməsinlər, kinayə ilə qarşılanacağı bilinməlidir. Faşist Almaniyasına qarşı, lap elə Sovet hakimiyyətinə qarşı bu qədər qəhrəmancasına çarpışmağı bacarmış ukraynalının indi bu qədər əfəl, bivec, beyni qarışmış olduğunu görmək düşündürücüdür. Onları belə bilməzdik. Görünür, yaşadığımız zaman bu günün insanını özü də hiss etmədən xarakter dəyişikliyinə məruz qoyub.
Bəlkə qovuşmaq, bir platformada dayanmaq istədikləri Qərbin işğala yol verməyəcəyini, işlərin belə bir arzuedilməz şəkil almayacağını düşünürdülər? Fəqət biz türklərdə məsəl var, deyərlər «Qonşuya ümid olan, şamsız qalar». Gürcüstan da, Moldova da, Ukrayna da Qərbə ümid oldular, təsirli kömək görmədən torpaqlarından bir parçanın qoparılması kimi ağrılı bir gerçəkliklə üz-üzə qaldılar…
Doğrudan da, 90-cı illərdən bu yana Ukraynada hərbi quruculuq niyə bu gündəymiş? Bəlkə Ukraynanı idarə edən Moskva əlaltıları tərəfindən bu məqsədyönlü bir sabotajın nəticəsi idi, indi-indi üzə çıxırdı? Nə bilmək olur.
Çox mürəkkəb proseslər gedir dörd yanımızda, dostlar. Kliçko kimilər rinqdə kimisə, lap elə rus boksçunu nokaut edə bilərlər, lakin oğul ona deyirəm siyasət meydanında və savaş meydanında qalib gəlsin. Burada iş iki əlcək, qolun qüvvəsi və fiziki zirəklik ilə bitmir, dünya bina olandan bu rinq — siyasət rinqi də, savaş meydanı da — çoxqatlıdır, ondan baş çıxarmaq və masanı, yaxud savaş çölünü uduzmadan tərk etmək asan iş olmasın gərək.
Əsa ilə yeriyən Yuliya xanım yenə prezident olmaq istəyir. Xatırlayırıqsa, o uğursuz seçkidə siyasi hikkəsi güclü idi, bir ideyanı bölüşdüyü Yuşşenkoya rəqib oldu, səsləri böldü. Ayı və aslan dovşanı bölmək üçün didişib bir-birini əldən salanda, Yanukoviç ovu (hakimiyyəti) götürüb aradan çıxdı. Onun «kimliyi» bu son qaçışından sonra bütün təfsilatı ilə bilindi. Ordu bərbad gündə, xəzinə boş, iqtisadiyyat böyrü üstə… Kim nə deyə bilər, missiyasını əla yerinə yetirmişdi. Siyasət buna deyərlər. Siyasətçi onu Olimpin zirvəsinə çatdıran və işləri bu istiqamətə yönəldən idi. Təbii ki, ona Moskva yaxınlığında və ya elə işğalına əla şərait yaratdığı Krımda bir villa düşür. Rusiya banklarındakı gizli (lap elə açıq) hesablarda pulları olmamış deyil, əlbəttə.
Fikir verdinizmi, dünya Krımın Ukrayna üçün itirilməsi ilə üstüörtülü olsa da, razılaşır, Putini bu yağlı tikə ilə kifayətlənməyə nə yollasa məcbur etmək istəyir. 1938-ci ildə Hitler Avstriyanın anşlyüsü ilə kifayətləndisə… Faktik olaraq Batı dünyası Krımın əldən getməsinə razılaşmaqla, Ukraynanı qazanmış olur. Bu da bir alverdir. Artıq Ukrayna göylərini NATO uçaqları qoruyur…
İşğalçı, ilhaqçı böyük və güclüdürsə, ona baş əymək düzgündürmü? Bəlkə balaca, əhalisi azsaylı və imkansız bir ölkə üçün bunu anlamaq olardı. Fəqət Ukrayna… Dünya silah bazarında öz yeri olan, Köhnə Dünyanın ərazicə, əhalicə, hərbi təchizatca güclü bir ölkəsi işğalın qarşısında əlini tərpətmədi, dilinə güc verdi.
Bəs bundan sonrası necə olacaq? Deyəsən tarix təkrarlanır — 1938-39-cu illərin prosesini — İkinci Cahan hərbinin ərəfəsini yaşayırıq. Hadisələr də, böyük dövlətlərin davranışları da yamanca bənzərdir, tarixi paralellərdən tanışdır. Bu sətirləri yazdığım dəqiqələrdə ruslar Rostov istiqamətində qoşun və texnika cəmləşdirməkdə idilər. Xəzərdə dənizdən sahilə desant çıxarmaq əməliyyatını məşq edirlər. Ukrayna desantının isə Xersonda rusların bir hərbi naviqasiya stansiyasını nəzarətə götürdükləri xəbəri gəldi.
Ukrayna əsgəri özünə gəlib zorakılığa nəhayət adekvat cavab verəcəkmi? — bizi bu saat ən çox düşündürən budur, və kim olursa-olsun, hansı dövlət olursa-olsun zorakılığına adekvat cavab verilməlidir. Uluslararası hüququn deyil, cəngəllik qanunlarının, güclülərin qanunlarının hökm sürdüyü bir planetdə yaşayırıqsa, tarazlıq təmin olunsun deyə bu vacibdir. Deyilmi?
[email protected]