Bu 27 yaşlı qız nişanlısına da 13 min manat «atıb»
İş adamına qarşı dələduzluq etməkdə günahkar bilinən kosmetoloq, 27 yaşlı Nuranə Ağayevanın məhkəməsi başlayıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttihama görə, Nuranə Ağayeva Bakıda gözəllik salonuna müalicə məqsədilə aparatlar gətirmək adı ilə iş adamı Şərafət Muradovu aldadıb. O, həmin aparatları gətirmək vədi ilə iş adamından 48 min manat alıb. Lakin vədinə əməl etməyərək Şərafət Muradovun pulunu mənimsəyib. Bundan əlavə, 27 yaşlı qız öz nişanlısı Babək adlı şəxsi aldadıb və onun 13 min manatını mənimsəyib.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə Nuranə Ağayeva ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, heç kimi aldatmaq fikri olmayıb. Şərafət Muradov deyib ki, Nuranə Ağayevanı arvadı Fəridə və qızının vasitəsilə tanıyıb. Onun sözlərinə görə, Nuranə ilə gözəllik salonuna müalicə üçün lazım olan aparatların gətirilməsi ilə bağlı danışıqları olub: “Üzün plazma vasitəsilə müalicə olunması üçün aparatın alınması üçün 8 min manat istədi. Həmin pulun çox olduğunu dedim. Nuranə pulu hissə-hissə ödəməyin də mümkün olduğunu bildirdi. Buna görə də onunla razılaşdım”.
Zərərçəkmişin sözlərinə görə, Nuranə Ağayeva daha sonra başqa aparatların da alınmasını təklif edib. O, deyib ki, həmin aparatların alınması üçün hissə-hissə pul ödəyib. Zərərçəkmiş Nuranə Ağayevaya ümumilikdə 48 min manat ödədiyini əlavə edib: “Bir gün salona gəldim və aparatları soruşdum. Nuranə aparatların alındığını dedi. Ondan aparatların istifadə olunmasını istədim. O, aparatların bahalı olduğunu və onların istifadə edilməsi üçün mütəxəssislərin lazım olduğunu dedi. Sonra yenə də aparatlarla maraqlandım. Gördüm ki, aparatlar alınmayıb. Nuranədən aparatların harada olduğunu soruşdum. Dedi ki, aparatları almaq üçün pulu bir qadına verib. Həmin qadının harada olması ilə maraqlandım. Nuranə qadının 28 Mayda kirayə qaldığını, hazırda qadının aradan çıxdığını bildirdi. Ona dedim ki, tanımadığın kirayədə qalan qadına bu qədər pul vermək olar? Ona bir gün vaxt verdim və düz danışmağı məsləhət bildim. Nuranə səhəri yanıma gəldi və pulları sələmə pul götürdüyünü və məndən aldıqları pulları həmin sələmə götürdüyü pulun faizini qaytardığını dedi. Onunla birlikdə Respublika Prokurorluğunda işləyən sinif yoldaşımın yanına getdim. Orada söhbətdən sonra sinif yoldaşım mənə dedi ki, bu qız düz danışmır, onun barəsində şikayət et. Prokurorluqdan çıxandan sonra Nuranəyə atası ilə danışmaq istədiyimi dedim. Nuranə dedi ki, bu barədə atama bir söz demə, o, belə bir işə düşdüyümü bilsə, məni öldürəcək”.
Şərafət Muradov əlavə edib ki, fevralın 13-də Nuranə Ağayevanın anası onun yanına gəlib: “Nuranəni anası mənə 20 min manat pul verib. Həmin pulu götürmüşəm. Amma 28 min manatı da ödəməlidir. Pulum tam ödəniləndən sonra şikayətçi olan deyiləm”.
Zərərçəkmiş şəxs daha sonra qeyd edib ki, Nuranə Ağayeva öz nişanlısına da pul atıb: “Nuranə həbs olunandan bir neçə gün sonra bir nəfər mənə zəng etdi. Həmin vaxt Elnurla birlikdə idik. Həmin şəxs özünü Nuranənin xalası oğlu kimi təqdim etdi və mənimlə görüşmək istədiyini dedi. Mən də onunla görüşməyə razı oldum. Biz Neftçilər metrosunun yaxınlığında görüşdük. Görüşəndə həmin şəxs Nuranənin xalası oğlu olmadığını, nişanlısı olduğunu dedi. Bizə bildirdi ki, Nuranə onun da başına oyun açıb. Gözəllik salonu açmaq adı ilə 13 min manatını mənimsəyib”.
Şərafət Muradovun sözlərinə görə, Nuranə ondan zorla pul almayıb. O, deyib ki, Nuranənin vədləri yalan olduğu üçün şikayət edib: “Burada uğursuz kommersiyadan söhbət gedə bilməz. Çünki Nuranə Ağayeva iş görmək istəməyib. Onun məqsədi dələduzluq etmək olub. Onun haqqında çox şey bilirəm. Amma burada danışmıram. Çünki danışsam, anası, atası çox şeylər eşidəcək”.
Şərafət Muradovun dostları Həsənağa Abdinov və Elnur İsayev ifadə veriblər. Onlar Nuranə Ağayevanın iş adamına qarşı dələduzluq etməsinin şahidi olduqlarını deyiblər. Daha sonra ifadə verməsi üçün Nuranə Ağayevanın atası İnşallah Ağayev məhkəmə zalına dəvət edilib. Hakimlər ona yaxın qohumuna qarşı ifadə verməmək hüququnun olması izah edilib. Buna görə də ata qızın cinayət işində ifadə verməkdən imtina edib. Məhkəmə fevralın 21-də davam edəcək.