Muəllif:

Canavar tələsi

Sizi bilmirəm, mənə görə, tələyə düşmüşük. Bütün tələ növləri — canavar üçün olan irisi, möhkəmi və ya balaca siçan tələsi olsun — hamısı tələdir. Əsas mahiyyətdir, məqsəddir, niyyətdir, lap elə ovçu şövqüdür — nə fərqi varmış, tələ tələdir və elə-belə qurulmur. Özü də məsələ bundadır ki, ilişən qurtula bilmir və ya çətin qurtulur. Şans — mində bir. Ona düşən canlı üçün, istər heyvan olsun, istər insan, ya da ölkə — bu, bir ölüm-qalım məsələsinə çevrilir.
Tələni quranın niyyəti və ya şövqü özünə qalsın — çalış düşmə!
Bizim düşdüyümüz bu tələ görünməzdir. O dərəcədə görünməzdir və o dərəcədə ustalıqla qurulub ki, sayımız doqquz milyon yarımdır, hamımız tələdəyik, fəqət bunu fərq edənlərimiz çox azdır. Hər halda indilikdə bunu mən belə görürəm. Lakin hamı bunu bir gün görəcək. Bax onda…
Bilənlər bilir, beynəlxalq siyasətin praktik üsullarından biri — bizim kimi məhdud manevr imkanlı ölkələrin iç işlərinə qarışmaq, onun həyatını nəzarətə almaq, özündən asılı saxlamaq, öz yaxın və ya uzaq mənzilli niyyətlərini gerçəkləşdirə bilmək üçün ən bəsit fənd «çoxtərəfli komissiyalar» qurmaq, onlara səlahiyyətlər almaq və sairdir. Bu misilsiz bir alətdir və ondan tələ kimi də istifadə olunur. Uzağa niyə gedək — milli tariximizdə buna örnək də var 1946-cı ildə Güneydə Milli Hökuməti bu alətin köməyi ilə yıxdılar. Bizim günlərdə ATƏT-in nəzdindəki «Minsk qrupu» deyilən — bu siyasi tələnin ən gözəl timsalıdır.
Bir vaxt necə oldu bu tələyə düşdük, yaxud bizi itələyib «şapp!» ilişdirdilər — önəmli deyil, fakt budur ki, iyirmi ilə yaxındır bu qrupun əlində qalmışıq və bizi saldıqları tələnin böyür-başını bərkitməkdən, onu davamlı və dayanıqlı etməkdən ötrü bütün mümkün vasitələrdən istifadə etdilər və edirlər. Gözümüz görəsi etdilər bunu, üzümüzə gülə-gülə, məqsədlərini addım-addım həyata keçirərək etdilər. Gənc dövlət olduğumuzdan siyasətin bu dolanbaclarını hələ dərindən mənimsəməmiş olan biz idealist azərbaycanlılara ağır gələn də budur. Onlar üçün hər şeyi etdik, bizim torpaqlarda iqtisadi və siyasi mənfəətlərin təmin olunmasına yollar açdıq, onlarsa…
Heç dəyişməyiblərmiş, Sevrdə necə idilərsə, elə də qalıblar.
Təsəvvür edin, əgər xatırlayırıqsa (unutqanlarımıza deyirəm), Qarabağda atəşkəsin iyirmi ili tamam olur, üçüncü onilliyə başlayırıq. Və işğal və işğalçı varkən bütün bu müddət ərzində aparılan danışıqlarda bir addım da irəliləyiş olmayıb. Və utanmadan çıxış yolunu özlərinin təmsil etdiyi böyük dövlətlərin işləyib-hazırladığı həmin o beynəlxalq hüquqda deyil, prezidentlərin (bir qayda olaraq bu, cəm halda ifadə edilir) siyasi iradəsində görürlər. Deyirlər ki, bir masa arxasında əyləşib razılığa gəlsinlər.
Bunun nə qədər xəbis bir ifadə olduğunu xırdalamağa ehtiyac görmürəm. Onu deyənin bircə ağzının üstünün ayaqqabısı çatmır. Kimliyinə baxmadan soyunub vızıldadasan. Heyf ki, bura Azərbaycandır, İraq deyil.
Nə isə, düşdüyümüz bu tələdən danışaq. Deyə bilərik ki, qurulmuş bu tələnin psixoloji effekti artıq öz barını verir. Bir vaxt bu tələni qurmuş olan uzaqgörən və təcrübəli ovçular əllərini əllərinə sürtə bilərlər (bəlkə də sürtürlər). Toplumda bu boyda itkiyə qarşı bir laqeydlik dərin kök atıb. Bunu görmək, duymaq çətin deyil. Baxın, artıq Bakıda bu mövzu yerli siyasi icmalçıların çoxunu usandırmış kimidir. Görməyə bilmirik ki, mövzuya könülsüz, candərdi toxunurlar. İstər qəzet olsun, istər TV. Söz deməli olan rəsmilər də bu mövzuya dair sual verilməyəndə canlanırlar sanki. Parlamentdə daha «vacib» mövzular var. Toplum üçün, yurdlarını itirmiş insanlar üçün də bu mövzu, deyəsən, daha aktual deyil. Məcburi köçkün kateqoriyasına aid etdiyimiz vətəndaşı, sosial müdafiə məmurlarının açıqlamalarına isnad etsək, daha bir mənzil almaq maraqlandırır və bu yolda hər formada saxtakarlığa getməyə, hətta özlərini yandırmağa hazırdırlar. Onları itirdikləri ata yurdları sanki daha maraqlandırmır.
Ümid yeri bildiyimiz hərbi sistemdən topluma qaşıq-qaşıq kadr dəyişikliyi informasiyaları yedirilir ki, ürəyini, beynini məşğul edən informasiya aclığını birtəhər söndürsün.
«Vasitəçi»lərin növbəti gəlişi, növbəti gedişimi? Bu informasiyalar da diqqəti ötən illərdəki kimi çəkmir daha.
Aha, onlara daha nə lazımdır? Məqamını gözləmək… Qalır bircə günün birində desinlər, «azərbaycanlı dostlar, olan oldu, keçən keçdi, məcburi köçkünləri yerləşdiribsiniz, evsiz deyillər, verin, canınızı qurtarın…»
Bilirsinizmi, mən iyirmi il öncə bizə qurulan və bizim könüllü və ya könülsüz olaraq düşdüyümüz bu «Minsk qrupu» tələsi memarlarının davranışında nəyi görürəm? Sevr xəyallarını… Deyəsən bizim bu «dostlarımız» və ya «strateji tərəfdaşlarımız» ermənilərə o vaxt Çörçillin öz xidməti maşınının arxa oturacağında «ayırdığı», lakin bəxş edə bilmədiyi əraziləri indi bizim torpaqlar hesabına kompensasiya etmək fikrindədirlər. «Qrup»dakıların və kənardan başını tərpədənlərin bu işğalçıya ödəmədikləri mükafatlar var. Zarafat deyil, azı üç yüz ildir, erməninin öndə gələnləri İrandan, Osmanlıdan — Rusiyaya, Britaniyaya, okeanın o tayına, Fransaya, Almaniyaya, rusdan qərbə, ingilisdən almana, fransızdan rusa, rusdan fransıza informasiya ötürür, casusluq edir, xidmət göstərirlər. Müqabilində onlara nə qədər vədlər verilib, bunları qismən də olsa yerinə yetirmək gərəkdir, ya yox?..
Amma bir şey var — canavar təbiəti. Bunu hər kəs bilsə, yaxşıdır. Əbəs yerə onun adına canavar deyilmir ki. Ağıllı və cəsur heyvandır, oyunları poza bilir. Xilas olmaq üçün bəzən tələyə düşən ayağını gəmirib qoparır və axsaya-axsaya olsa da, öz canavar yoluna davam edir…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 934