Muəllif:

Bu Maydan, bu da şeytan

İndi Ukraynada baş verənlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Orada ölüm-dirim mübarizəsi gedir. Millət seçimini edir. Və bu seçimi Rusiyadan qurtulmaq yolunda görür. Qəribədir, deyilmi?
Əslində isə söhbət bolşeviklərdən və bolşevik üsul-idarəsindən qurtulmaqdan gedir, yəni iqtisadiyyatın sovet modelinin 1991-ci ildə SSRİ-nin süqutuna gətirdiyini hələ də anlamayanlardan yaxa qurtarmaqdan. Ukraynada baş verənlərin kökünü hakimiyyət davasında görənlər, zənnimcə, iqtisadi məqama diqqət yetirsələr, yanlış düşündüklərinin fərqində olar və görərlər ki, insanların Qərbə meyil etmələri siyasidən daha çox, iqtisadi məqamlardan irəli gəlir. Mənə etiraz edə bilərlər ki, Qərbin özü neçə ildir ki, iqtisadi böhran yaşayır, bu da elə Qərb deyib durur. Düzdür, hal-hazırda Qərbdə iqtisadi böhran mövcuddur, amma onların böhranı bizim çiçəklənməyimizdən xeyli gözəl qoxuyur, çünki iqtisadi bünövrə və iqtisadiyyatı hərəkətə gətirən təməl mexanizmlər düzgündür. Sadəcə olaraq, insanlar işçidən, yaradan məxluqdan çox, istehlakçıya çevriləndə müəyyən mərhələdə böhran yaranır və yalnız bu məqamlarda «papağı qabağına qoyub düşünmək» zamanının gəldiyini anlayır. Və bünövrə sağlam olduğundan çətin vəziyyətdən gec-tez çıxılır. Böhrandansa heç kim sığortalanmayıb.
Ukrayna iqtisadiyyatı isə çökmüş vəziyyətdədir. Ölkə onun-bunun ümidinə qalıb. Belə təəssürat yaranır ki, kim çox pul versə, ölkə də ona tərəf meyil edəcək. Amma Maydan göstərir ki, insanlar özgə havasına dınqıra süzməkdən bezib, yəni Qərb iqtisadi modelinin daha sağlam olduğunun fərqindədirlər. Ona görə də, MDB, yaxud Gömrük İttifaqının adı gələndə bunun SSRİ-nin bərpasına yönəlmiş tələdən, özü də içiboş, heç tələ yemi belə olmayan fırıldaqdan başqa bir şey olmadığını gözəl anlayırlar. Anladıqdan və seçim edildikdən sonra isə kütlə ictimai fəal topluma və nəticədə millətə çevrilir. Bunu Maydan camaatının əzmi də, güllədən belə qorxmaması da, keşişlərin həlak olanların elə Maydandaca, güllə altında dualarını oxuması da, Ukrayna idmançılarının Soçi Olimpiadasındakı çıxışlarını dayandırması da, Eurovision qalibi Ruslananın az qala gecə-gündüz millətinin içində olması da və daha nələr sübut edir…
Bizdə isə şəhərağası deyir ki, ölkədə kişi yoxdur…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 357