Bu evdə «kollektiv» ibadətə yığışırdılar, polis gəlib hamısını yığıb aparıb…
Bakıda polis vəhhabi təriqətinin üzvü olduğu iddia olunan dindarlara qarşı əməliyyat keçirib. Binəqədi polisindən bildirilib ki, polisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndi, C. Cabbarlı küçəsi döngə 2, ev 7 B ünvanında radikal dini yönümlü şəxslərin toplaşması barədə məlumat daxil olub. Bu məlumat əsasında polis o ünvanda əməliyyat keçirərək 11 nəfəri saxlayıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlar 500 manatdan 1500 manatadək cərimələniblər.
APA polisin əməliyyat keçirdiyi evin sahibi, 1964-cü il doğumlu Arif Məmmədovu taparaq ondan məsələyə münasibət öyrənib. Məmmədov bildirib ki, onlar 10 ilə yaxındır ki, yaşadığı evdə ibadətlə məşğul olurlar:
““Əbu Bəkr” məscidi bağlanandan sonra mən öz evimin qapısını ibadət edən şəxslərin üzünə açdım. O gündən bəri dindarlar mənim evimdə toplaşaraq ibadətlə məşğul olublar. Bu günə qədər heç bir problemimiz olmayıb və bizə heç kim xəbərdarlıq da etməyib. İki gün əvvəl polis gələrək ibadət edənlərin hamısını apardı. Mən də daxil olmaqla doqquz nəfər 1500 manat, bir nəfər 1600 manat, bir nəfər isə 500 manat cərimələdilər. Daha bir nəfərə isə xəbərdarlıq edilib”.