Cəbhə xəttində əcaib hadisə: əli silahlı erməni rahatca bizim kəndə gəlib…
Bu gün Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşı saxlanılıb. Özlüyündə son dərəcə müəmmalı, cəbhə xətti üçün əcaib hadisədir: əli silahlı erməni rahatca biz tərəfə keçir və əlini -qolunu sallayıb kəndə gəlib girir və bunu bizim əsgərlə görmür. Özü də hər ozy atəşkəsin pozulduğu, atışmaların baş verdiyi bir kəndin həndəvərində baş verir bu əcaib hadisə… Güclə ayaqüstə duran qosqoca bir adam… Təsəvvür edirsinizmi?
Yaxşı, bizim ön xətdəki əsgərlər hara baxırlarmış? Onlar ümumiyyətlə əraziyə nəzarət edirlərmi? Bu sualı Müdafiə nazirimizə ünvanlayaq.
Müdafiə Nazirliyinin mətbuat xidməti isə iddia edir ki, Tovuz rayonunda ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür (?!). Nazirlikdən həmin şəxsin tutularkən silahlı olduğu da bildirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, bu gün günorta saatlarında təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə Trend-ə bildirib ki, bu barədə onlara hələlik rəsmi məlumat daxil olmayıb. Yəni BQXK-ya nə dövlət tərəfindən, nə də saxlanılan şəxsin yaxınları tərəfindən heç bir müraciət edilməyib.
Cəbhə xəttində gərgin vəziyyət davam edir. Müxtəlif istiqamətlərdə sutka ərzində atəşkəs rejimi ümumilikdə 196 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Qaraqaşlı, Şıxlar, Cəvahirli, Sarıcalı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmənin cavab atəşi ilə susdurulduğu bildirilir.