Muəllif:

Bu ağıl ki, bizdə var…

Dekabrın 24-də KİV-ə dəstək fondu şəhərimizin artıq simvoluna çevrilməkdə olan çoxsaylı şadlıq saraylarından birində jurnalistlər üçün süfrə açmışdı. Həm bayramqabağı təbriklər vardı həmin gün, həm jurnalist müsabiqəsinin qaliblərinin adı bilindi, həm də həmkarlarımızın Mətbuat günündən bəri gözlədikləri mənzillərinin açar və sənədləri təqdim olundu. Bir sözlə, hamı ordaydı, hamının da kefi kök idi. Bircə dostumuz Arif Əliyevin gülməyə heç halı yoxdu — atası ölüm ayağındaydı…
Uzun sözün qısası, masamızdakı həmkarlarımızdan biri nə vaxtdır həsrətində olduğu mənzilin açarını alıb geri döndüyündə hamılıqla onu təbrik edib xeyli xoş sözlər söylədik. Təşəkkür edib söylədi ki, gün o gün olsun ki, o da bizi eyni münasibətlə uğurlasın. Dostum Qulu Məhərrəmli də eləmə tənbəllik gülə-gülə dedi ki, bizdə ki, bu ağıl var, çətin belə bir şey olsun. Uğunub getdik gülməkdən…
Amma anladığım qədər hərə özü üçün və özünə gülürdü. Şəxsən mən Qulunun sarkazmına, hələ də yumor hissini itirmədiyinə və özümə gülürdüm, o da bütün bunlarla yanaşı, görünür onun zarafatını hələ də anlaya bilənlərin mövcudluğuna sevinirdi. Amma ən dəhşətlisi o idi ki, hamı söhbətin nədən getdiyini gözəl anlayırdı. Bəlkə də bəziləri bizim elə doğrudan da ağılsız olduğumuza gülür, öz aləmlərində düşünürdülər ki, belə axmaqlar olmasaydı, onların qılıncının dalı da, qabağı da kəsməyəcəkdi. Əslində isə, Qulu bizi güldürmək yox, düşündürmək istəyirdi. Demək istəyirdi ki, gülmək yox, ağlamaq lazımdır. Həyat prinsiplərini, abrını və illərdir qazandığı hörməti itirmək istəməyənlərə artıq gülürlər. İnsanların gözünə dik baxıb sözünü deyənlərə ağılsız kimi baxırlar.
Dünən gecə özünə od vuran Qarabağ qazisi xəstəxanada keçindi. 20 il əvvəl düşmən gülləsi onu öldürə bilməmişdi, bu günsə onu özününkülər öldürdü. Onun haqqını yedilər, o da özünü içindən yedi, çünki balalarının gözünün içinə dik baxa bilmirdi, onların qarnını doyuzdura bilmirdi. Balaları isə onu, atalarını, bütün uşaqlar kimi dünyanın ən güclü və bacarıqlı məxluqu bilirdilər, bilirdilər ki, onlar üçün hər şeyə gedər. O da balalarını sındırmadı, onlar üçün ölümə getdi. Onun son məqamda nə düşündüyünü yalnız təxmin etmək olar. Maraqlıdır, görəsən, nəyə daha çox heyfsilənirmiş — Qarabağda döyüşdüyünəmi, yoxsa özünə od vurduğunamı?
Amma qohumları, deyəsən, ağıllanıb. Məsələni siyasiləşdirməməyi tələb edirlər…
Dünənsə daha bir kişi, ailə başçısı «belə həyatdan bezmişəm» deyib özünə od vurub. Bu gün ertədən də bir qadın redaksiyaya zəng vurub özünü yandıracağı ilə hədələyib…
Hələ ki, camaat özünə od vurur, amma haşa o gündən ki, kimsə belinə şəhid qurşağı taxa…
Amma bu ağıl ki, bizdə var, nə desən ola bilər.
Hərçənd, düşünürəm ki, olmayan papağımızı qarşımıza qoyub düşünmək vaxtıdır.
Amma bu ağıl ki, bizdə var…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1053