Muəllif:

Bu gedişlə hara gedirik…

Bu həftə bir ağsaqqal və ziyalı alimlə dərdləşirdik. Ordan-burdan, elmdən, təhsildən, gənclərdən, keçmişdən və nəhayət, bu günümüzdən söhbət etdik və sonunda ağsaqqal zamanlardır insanların verdiyi bir sualı verdi: «Bu gedişlə axı biz hara gedirik və axırımız nə olacaq?» Əslində, özü də sualın ritorikliyinin fərqindəydi, amma…
Yəqin ki, hər birimizi, yaxud da tanıdıqlarımızı nə vaxtsa yol polisi küçə hərəkəti qaydalarını pozduğumuza görə saxlayıb. Bunun nə qədər haqlı və ya haqsız olduğundan danışmaq fikrində deyiləm. Bu, tamam başqa bir məqamdır. Amma onu deməliyəm ki, məni də dəfələrlə haqlı da, haqsız da saxlayıblar. Bu yaxınlarda da belə oldu. Maşınımı saxlatdırdılar və iki gənc polis nəfəri dünya qədər qocaman «pis və nisbətən pis» oyununa başladı. Deyim ki, böyük səhnə onlar kimilərsiz «yetim» qalıb. Təxminən 30 ildir ki, sürücülük təcrübəm var. Müxtəlif vəziyyətlərdə olmuşam, yəni 30 il ərzində o qədər belə polis görmüşəm ki…
Amma bu xına o xınadan deyildi. Təxminən 1995-ci ildə sürdüyüm maşını saxlatdıranda (onu da deyim ki, haqqına saxlamışdılar) müfəttiş sənədlərimə, danışığıma baxdıqdan sonra gözü arxa oturacaqdakı kitablara sataşdı. Atam İsmayıl Şıxlının son romanı «Ölən dünyam»ın nüsxələri idi, təzəcə çıxmışdı çapdan. Nə kitablar olduğunu soruşdu, mən də göstərdim. Sənədlərimi yoxladığından soyadımı, təbii ki, bilirdi. Kitabın bir o üzünə baxdı, bir bu üzünə və mənə şərt qoydu. Dedi ki, kitabın üstünü yazıb mənə bağışlasan, mən də sənin səhvini bağışlayacam. Sevincək kitabın üstünü yazıb ona bağışladım, o da kişi kimi sözünün üstündə durub məni bağışladı…
Təxminən elə o illərdəcə buna bənzər daha bir hadisə olmuşdu. Bakı üçün nadir olan qar yağmışdı. Gecəyarı olardı. Buzovnadan ailəvi dost olduğumuz yoldaşlarımızdan birinin ad günündən qayıdırdıq. Yol sürüşkən olduğundan hətta təkərlərin havasını da bir qədər boşaltmışdım və maşını olduqca səliqəli sürməyə çalışırdım. Müfəttiş bəlkə də elə buna görə məndən şübhələnmişdi. Bir sözlə, kor-peşman maşını saxladım və şüşəni azca endirib gözləməyə başladım. O isə mən tərəfdən maşına yaxınlaşar-yaxınlaşmaz yoldaşımın yanımda əyləşdiyini görüb bircə kəlmə: «Get, əmioğlu, ailənləsən, yaxşı yol. Amma ehtiyatlı ol, yol sürüşkəndir», — dedi.
Bu dəfəkilərsə, görünür, nə kitab oxuyurlarmış, nə də qəzet. Heç Buzovnadakı polis kimi mərifətləri də yoxmuş, çünki yoldaşım yanımda əyləşmişdi. Sənədlərimi bir xeyli təhqiq etdikdən sonra isə ilk sual bu oldu ki, «əmi, maşın öz adınadır?». Deyim ki, maşın öz adımadır. Əlqərəz nəticədə mənim içkili olub-olmamağım ətrafında tamaşa başladı. Nəfəsimi onlara verməkdən imtina edib deyəndə ki, ayıbdır, kişi kişinin nəfəsini iyləməz, bunun üçün xüsusi cihazınız olmalıdır, verin, ürəyiniz istədiyi qədər ora üfürüm, dedilər ki, cihaz yoxdur, sən də nəfəsini iyləməyə qoymursan, hərçənd, bu, bizim üçün məqbuldur, onda səni aparırıq həkim yoxlamasına. Dedim ki, yaxşı, düşün qabağa, mən də arxanızca gəlim. Razı olmadılar ki, yox, sən içkilisən, ona görə də bizimlə gedəcəksən. Sadəlövhcəsinə dedim ki, bəs yoldaşım nolsun? Cavabları nə olsa, yaxşıdır? O da bizim anamız, onu da apararıq. Bir sözlə, nə qəzet tanıdılar, nə kitab, nə soyad, nə də dədə-babadan qalmış mentalitetə xitablarım onları yumşaltdı…
Problemi çağdaş milli mentalitetimizə uyğun olaraq həll etdik…
Ağsaqqal həmsöhbətimin sualına bunu danışmaqla cavab verdim. Kişi bir xeyli dinmədi, sonra da çətinliklə, ağır-ağır oturduğu yerdən qalxdı, dərindən köks ötürüb sağollaşdı. Getməzdən əvvəl ayaq saxlayıb dedi: «Özündən muğayat ol, a bala!»
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 395