Muəllif:

Britaniyalı heykəltəraş Toni Kreqq Bakıya təqdim olundu

Çağdaş gözəl sənətin ünlü təmsilçilərindən biri, dünya şöhrətli britaniyalı heykəltəraş Toni Kreqq Bakıya təqdim olundu. Heydər Əliyev Mərkəzində açılan fərdi sərgisinə çox adam  qatılmışdı.

Açılış törənində mlkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov,  ictimaiyyətin təmsilçiləri, mədəniyyət və incəsənət isimləri, diplomatik korpusun təmsilşiləri burada olublar.

Toni Kreqq bu sərgiyə dəstək olan hər kəsə minnətdarlığını ifadə edib:

«İlk olaraq sərginin keçirilməsində göstərdiyi dəstəyə və dəvətə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və sərginin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova və Mərkəzin kollektivinə də təşəkkür edirəm. Düşünürəm ki, bu sərgi çox maraqlı olacaq. Sərgidə Avropanın bir sıra qalereyalarında nümayiş etdirilən əsərlərlə tanış olacaqsınız».

Heykəltəraş yeniyetmə yaşlarından incəsənət sahəsinə marağı olduğunu bildirib, lakin atasının onun bu istəyinə qarşı çıxdığını deyib:

«Kənardan baxan şəxslərə bu sahə darıxdırıcı gələ bilər, lakin düşünrəm ki, bu belə deyil. Heykəltəraşlığı digər sahələrdən seçən və ayıran məqam ondan ibarətdir ki, burada məhz yaradıcı, qeyri-adi proseslər və obyektlər yaratmaq lazımdır. Heykəltəraşlıq ən dinamik inkişaf edən mədəniyyət sahələrindən biridir”.

Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş Ömər Eldarov çıxışında deyib: «Bildiyimə görə, bu gün Toni Kreqqin 65 yaşı tamam olur. Məncə, hər şey irəlidədir, ümid edirəm ki, biz onun yeni gözəl əsərlərini təkcə sərgilərdə deyil, bizim şəhərdə də görəcəyik». Ömər Eldarov Toni Kreqə Azərbaycan Rəssamlıq Akademiyasının fəxri professor diplomu və mantiyasını təqdim edib.

Bakıda ilk dəfə təşkil olunan sərgidə müəllifin 28 möhtəşəm əsəri nümayiş olunur. T.Kreqq sərginin tərtibatında özü bilavasitə iştirak edib. Sərgi Heydər Əliyev Mərkəzində xüsusi kompozisiyada təqdim olunur. Mərkəzin parkında, eləcə də foyedə müəllifin bir neçə əsəri izləyiciləri sərgiyə doğru istiqamətləndirir.

Qeyd edək ki, Toni Kreqqin yaradıcılığına həsr olunan sərginin kataloqu da hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kataloqda oxuculara müraciətində deyir: «Geniş auditoriyaya dünya incəsənət incilərinin təqdim edildiyi, müntəzəm olaraq sərgilərin keçirildiyi unikal və gözəl binada — Heydər Əliyev Mərkəzində bu dəfə müasir incəsənətin ən xarizmatik və nüfuzlu simalarından olan tanınmış heykəltəraş Toni Kreqqin əsərləri sərgilənəcəkdir. Siz valehedici və cəzbedici sənət nümunələrinin — polad, şüşə, keramika, plastik, ağacdan hazırlanmış və qarışıq kompozisiyalarda müxtəlif formalı heykəltəraşlıq əsərlərinin əhatəsində olacaqsınız. Əminəm ki, müasir incəsənətin heyranedici mühiti hər birinizin yaddaşına   unudulmaz təəssüratlarla həkk olunacaqdır».

Nəşrdə, Kreqq yaradıcılığı haqqında bilgi verilir, onun yaradıcılıq örnəkləri — müxtəlif materiallardan olan əsərləri təqdim olunur.

İzləyicilər üçün aprelin 10-dan açıq olacaq sərgi avqustun 31-dək davam edəcək.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 231